Məhkəmə qərarları › İş №2(020)-836/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-836/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-836/2024 02.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9000 manat borclu qaldığı pulun və dövlət rüsumu kimi ödədiyi 110 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəmə iclasında izahat verən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, o, Beyləqan rayonunda yaşayır, tanıdığı və münasibətdə olduğu Cavabdeh 47 baş xırda buynuzlu heyvanlar satmışdır. Həmin heyvanların dəyəri olan 16400 manatın 7400 manatını cavabdeh ona ödəmiş və 9000 manat borcu isə tezliklə ödəyəcəyinə söz vermişdir. Bu barədə cavabdehdən qəbz almış, cavabdeh qəbzi imzası ilə tədsiq etmişdir. Cavabdeh verdiyi qəbz də 9000 manat borcunu tez bir zamanda ona qaytarmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh indiyə kimi borcunu ödəməmişdir. Odur ki, Cavabdeh 9000 manat borclu qaldığı pulun və dövlət rüsumu kimi ödədiyi 110 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etdi və göstərdi ki, həqiqətən də iddiaçıdan 16400 manat dəyərində 47 baş qoyun heyvanı almışdır. O, aldığı heyvanın pulundan 7400 manatını ödəmiş, iddiaçıya 9000 manat borcu qalmışdır. İddiaçıdan aldığı həmin heyvanları Bakı şəhərində yaşayan Ramin adlı bir tanışına satmışdır. Həmin tanışı da heyvanların pulunu ona vermədiyindən o, iddiaçıya olan borcunu qaytara bilməmişdir. İddiaçıya borclu olması barədə qəbz vermişdir. Həmin şəxsi, yəni Ramini məhkəməyə verib pulu almaq niyyətindədir. Ona vaxt verilərsə heyvanların pulunu alıb iidaçıya qaytaracaqdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı 2023-cü ilin dekabr ayında Cavabdeh 16400 manat dəyərində 47 baş xırda buynuzlu heyvan satmış, cavabdeh heyvanın pulundan 7400 manat vermiş, qalan 9000 manat isə yaxın günlərdə iddiaçıya ödəyəcəyinə söz vermişdir. Cavabdehdən bu barədə iddiaçıya qəbz verərək, qəbzi imzası ilə tədsiq etmişdir. İşdə olan cavabdeh tərəfindən yazılıb imzalanmış 11 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, o, İddiaçı 47 baş xırda buynuzlu heyvanı 16400 manata aldığını, 7400 manat Aynura ödədiyini, 9000 manat borclu qaldığını, həmin 9000 manat pulu yaxın zamanlarda ödəyəcəyini göstərmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı iddiası ilə bağlı 110 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında izahat verən cavabdeh iddiaçıya 9000 manat borclu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iclasında işin araşdırılmış halları ilə iddia tələbi sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 9000 (doqquz min) manat, dövlət rüsumu kimi ödədiyi 110 (yüz on) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar