Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1012/2023 16.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 2(021)-1284/2015 saylı, 26 may 2015-ci il tarixli qətnaməsi əsasında 14 dekabr 2011-ci il də anadan olmuş X2 və 20 iyul 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin müəyyən edilərək ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 08 sentyabr 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 14 dekabr 2011-ci ildə X6 və 20 İyul 2013-cü ildə X7 anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(021)-1851/2014 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Bərdə Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli, 2(021)-1284/2015 saylı qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək, iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi hazırki vaxtın tələblərinə cavab vermir. Belə ki, həmin aliment məbləği uşağın normal yaşaması üçün kifayət etmir, maddi cəhətdən çətinlik çəkir. Hazırda uşaqlar böyümüşdür, cavabdeh uşaqların saxlanmasına əlavə yardım göstərmir. Halbuki o, fərdi əməklə məşğuldur, imkanı yaxşı olmaqla maddi cəhətdən təminatlıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Bərdə rayon Gərənə kəndində anadan olmuşdur. Bərdə rayon Gərənə kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1095 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayon Gərənə kəndində yaşayır. Mülki işə əlavə olunmuş Seriya AZE №0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdə Laçın rayon Soyuqbulaq kəndində anadan olmuşdur. Laçın rayon Soyuqbulaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZ-İİ № 811468 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 24 dekabr 2011-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işə əlavə olunmuş AZ-İİİ № 139542 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 20 iyul 2013-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən erilmiş xx.xx.2018ci il tarixli №685 nömrəli Arayışdan görünür ki, Cavabdeh ilə Rzayeva (İlyasova) Aynur İdayət qızı arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə pozulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)-1284/2015 saylı, 26 may 2015-ci il tarixli qətnaməsindən görünür ki, 14 dekabr 2011-ci ildə anadan olmuş X2 və 20 iyul 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 23 aprel 2015-ci ildən başlayaraq Cavabdeh Bərdə Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli, 2(021)-87/2014 nömrəli icra sənədi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, 14 dekabr 2011-ci ildə anadan olmuş X2 və 20 iyul 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 90(doxsan) manat olmaqla cəmi 180 (yüz səksən) manat müəyyən edilməsi və Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, tərəflər arasında barışıq sazişi imzalanmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 1284/2015 saylı, 26 may 2015-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş 14 dekabr 2011-ci ildə anadan olmuş X2 və 20 iyul 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 90 manat alimentin alınaraq İddiaçı xeyrinə verilməsi müəyyən olunmuşdur. Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu nəzərə alır. İddia tələbi bir uşaq üçün 150 (bir yüz əlli) manatdan artıq alimentin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda İddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan aliment dəyişdirilərək 14 dekabr 2011-ci il də anadan olmuş X2 və 20 iyul 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 150 manat (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, 50 (əlli ) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 227, 233.1, 234, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 14 dekabr 2011-ci il də anadan olmuş X2 və 20 iyul 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)- 1284/2015 saylı, 26 may 2015-ci il tarixli məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 150 manat (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh 50 (əlli) manat manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1012/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1012/2023
16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver