Məhkəmə qərarları › İş №2(021)-102/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-102/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-102/2024 26.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya Cavabdeh1, Cavabdeh2) qarşı “Ziyan tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bərdə rayonu Mollagüllər kənd sakinləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyan hesabına müştərək qaydada 6000 manat, dövlət rüsumu hesabına ödənilmiş 80 manat və ekspertiza xərci olan 311 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarına əsasən ona Bərdə rayonu Mollagüllər kəndində 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq haqqında onun adına JN-261A saylı Kod 61014038 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Həmkəndliləri (yaxın qohumları) Cavabdeh1 və onun oğlu Cavabdeh2 2019-cı ildən sözügedən 0,15 ha həyətyanı torpaq sahəsini zəbt edərək ona xeyli miqdarda ziyan vurmuşlar. Yaşayışlarını və güzəranlarını təmin etmək üçün torpaq sahələrindən istifadə etmək istəsələr də, cavabdehlər zəbt etdikləri torpaq sahələrini ona qaytarmamışlar. Bu səbəbdən torpaqdan istifadə hüquqlarını həyata keçirə bilməmişlər. Dəfələrlə onlardan pay torpaq sahəsindən çıxmalarını tələb etsə də, bir nəticəsi olmamışdır. Bu da onun ailəsinin maddi durumunun ağırlaşmasına səbəb olmuşdur. Məlumat üçün bildirir ki, torpaq üstində dəfələrlə cavabdehlərlə mübahisələri düşmüş, bununla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar aparılmışdır. Tələbi mülki xarakterli olduğu üçün Bərdə Rayon Məhkəməsində cavabdehlərin çıxarılması və 2020, 2021-ci illərdə dəymiş ziyan hesabına cavabdehlərdən 9000 manat alınıb verilməsinə dair iddia qaldırmış və xahiş etmiş, məhkəmə 2(021)-1054/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnamə qəbul edərək iddia tələbi təmin edilmişdir. Həmin vaxt tərəfindən 311 manat ekspertiza xərci ödənilmişdir. Məhkəmə çəkişməsi uzun çəkdiyi üçün, yəni 2022-ci ildə də 0,15 ha. torpaq sahəsi cavabdehlərin zəbtində (istifadəsində) olmuş, yəni 2022-ci ildə də torpağından istifadə edə bilmədiyindən ailə büdcələrinə xeyli ziyan dəymişdir. Cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsində 2022-ci ildə 0,15 ha pomidor əkmək planlaşdırmışdır, lakin buna cavabdehlər imkan verməmiş, yəni xeyli gəlir götürməkdən onu məhrum etmişlər. Bir mövsümdə 0,15 ha torpaq sahəsindən 2000 kq pomidor məhsulu götürmək olar. 1 kiloqram pomidorun bazar qiyməti 3 (üç) manat olduğundan, ona bir ildə 6000 (2000 x 3=6000) manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək göstərmişdir ki, DAİM-nin xx.xx.2024-cü il tarixli 3-22-3-9/2-92/2024 saylı məktubu ilə 0.15 ha torpaq sahəsindən 3750 kiloqram pomidor məhsulunun götürlməsinin mümkünlüyü bildirilir. Bununla əlaqədar Bərdə şəhər "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 48 saylı məktubu ilə 2023-2024-cü illər ərzində bazarda 1 kiloqram pomidorun orta bazar qiymətinin öyrənilməsi ilə bağlı verdiyi cavabda 0.70-1.70 manat arası qiymət dəyişikliyi olduğu qeyd edilir. Belə olan halda o, 1 kiloqram pomidor üçün orta hesabla 1.50 manat qiymət götürərək cavabdehlərdən 11.250 manat pul tələbi ilə çıxış etməyi zəruri və qanuna uyğun hesab edir. Bu faktın təsdiqi üçün iddia həcmində dəyişiklik iş üçün zəruridir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11.250 manat dəymiş ziyana görə pulun, 311 manat ekspertiza üçün ödənilən pulun və 80 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddiaçının göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının yerini zəbt etməmişdir. 2022-ci ilin yanvar ayında İddiaçı 102 xidmətinə məlumat verərək torpağının onun tərəfindən zəbt edildiyini bildirmiş, təhqiqatçı Vəli İsmayılov ona iddiaçının torpağa dair şəhadətnaməsinin olduğunu, 15 sot torpağını qaytarmasını bildirmiş, təhqiqatçıya həmin şəhadətnamənin saxta olduğunu bildirmişdir. Öz torpağından 0.15 ha torpaq sahəsi təhqiqatçı, icra nümayəndəsi və bələdiyyə tərəfindən 45x40 metr ölçüdə ölçülərək iddiaçıya verilmişdir. İddiaçı buna etiraz edərək yerinin koordinatlarının olduğunu, yerini koordinatlara uyğun qaydada ölçülüb verilməsini tələb etmişdir. Məhkəmədə ekspertiza təyin etdirmiş, ekspert rəyindən məlum olmuşdir ki, bu yerin koordinatı yoxdur, bazada isə mövcud deyildir. O, iddiaçıya məxsus torpaqdan istifadə etmir. Hazırda iddiçının adına olan çıxarışın etibarsızlığı ilə bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçının tələb etdiyi 0,15 ha torpaq sahəsi bazada yoxdur. Bələdiyyəyə məxsus 0,15 ha torpaq sahəsi isə onun istifadəsindədir. İddiaçıya heç bir ziyan vurmadığından iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının tələbi ilə məhkəmədə onlardan tələb edilən ziyan 261 nömrəli torpaq sahəsinə əsasən verilib. Ekspertiza təyin olunmuş və 261 nömrəli torpağın mövcud olmaması ilə bağlı rəy verilmişdir. Onlar torpaqdan çıxırlar, lakin hansı koordinatlardan çıxmalıdırlar bilmirlər. İddiaçı 261 nömrəli şəhadətnaməyə əsasən onlardan ziyan tələb edir, lakin həmin yerin koordinatları məlum deyil. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA Seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə Bərdə rayonu Mollagüllər kəndində anadan olmuşdur, Bərdə rayonu Mollagüllər kəndində qeydiyyatdadır. AZE Seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh1 xx.xx.1958-ci ildə Bərdə rayonu Mollagüllər kəndində anadan olmuşdur, Bərdə rayonu Mollagüllər kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli, 30 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Mollagüllər kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli, 102 saylı arayışdan görünür ki, Cavabdeh1 Bərdə rayonu Mollagüllər kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli, 103 saylı arayışdan görünür ki, Cavabdeh2 Bərdə rayonu Mollagüllər kəndində yaşayır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-261A KOD 61014038 saylı şəhadətnamədən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998ci il tarixli 14 saylı qərarına əsasən Bərdə rayonu Mollagüllər kənd sakini İddiaçı mülkiyyətinə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1054/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma, ziyan tələbinə və dövlət rüsumu hesabına ödənilmiş pul tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X3 İddiaçı mülkiyyətində olan və Bərdə rayonu Mollagüllər kəndində yerləşən 0.15 ha torpaq sahəsindən çıxarılması və vurulmuş 9000 (doqquz min) manat maddi ziyanın tutularaq İddiaçı verilməsi, aparılmış ekspertiza tədqiqatının 50 (əlli) manat dəyərinin cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-738/2023 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(021)-1054/2022 saylı qətnaməsinin «cavabdehlər Cavabdeh1 və X1 vurulmuş 9000 (doqquz min) manat maddi ziyan tutularaq İddiaçı verilməsi» hissəsində dəyişdirilməsi, cavabdehlərdən vurulmuş maddi ziyana görə 4500 (dörd min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-107/2024 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-738/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsinin qismən, vurulmuş maddi zərərin əvəzi olaraq 4500 manat məbləğdə pulun cavabdehlər Cavabdeh1 və X1 alınaraq İddiaçı ödənilməsi hissədə ləğv edilməsi, işin eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişiklik edilmədən saxlanılması, Cavabdeh1 kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli, 10/5907 nömrəli rəydə göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən H.Hacıyev təsərrüfatının Mollagüllər kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN 261 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsindən naturada Cavabdeh1 və Cavabdeh2 istifadə edir. Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli 3/75 nömrəli məktubdan görünür ki, Bərdə rayonu Mollagüllər kəndi ərazisində aqrotexniki qaydalara düzgün əməl olunarsa 0,15 ha torpaq sahəsindən bir mövsümdə 1500-2000 kiloqram pomidor məhsulu götürülə bilər və hazırda pomidorun satış qiyməti 2,50-3,00 manata təklif olunur. Bərdə Şəhər "xxxx" MMC tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli, 48 nömrəli məktubdan görünür ki, 2023-cü ilin qış və yaz aylarında 1 kiloqram pomidorun qiyməti 3,5-4 manat, 2023-cü ilin yaz və yay aylarında isə 1-1,50 manat civarında, 2024-cü ilin qış və yaz aylarında 1 kiloqram pomidorun qiyməti 3,50-4 manat, yay və yaz aylarında isə 0,70-1,70 civarında olmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X12 Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 3-22-3-9/2-92/2024 nömrəli məktubdan görünür ki, 0,15 hektar torpaq sahəsindən 3750 kiloqram pomidor məhsulu götürmək mümkündür. "xxxx" MMC tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 0,15 ha torpaq sahəsindən 1 il müddətində 3750 kq pomidor əldə edilə bilər. -2022-ci il tarixdə 0,15 ha torpaq sahəsindən əldə edilən 3750 kq pomidorun xərci 3750 kq x 0,50 manat=1875 manat; -2022-ci il tarixdə 0,15 ha torpaq sahəsindən əldə edilən 3750 kq pomidordan gəlir 3750 kq x 1,8 manat = 6750 manat; -Gəlir 6750 manat-xərc 1875 manat = 4875 manat. -2023-cü il tarixdə 0,15 ha torpaq sahəsindən əldə edilən 3750 kq pomidorun xərci 3750 kq x 0,60 manat = 2250 manat; -2023-cü il tarixdə 0,15 ha torpaq sahəsindən əldə edilən 3750 kq pomidordan gəlir 3750 kq x 2 manat = 7500 manat; -Gəlir 7500 manat-xərc 2250 manat = 5250 manat. -2024-cü il tarixdə 0,15 ha torpaq sahəsindən əldə edilən 3750 kq pomidorun xərci 3750 kq x 0,60 manat = 2250 manat; -2024-cü il tarixdə 0,15 ha torpaq sahəsindən əldə edilən 3750 kq pomidordan gəlir 3750 x 2 manat = 7500 manat; -Gəlir 7500 manat-xərc 2250 manat = 5250 manat. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 176566/06 nömrəli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(104)-738 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 və X6 iddaçı İddiaçı Abdurrəhman oğlunun mülkiyyətində olan Bərdə rayonu Mollagüllər kəndində 0.15 ha torpaq saahəsindən çıxarılmalı, vurulmuş 4500 manat maddi ziyan tutularaq İddiaçı Abdurrəhman oğluna verilməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutulub iddaçıya ödənilməlidir. Göstərilən İcra vərəqəsi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tutaraq xx.xx.2023-cü il tarixdə icraata başlama qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Tələbin borclunun əmlakı və ya gəlirləri hesabına ödənilməsi üçün "EMF" sistem vasitəsi ilə müvafiq qaydada sorğu edilsə də, borclu Cavabdeh1 pensiya aldığı müəyyən edilmiş və xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə borclunun pensiyasına inkasso sərəncamı qoyularaq, cəmi 490.80 manat tələbkar İddiaçı təqdim etdiyi bank hesabına köçürülmüşdür. İcra sənədi üzrə borclu Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-738 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən kassasiya şikayəti verildiyi üçün xx.xx.2023cü il tarixdə işin icrası dayandırılmışdır. Mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 80 (səksən) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki mübahisənin gerçək hallarından görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarına əsasən Bərdə rayonu Mollagüllər kənd sakini İddiaçı mülkiyyətinə 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş, iddiaçının adına qeyd olunan torpağa “Torpağın mülkiyyətə verilməsinə dair” JN-261A KOD 61014038 saylı şəhadətnamə tərtib edilmişdir. Cavabdehlər 2019-cu ildən iddiaçıya məxsus torpaq sahəsini zəbt edərək torpağından istifadə etməsinə imkan verməmişlər. Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlərin iddiaçının mülkiyyətində olan 0,15 ha torpaq sahəsindən çıxarılmaları qət edilmiş, məhkəmənin qeyd olunan qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verilsə də, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi torpaqdan çıxarılmaya dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Lakin buna baxmayaraq sözügedən məhkəmə qərarı icra edilməmiş, cavabdehlər iddiaçının mülkiyyətində olan 0,15 ha torpaq sahəsindən çıxmamışlar. Bu hal Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 176566/06 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. İddiaşının mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin 2019-cu ildən cavabdehlər tərəfindən zəbt edilməsi və hazırda da cavabdehlərin zəbtində olması məhkəmə araşdırması ilə mübahisəsiz şəkildə mmüəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, 0,15 ha torpaq sahəsindən 1 il müddətində 3750 kq pomidor əldə edilə bilər. 2022-ci ildə 0,15 ha torpaq sahəsindən 4875 manat gəlir, 2023-cü ildə 5250 manat gəlir, 2024-cü ildə 5250 manat gəlir, cəmi 15375 (on beş min üç yüz yetmiş beş) manat gəlir əldə etmək olar. Mütəxəssis rəyində 0,15 ha torpaq sahəsindən 2022, 2023 və 2024cü illərdə 15375 manat məbləğində gəlir götürməyin mümkün olduğu qeyd edilsə də, iddiaçı iddia ərizəsində cavabdehlərdən 11250 manat məbləğində ziyan tələb etmişdir. Cavabdehlər məhkəmə iclasında iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiklərini bildirsələr də, cavabdehlərin göstərdikləri iş materiallarında olan sübutlarla təkzib olunur. Məhkəmə hesab edir ki, cavabdehlərin təqsirli hərəkəti nəticəsində iddiaçıya ümumilikdə 15375 manat məbləğində ziyan dəydiyi sübut olunsa da, iddiaçı iddia ərizəsində cavabdehlərdən 11250 manat məbləğində ziyan tələb etdiyindən iddia ziyan tələbinə dair hissədə iddiaçının tələb etdiyi məbləğdə təmin edilməlidir. Bu, həm də mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin qənaətinə görə, baxılan mülki iş üzrə iddia tələblərindən kənara çıxılması üçün müstəsna hal mövcud deyildir. İddiaçının 311 manat ekspertizaya keçirilmiş pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qeyri-müəyyən olduğundan, yəni iddiaçı 311 manat məbləğində pulu hansı ekspertizanın keçirilməsi üçün ödəməsi barədə məhkəməyə sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 80 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən 80 (səksən) mаnаt məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Ziyan tələbi”nə tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11250 (on bir min iki yüz əlli) manat məbləğində pul və 80 (səksən) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11330 (on bir min üç yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar