Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-895/2023 19.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 tələbatlarını nəzərə alaraq saxlanılmaları üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan bir uşaq üçün 87 (səksən yeddi) manat alimentin məbləğinin artırılaraq iki uşaq üçün hər ay 220 manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-757\2012-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2010-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay iki uşaq üçün 87 ( səksən yeddi) manat miqdarında aliment tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qət edilmişdir. Hal-hazırda uşaqlar böyüyüb və məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqlarının heç bir tələbatının ödənilməsinə yetmir. Övladlarının tələbatlarını ödəməyə imkanı çatmır, həm də maddi tələbatlarını, yol xərclərini ödəmək tək qadın olaraq ona çox çətindir. Bu səbəbdən də Beyləqan Rayon Məhkəməsinin 2(020)- 757\2012-ci il tarixli qətnaməsinə nəzərən bir uşaq üçün 87(səksən yeddi) manat olmaqla iki uşaq üçün cəmi 174 ( yüz yetmiş dörd) manat alimentin artırılaraq 440 ( dörd yüz qırx ) manata qədər artırılmasını istəyir. Oğlu Nadir xəstədir və daimi müalicəyə ehtiyacı var. Cavabdehin maddi imkanı yaxşıdır, şadlıq sarayları və mağazaları vardır. Odur ki, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 tələbatlarını nəzərə alaraq saxlanılmaları üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan hər bir uşaq üçün 87 (səksən yeddi) manat alimentin məbləğinin artırılaraq hər uşaq üçün hər ay 220 manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı ilə birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə ondan hər ay hər bir uşaq üçün 87 manat alimentin alınıb iddiaçının xeyrinə verilməsi qət edilmişdir. İkinci dəfə ailə qurmuş və həmin nikahdan olan iki uşağı vardır. Tələb edilən alimenti ödəməyə maddi imkanı yoxdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi işlərlə məşğul olur və qazancı yüksək deyildir. Hər ay 300 manat aliment ödəyə bilər. Ona görə də iddianın qəsmən təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materialına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2007-ci ildə, X4 xx.xx.2010-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə həmin tarixli qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə iki uşağın saxlanması üçün hər bir uşağa görə 87 manat sabit pul məbləğində aliment qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh nikahlarından iki uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə iki uşağın saxlanması üçün hər uşaq üçün hər ay 87 manat alimentin tutulması qət edilmişdir. Hazırda uşaqlar iddiaçının yanında yaşayırlar. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaqlar böyüdükcə onların gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik işlərlə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən hər ay hər uşaq üçün 87 manat aliment uşaqların təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşaqların mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların böyümələri ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Həmçinin hazırda cavabdeh başqa qadınla ailə qurması və həmin nikahdan da iki uşağının olması müəyyən edilmişdir. Bütün bu halları, yəni uşaqların əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi vəziyyətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci ildə anadan olan X3 və xx.xx.2010-cı ildə anadan olan X1 üçün cavabdeh tərəfindən ödənilən aliment miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli qətnaməsinə əsasən Beyləqan şəhəri, Elxan Əliyev küçəsi 48-də qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2007-ci ildə anadan olan X3 və xx.xx.2010-cı ildə anadan olan X1 üçün İmişli rayonunun Yalavac kəndində qeydiyyatda olan və yaşayan uşaqların anası İddiaçı xeyrinə qət edilən hər ay hər uşaq üçün 87 (səksən yeddi) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərərk hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh 60.80 (altmış manat səksən qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-895/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-895/2023
19.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver