Məhkəmə qərarları › İş №2(021)-1013/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1013/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1013/2022 06.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, iddiaçı Bərdə rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X1 iştirakı ilə iddiaçı Bərdə rayon İcra və Probasiya şöbəsinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə rayon İcra və Probasiya Şöbəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Şans” markalı bir ədəd mobil nəzarət qurğusunun və ona quraşdırılmış proqram lisensiyası ilə birlikdə dəyəri 1346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində pulun alınmasına dair qətnamə qəbul edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Bərdə rayon İcra və Probasiya Şöbəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 1(021)-173 saylı, 27.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi 19.11.2021-ci il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək barəsində şəxsi iş açılmışdır. Bundan sonra 27 noyabr 2021-ci il tarixdə şöbənin probasiya üzrə böyük icra məmuru X3 məhkumun özünü iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələblərini, cəzanın icrası qaydaları, həmin qaydaların pozulması hüquqi nəticələri o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, üç ədəd ev siqnal ötürücüsü, bir ədəd mobil qurğuya enerji yükləmə cihazı və bir ədəd elektron qolbağ Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh Ədliyyə Nazirliyinin Monitorinq Mərkəzinin izlənilməsi zamanı izlənmə məlumatlarının gəlməməsi səbəbindən şöbəyə dəvət olunmuş və izahat verərək spirtli içkidən həddən artıq çox istifadə etdiyindən mütamadi olaraq içkili olduğuna görə özünü idarə edə bilmədiyini və mobil qurğunu itirdiyini bildirmişdir. Cavabdeh əlavə olaraq izahatında elektron nəzarət vasitəsini itirdiyi halda dəyərinin ondan tutulacağının ona izah edildiyini bildirmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyəti olmadığından “Şans” markalı bir ədəd mobil nəzarət qurğusunun və ona quraşdırılmış proqram lisensiyası ilə birlikdə yararsız hala saldığından onlara maddi ziyan dəymişdir. Belə ki, Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə həmin vasitənin dəyəri xüsusi proqram təminatı ilə barabər 1346.03 manat təşkil edir. Məhkum Cavabdeh vurulmuş ziyanın dəyərini könüllü ödəməsi üçün vaxt verilsə də ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı Bərdə rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Bərdə Rayon Məhkəməsinin 13 aprel 20**-ci il tarixli qərarına əsasən 09 ay 19 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən sonuncunun məhkəmə iclasında iştirakı təmin etmək mümkün olmamışdır. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)-173/2021 saylı, 27.10.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Cavabdeh 25.07.2021-ci il tarixdən 26.07.2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh оğlunun üzərinə Bərdə şəhəri, ünvan 1 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Mülki işə əlavə edilmiş “azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” 27.11.20**-ci il tarixli protokoldan görünür ki, cəzasının icrası ilə əlaqədar 27.11.20**-ci il tarixdə məhkum Cavabdeh oğlunun izlənməsi üçün elektron nəzarət vasitəsi quraşdırılaraq təhvil verilmişdir. İş materiallarında olan “Elektron nəzarət dəstinin vəziyyəti haqqında” texniki rəydən müəyyən olunur ki, Cavabdeh götürülmüş mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə birlikdə zədələnmişdir. Dəymiş ziyanın dəyəri 1346.03 manat təşkil edir. İş üzrə Cavabdeh Bərdə rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatında spirtli içkidən çox istifadə etdiyindən, içkili olduğundan özünü unutmuş, mobil qurğunu itirmiş və tincıxdığı üçün elektron qolbağını kəsib evə qoyduğunu bildirmişdir. Bərdə Rayon Məhkəməsinin 13.04.20**-ci il tarixli, 7(021)-88/20** saylı qərarının surətindən görünür ki, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 1(021)-173/2021 saylı, 27 oktyabr 20**1-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 07 ay 09 gün müddətinin iki günü bir gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək 09 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 1(021)-173/2021 saylı, 27.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən Mais Qurbanovun iştirakı ilə protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Cavabddeh üzərinə quraşdırılmış 1 ədəd mobil qurğunu sındıraraq Bərdə rayon İcra və Probasiya şöbəsinə zərər vurmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hazırki tələb predmetə vurulan ziyanla-mobil qurğu ilə əlaqədardır. Mobil nəzarət qurğusu - elektron qolbağla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbağdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. (Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il, 144 saylı Qərarı) Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək belə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya 1346,03 manat məbləğində maddi zərər vurulması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Bərdə rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh oğluna qarşı “vurulmuş zərərin əvəzinin tutulması” tələbinə dair iddiası təmin olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-**0, **7, 233 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı Bərdə rayon İcra və Probasiya şöbəsinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 1346.03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar