Məhkəmə qərarları › İş №2(020)-898/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-898/2023

23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-898/2023 23.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2017-ci ildə anadan olan Nərmin adlı uşağın saxlanması üçün ona ödənilən 100 (bir yüz) manat alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2017-ci ildə Nərmin adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Beyləqan rayon məhkəməsinin 01 avqust 2017-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin tarixli qətnaməyə əsasən cavabdehdən xx.xx.2017-ci ildə anadan olan Nərmin adlı uşağının saxlanması üçün onun xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. Hazırda uşaq onun yanında yaşayır. Uşağını saxlamaqda çətinlik çəkir. Hazırki vəziyyətdə uşağını saxlamaq üçün cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşağın böyüməsi və məktəbə getməsi ilə bağlı onun gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşağın saxlanması üçün heç bir əlavə köməklik göstərmir. Halbu ki, cavabdeh fərdi işlərlə məşğuldur və qazancı yüksək olur. Ona görə də Beyləqan rayon məhkəməsinin 01 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2017-ci ildə anadan olan Nərmin adlı uşağın saxlanması üçün ona ödənilən 100 (bir yüz) manat alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan uşağın doğum haqqında şəhadətnaməsnin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə Nərmin adlı bir uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 01 avqust 2017-cı il tarixli, 2(020)- 1445/2017 saylı qətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş və Cavabdeh xx.xx.2017-ci ildə anadan olan Nərmin adlı bir uşağın saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb uşağın anası İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin ərazi dairəsi üzrə icra nümayəndəsinin 27 fevral 2023-cü il tarixli 99 saylı arayışından görünür ki, İddiaçı Beyləqan rayon, Əhmədli kəndində yaşamaqla heç yerdə işləmir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2017-ci ildə Nərmin adlı bir uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 01 avqust 2017-cı il tarixli, 2(020)-1445/2017 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və Cavabdeh xx.xx.2017-ci ildə anadan olmuş Nərmin adlı uşağın saxlanması üçün iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. Hazırda uşaq iddiaçının yanında yaşayır. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaq böyüdükcə onun gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşağın saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik fəhləliklə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən hər ay 100 manat aliment uşağın təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşağın mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşağın böyüməsi və məktəbə getməsi ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. İddiaçı ikinci əsas kimi cavabdehin fərdi işlərlə məşğul olması və qazancının yüksək olmasını göstərmişdir ki, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Bütün bu halları, yəni uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi vəziyyətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci ildə anadan olmuş Nərmin adlı uşağın saxlanması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləği dəyişdirilərək hər ay 200 (iki yüz ) manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 01 avqust 2017-cı il tarixli, 2(020)-1445/2017 saylı qətnaməsinə əsasən Beyləqan rayonunun Əhmədli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2017-ci ildə anadan olmuş Nərmin adlı uşağın saxlanması üçün Beyləqan rayonunun Əhmədli kəndində qeydiyyatda olan və yaşayan uşağın anası İddiaçınin xeyrinə qət edilən hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh dövlət rüsumuna görə 44 (qırx dörd) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar