Məhkəmə qərarları › İş №2(020)-929/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-929/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-929/2025 18.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı - İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Bəhrəm oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh xx.xx.1962-ci ildə anadan olmuş Cavabdeh Bəhrəm oğlundan 1600 manat borcun və dövlət rüsumu kimi ödədiyi 138 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2019-cu ildə cavabdehə 16000 manat borc pul vermişdir. Cavabdehi əvvəlcədən tanıdığı üçün ona etibar etmişdir ki, aldığı pulu vaxtında qaytaracaqdır. Pulu cavabdehlə aralarında tərtib olunmuş qəbzə əsasən vermişdir. Cavabdeh də həmin qəbzdə ondan borc aldığını qeyd etmiş və qəbzi imzası ilə təsdiq etmişdir. Cavabdeh ondan borc almağa arvadı Sümbülə ilə gəlmişdir. Cavabdeh borcunu 6 ay müddətə qaytaracağın söz versə də, bu müddət ərzində borcunu qaytarmamışdır. Xatırlamadığı vaxt cavabdeh borcundan 1000 manat qaytarmışdır. Qalan borcunu isə ödəməmişdir. Bir neçə dəfə cavabdehdən aldığı pulu tələb etsədə, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcu ödəməkdən yayınmışdır. Hazırda cavabdehin ona 1500 manat borcu vardır. Ona görə də cavabdeh xx.xx.1962-ci ildə anadan olmuş Cavabdeh Bəhrəm oğlundan 15000 manat borcun və dövlət rüsumu kimi ödədiyi 138 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bəhrəm oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Bəhrəm oğlu məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddianı qəbul etmir, iddiaçıdan 16009 manat borc pul almamışdır. Əgər iddiaçıdan pul alsaydı mütləq notarial qaydada təsdiq edilmıli idi. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsinin predmeti 3000 manatdan çox olduqda yazılı şəkildə notarial qaydasında müqavilə bağlanmalıdır. Borc müqavilələri iki halda yazılı şəkildə bağlanır: birincisi müqavilənin predmeti 3000 AZN-dən artıq olanda, ikincisi məbləğdən aslı olmayaraq borcverənin hüquqi şəxs olması halında. İddiaçı hüquqi şəxs deyil. Borc müqaviləsi bağlanarkən nəzərə alınmalıdır ki, borc verdilən məbləğ notariusun bankda açdığı depozit hesabına yerləşdirilir və müqavilə təsdiqləndikdən -yəni hər iki tərəf onu imzaladıqdan sonra borcalan tərəfindən həmin hesabdan götürülür. İddia ərizəsində qeyd edilmişdir ki, borc təxminən 2018-ci ildə verilmişdir. Azərbaycan Respublikası MM-nin 373cü müqavilələlr tələbləri üzrə iddia müddəti 3 ildir. Ona görə də əgər iddiaçıdan 16000 manat götürsəydi 3 il müddətində iddiaçı məhkəməyə müraciət edərdi. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və iddiaya qarşı məhkəməyə etiraz göndərdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cvabdehin etiraz ərizəsini nəzərdən keçirib işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş işdə olan qəbzdən görünür ki, Cavabdeh 15 sentyabr 2019-cu ildə İddiaçı borc olaraq 16000 manat pul almış, borcunu 6 ay müddətə qaytrazağına söz vermiş və qəbzi imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il Qərarında göstərilir: “İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır”. Oxşar iş üzrə “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il Qərarında göstərilmişdir: “Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Məhkəmədə müəyyən edildi ki, hazırkı iddi tələbi üzrə 3 illik iddia müddəti ötürülmüşdür. İddiaçı iddia müddətini üzürlü səbəbdən buraxması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı cavabdehin etirazından sonra iddia müddətinin keçirilməsini əsaslı olmasını sübut etmək üçün cavabdehdən 1000 manat aldığını göstərmiş, bu barədə məhkəməyə sənəd təqdim etməmiş, həmçinin cavabdehin həmin məbləği hansı tarixdə qaytarmasını dəqiq göstərə bilməmişdir. Həmçinin iddi ərizəsində və əvvəlki məhkəmə iclaslarında iddiaçı cavabdehin ona borcundan qaytarmadığını və qəbzdə göstərilən 16000 manat borcu tam şəkildə tələb etmişdir. Ona görə də məhkəmə iddiaçının izahatında göstərdiyi cavabdehdən borcundan 1000 manat almasına dair izahatını inandırıcı və əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia müddəti keçdiyindən və cavabdeh tərəfindən iddia müddəti mübahisləndirilərək bu barədə məhkəməyə ərizə təqdim edildiyindən iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyinə görə dövlət rüsumu kimi ödənilən 138 manat özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası iddia müddəti keçdiyinə görə rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilən 138 (yüz otuz səkkiz) manat onun özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar