Məhkəmə qərarları › İş №2(021)-1108/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1108/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1108/2025 16.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “Mənəvi ziyan” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh vəzifə səlahiyyətindən sui-istifadə edərək övladının 65800 manat pulunun alınıb verilməsini qərəzli olaraq rədd etməsinə görə onda yaratdığı əsəb və təzyiq xəstəliyinə görə 10000 (on min) manat məbləğində mənəvi ziyanın Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi Cavabdeh Bərdə Rayon Məhkəməsində hakim vəzifəsində işləyir və iddiaçı cavabdehin vəzifə səlahiyyətindən sui-istifadə edərək övladının 65800 manat pulunun alınıb verilməsini qərəzli olaraq rədd etməsinə görə onda yaratdığı əsəb və təzyiq xəstəliyinə görə hakimdən 10000 manat məbləğində mənəvi ziyan tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 101ci maddəsinə görə, məhkəmə səhvləri nəticəsində proses iştirakçısına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə hakimlər öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.3-ci maddəsinə görə, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. İstinad edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, məhkəmə səhvlərinə görə vurulan ziyanın ödənilməsinin hakimdən tələb edilməsi yolverilməzdir. Bundan başqa iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 149-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, iddia ərizəsində cavabdehin ünvanı tam göstərilməmiş, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), göstərilməmişdir. Azərbaycan Respublikasının MPM-nin: 149.2.2-ci maddəsinə görə, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 153.2 və 153.2.1-ci maddələrinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Mənəvi ziyan” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya izah edilir ki, qeyd olunan tələblə bağlı aidiyyatı dövlət orqanına müraciət edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərarverdi: İddiaçı Cavabdeh qarşı “Mənəvi ziyan” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı qeyd olunan tələblə bağlı aidiyyatı dövlət orqanına müraciət etmək hüquqnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar