Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-875/2023 12.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Beyləqan rayon məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci ildə anadan olmuş Əmmaryasir və xx.xx.2007-ci ildə anadan olmuş Qurban adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan hər ay hər uşaq üçün müəyyən edilmiş 80 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa 220 manat, cəmi 440 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə ailə quraraq, nikahlarını 2006-cı ildə rəsmləşdirmişlər. Birgə nikahlarından xx.xx.2005-ci ildə Əmmaryasir və xx.xx.2007-ci ildə Qurban adlı iki uşaqları anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Cavabdehlə ailə münasibətləri 2014-cü ildə tamamilə kəsilmişdir. Beyləqan rayon məhkəməsinin 23 yanvar 2014-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, Cavabdeh hər ay hər uşaq üçün 70 manat iki uşaq üçün ayda 140 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2005-ci ildə anadan olmuş Əmmaryasir və xx.xx.2007-ci ildə anadan olmuş Qurban adlı uşaqlarının saxlanılması üçün ona verilməsi qət edilmişdir. Beyləqan rayon məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi ilə aliment artırılaraq hər uşaq üçün 80 manat iki uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2005-ci ildə anadan olmuş Əmmaryasir və xx.xx.2007-ci ildə anadan olmuş Qurban adlı uşaqlarının saxlanılması üçün ona verilməsi qət edilmişdir. xx.xx.2005-ci ildə anadan olmuş oğlu Əmmaryasir texnikomda oxuyur. Onların normal təhsil almaları üçün maddi imkanı yoxdur. O, heç bir yerdə işləmir, uşaqlarını saxlamaqda həddindən artıq çətinlik çəkir. Cavabdehin ona ödədiyi 80 manatla hazırkı iqtisadi vəziyyətlə əlaqədar olaraq uşağlarını saxlaya bilmir. Ona görə də Beyləqan rayon məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci ildə anadan olmuş Əmmaryasir və xx.xx.2007-ci ildə anadan olmuş Qurban adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan hər ay hər uşaq üçün müəyyən edilmiş 80 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa 220 manat, cəmi 440 manat məbləğində müəyyən barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı ilə birgə nikahlarından xx.xx.2005-ci ildə Əmmaryasir və xx.xx.2007-ci ildə Qurban adlı iki uşaqları anadan olmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsində yaşayırlar. İddiaçı ilə münasibətləri pozulduğundan ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 23 yanvar 2014cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, ondan hər ay hər uşaq üçün 70 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı yenidən alimentin artırılması barədə məhkəmədə iddia qaldırmışdır. Beyləqan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün 80 manat müəyyən edilmişdir. Onun hər ay 300 manat qazancı olur. İkinci dəfə ailə qurmuş və həmin nikahdan olan bir uşağı vardır. Tələb edilən alimenti ödəməyə maddi imkanı yoxdur. Ancar hər uşağa görə 100 manat aliment ödəyə bilər. Ona görə də qanuni qərarqəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materialına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2005-ci ildə Əmmaryasir və xx.xx.2007-ci ildə Qurban adlı iki uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 23 yanvar 2014-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh hər ay hər uşaq üçün 70 manat, iki uşaq üçün ayda 140 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2005-ci ildə anadan olmuş Əmmaryasir və xx.xx.2007-ci ildə anadan olmuş Qurban adlı uşaqlarının saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Beyləqan rayonunun Yuxan Aran kəndində yaşayan Cavabdeh iki nəfər uşağın saxlanması üçün hər ay hər uşağa 70 manat sabit pul məbləğində ödədiyi alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 80 manat pul məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından xx.xx.2003-cü ildə Fatimə adlı uşaqları anadan olmuşdur. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh nikahlarından xx.xx.2005-ci ildə Əmmaryasir və xx.xx.2007-ci ildə Qurban adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 23 yanvar 2014-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasındakı nikahları pozulmuş, Cavabdeh hər ay hər uşaq üçün 70 manat, iki uşaq üçün ayda 140 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2005-ci ildə anadan olmuş Əmmaryasir və xx.xx.2007-ci ildə anadan olmuş Qurban adlı uşaqlarının saxlanılması üçün iddiaçıya verilməsi qət edilmişdir. Beyləqan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün 80 manat müəyyən edilmişdir. Hazırda uşaqlar iddiaçının yanında yaşayırlar. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaq böyüdükcə onun gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik işlərlə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən hər ay hər uşaq üçün 80 manat aliment uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşaqların mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların böyümələri ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Həmçinin hazırda cavabdeh başqa qadınla ailə qurması və həmin nikahdan da bir uşağının olması müəyyən edilmişdir. Bütün bu halları, yəni uşaqların əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi vəziyyətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2005-ci ildə anadan olan Əmmaryasir və xx.xx.2007-ci ildə anadan olan Qurban adlı uşaqların saxlanması üçün cavabdeh tərəfindən ödənilən aliment miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci ildə anadan olan Əmmaryasir və xx.xx.2007-ci ildə anadan olan Qurban adlı uşaqların saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün müəyyən edilmiş 80 manat alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 150 manat, cəmi 300 manat məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaqlar yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-875/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-875/2023
12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver