Məhkəmə qərarları › İş №2(020)-914/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-914/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-914/2024 15.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “borc pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borca aldığı cəmi 4500 (dörd min beş yüz) manat məbləğində borc pulu və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh Əlis oğlunu Beyləqan rayonunda tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh 2023-cü ilin sentyabr ayında yanına gələrək ondan 2000 (iki min) manat və sonra xx.xx.2023-cü il tarixdə 2500 (iki min beş yüz) manat borc pul istəmişdir. Cavabdeh ondan borca pul alarkən öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, borca aldığı cəmi 4500 (dörd min beş yüz) manat pulu 1 aya hissə-hissə qaytaracaqdır. Bundan sonra cavabdeh ondan təkrar olaraq əlavə borca pul istədikdə o imtina edərək, ondan əvvəl aldığı pulu qaytardıqdan sonra imkanı olsa verəcəyini bildirmişdir. Lakin Cavabdeh hər dəfə müxtəlif cür bəhanələr gətirərək, ondan borca aldığı cəmi 4500 (dörd min beş yüz) manat pulu yaxın vaxtlarda qaytaracağını bildirərək, onu aldatmışdır. Cavabdeh hazırda işləyir, yüksək əmək haqqı alır və borca aldığı cəmi 4500 manat puu qaytarmağa maddi imkanı var. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X7 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən əllə yazılaraq imzalanmış qəbzdən görünür ki, “X3 X1 borc olaraq 2000 götürdüm bir aya qaytarmağa söz verirəm”. Cavabdeh tərəfindən xx.xx.20243-cü il tarixdə əllə yazılaraq imzalanmış qəbzdən görünür ki, “X3 X1 2500 manat götürdüm hissə-hissə qaytarmağa söz verirəm”. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2-ci maddəsinə əsasən, əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda 2500 manat və 2000 manat olmaqla, cəmi 4500 manat məbləğində borc pul vermiş və cavabdeh həmin pulu vaxtında iddiaçıya qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən cəmi 4500 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, iddianın verilməsi üçün ödənilmiş 65 manat məbləğində dövlət rüsumu cavabdehdən xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar