Məhkəmə qərarları › İş №2(021)-1073/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1073/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1073/2025 01.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “reqress qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “reqress qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6803.24 manat məbləğində pulun, 3000 manat vurulmuş mənəvi zərərə görə əvəzin və ödənilmiş 118.1 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MK/97227/50 saylı Kredit Müqaviləsinə əsasən, Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 28% olmaqla 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli MK/97227/50 saylı Kredit Müqaviləsi üzrə öhdəliyinin təminatı olaraq onunla xx.xx.2015-ci il tarixli, MK/97227/50 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehı qızı xx.xx.2015-ci il tarixli, MK/97227/50 saylı Kredit Müqaviləsi üzrə ödənişlərini icra etməmiş, nəticədə 7956.72 ABŞ dolları məbləğində borcu qalmışdır. Bundan sonra "xxxx" ASC borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-4/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada xx.xx.2015-ci il tarixli, MK/97227/50 saylı Kredit Müqaviləsi üzrə 7555.33 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-262/2023 nömrəli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-4/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-3369/2023 nömrəli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 262/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bərdə Rayon Məhkəməsinin icra sənədini icra etmək məqsədi ilə Gəncə şəhəri üzrə icra idarəsi tərəfindən əməkdaşı olduğum "xxxx" QSC-yə məktub göndərilmiş və əmək haqqımdan cəmi 596.24 (191.25+213.75+191.24-596,24) manat tutqu aparılaraq tələbkara ödənilmişdir. Bununla yanaşı o, ödəmə terminalları vasitəsi ilə 5 dəfə 80 manat olmaqla cəmi 400 manat ödəmişdir. Borcu tam bağlamaq məqsədi ilə xx.xx.2024-cü il tarixində 3277.32 ABŞ dolları (marat ekvivalenti 5578 manat) "xxxx" ASC-nin kassasına onun tərəfindən ödənilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 229 manat Ədliyyə Nazirliyinin bank hesabına icra ödənişi etmişdir. Nəticədə ona məxsus 6803.24 (596.24+400+5578+229- 6803.24) manat məbləğində pul Cavabdeh xx.xx.2015-ci il tarixli, MK/97227/50 saylı Kredit Müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasına yönəldilmisdir. Aparılmış ödənişlərlə əlaqəli, Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi tələbkəra geri qaytarılmış və əmək haqqından tutulmaların dayandırılması üçün "xxxx" QSC-yə məktub göndərilmişdir. Göründüyü kimi, ona məxsus 6803.24 manat məbləğində pul Cavabdeh xx.xx.2015-ci il tarixli, MK/97227/50 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin icrasına yönəldilmişdir. Dəfələrlə tələb etsə də, bu günə kimi Cavabdeh könüllü qaydada həmin pulu ona ödəməmişdir. Onun əvəzinə ödədiyi pulu istədiyi üçün Cavabdeh onun barəsində Daxili İşlər Nazirliyinə böhtan xarakterli şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş ödənişləri vaxtında etməməsi səbəbindən yaranmış borca görə onun ölkədən getmək hüququm müvəqqəti məhdudlaşdırılmışdır. Həmçinin kreditin geri ödənişinin gecikməsinə görə bank əməkdaşları mütəmadi olaraq doqquz il ərzində telefonla ona zənglər etmişdirlər. Belə zənglər onda hər zaman həyacan və əsəb gərginliyinə səbəb olmuşdur. Cavabdehin yuxarıda göstərdiyi hərəkətləri nəticəsində ona mənəvi zərər vurulmuşdur. Hesab edir ki, cavabdehin ona vurduğu mənəvi zərərin ədalətli əvəzi 3000 manat dəyərindədir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-4\2022 saylı qətnaməsindən görünür ki: Bərdə Rayon Məhkəməsinin 2(021)-1610/2017 saylı, 08 fevral 2017-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh və İddiaçı 5702.55 ABŞ dolları əsas ve 2254.17 ABŞ dolları faiz borcunun, cəmi 7956.72 ABŞ dolları və ödənilmiş 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. Borclu İddiaçı 16 avqust 2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin 2(021)- 1610/2017 saylı, 08 fevral 2017-ci il tarixli məhkəmə əmrinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(021)-1610/2017 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-1610/2017 saylı, 08 fevral 2017-ci il tarixli məhkəmə əmri ləğv edilərək, iş iddia icraatında keçirilmiş və iddia talabi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh İddiaçı müştərək qaydada 5694.97 ABŞ dolları esas borc 1860.36 ABŞ dolları faiz borcu olmaqla cəmi 7555.33 ABŞ dolları (yeddi min beş yüz əlli beş ABŞ dolları otuz üç sent) kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qat edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-262\2023 saylı qətnaməsindən görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-4\2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3369\2023 saylı qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-262\2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəi üzrə İcra İdarəsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(021)-1610 saylı icra sənədi üzrə borcun İddiaçı əmək haqqısının hər ay 50%-nə yönəldilərək "xxxx" ASC-nin hesabına keçirilməsi tapşırılmışdır. İş materiallarına əlavə olunmuş “Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş xx.xx.2028-ci il tarixli 24042015MK\97227\50 nömrəli Kredit Müqaviləsi üzrə Cavabdeh borcu üzrə İddiaçı "xxxx" QSC-dən aldığı əmək haqqından xx.xx.2018-ci il tarixdə 191,25 manat, xx.xx.2023-cü il tarixdə 213,75 manat və xx.xx.2019-cu il tarixdə 191,24 manat pul tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, eManat Terminalı vasitəsilə "xxxx" ASC-nin hesabında olan 233578 nömrəli müştəri koduna 80 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, eManat Terminalı vasitəsilə "xxxx" ASC-nin hesabında olan 233578 nömrəli müştəri koduna 80 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, MilliÖn elektron ödəmə sistemi vasitəsilə "xxxx" ASC-nin hesabında olan 233578 nömrəli müştəri koduna- (müştəri-X4) 80 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, MilliÖn elektron ödəmə sistemi vasitəsilə "xxxx" ASC-nin hesabında olan 233578 nömrəli müştəri koduna- (müştəri-X4) 80 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, MilliÖn elektron ödəmə sistemi vasitəsilə "xxxx" ASC-nin hesabında olan 233578 nömrəli müştəri koduna- (müştəri-X4) 80 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 2001 saylı qəbzdən görünür ki, "xxxx" ASC-nin Gəncə filialında İddiaçı tərəfindən Cavabdeh hesabına 3277,32 ABŞ dolları ödənilmişdir İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 229,40 manat Ədliyyə Nazirliyini hesabına keçirilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən Bərdə Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bərdə Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(021)-4/2022 saylı qərarına əsasən borclular Cavabdeh və İddiaçı "xxxx" ASC-yə olan borcunu tam olaraq ödəmişdir.(h.n 3811001MK97227150C) İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 118,60 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(021)-1610/2017 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-1610/2017 saylı, 08 fevral 2017-ci il tarixli məhkəmə əmri ləğv edilərək, iş iddia icraatında keçirilmiş və iddia talabi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh İddiaçı müştərək qaydada 5694.97 ABŞ dolları esas borc 1860.36 ABŞ dolları faiz borcu olmaqla cəmi 7555.33 ABŞ dolları (yeddi min beş yüz əlli beş ABŞ dolları otuz üç sent) kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda İddiaçı iddia edir ki, həmin kredit müqaviləsi üzrə Cavabdeh borcunu özü ödəmişdir. İddiaçının təqdim etdiyi qəbzlərdən həmin kredit müqaviləsi üzrə iddiaçı tərəfindən yalnız 3277.32 ABŞ dolları məbləğində ödənişin edildiyi və iddiaçının əmək haqqından xx.xx.2018-ci il tarixdə 191,25 manat, xx.xx.2023-cü il tarixdə 213,75 manat və xx.xx.2019-cu il tarixdə 191,24 manat olmaqla cəmi 596.24 manat pul tutulması sübut olunur. İddiaçı məhkəməyə müxtəlif tarixli qəbzlər təqdim edərək həmin kredit müqaviləsi üzrə ödənişlərin edildiyini bildirsə də həmin qəbzlərdən bunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-ci maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.3-cü maddəsinə əsasən Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, Cavabdeh 3277.32 ABŞ dolları və 596.24 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin oluna bilməz. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi əziyyət çəkdiyini qeyd etsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin İddiaçı mənəvi sarsıntılar keçirməsi ilə bağlı tibbi rəy təqdim edə bilməmişdir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəlləinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 118 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 81,67 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3277.32 (üç min iki yüz yetmiş yeddi dollar, otuz iki sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində və 596.24 (beş yüz doxsan altı manat, iyirmi dörd qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 118 manat məbləğində dövlət rüsumunun 81,67 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin, qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar