Məhkəmə qərarları › İş №2(021)-1109/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1109/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1109/2021 15.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Binnət qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Binnət qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Binnət qızından, Cavabdeh4 və Cavabdeh5 oğlundan müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 688.51 manat əsas, 106.77 manat faiz, cəmi 795.28 manat və 31 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 27.02.2014-cü il tarixli, L-BR/0022554-F saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz olmaq şərtilə 24 ay müddətinə 4200 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 Binnət qızı, Cavabdeh4 və Cavabdeh5 ilə 27.02.2014-cü il tarixli L-BR/0022554 saylı zaminlik və birgə borcluluq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən cavabdehlər tərəfindən 3511.49 manat məblığində əsas borcdan, 2655.49 manat faiz borcundan, 276.02 manat cərimə borcundan, cəmi 6443.00 manat ödəniş etmişdir. Tərəflər arasında 21.06.2017-ci il tarixli yeni bağlanmış kredit, zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşlar. Hal-hazırda cavabdehlərin 688.51 manat əsas, 106.77 manat faiz, cəmi 795.28 manat borcu vardır. Daha sonra iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia həcmini azaldılması barədə Ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Binnət qızından, Cavabdeh4 və Cavabdeh5 oğlundan müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 688.51 manat əsas, 6.77 manat faiz borcu olmaqla, cəmi 695.28 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Binnət qızına, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 27.02.2014-cü il tarixli, L-BR-0022554-F saylı kredit Müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 30% olmaqla 4200 manat məbəğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 27.02.2014-cÜ il tarixli, № BR-00000989 Zaminlik Müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh1 27.02.2014-cü il tarixli, L-BR-0022554-F saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda Cavabdeh2 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 27.02.2014-cÜ il tarixli, № BR-00006975 Zaminlik Müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh1 27.02.2014-cü il tarixli, L-BR-0022554-F saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda Cavabdeh2 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 27.02.2014-cü il tarixli, L-BR-0022554-F saylı Birgə Borclulqu müqaviləsindən grünür ki, Cavabdeh1 27.02.2014-cü il tarixli, L-BR-0022554-F saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi Cavabdeh4 və Cavabdeh5 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 21.06.2017-ci il tarixli BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanılmış 27.02.2014-cü il tarixli L-BR-0022554-F saylı zaminlik müqaviləsinə Devalvasiya ilə əlaqədar verilən Güzəştlərə dair Əlavədən (razılaşma protokolu) görünür ki, 27.02.2014-cü il tarixli, L-BR-0022554-F saylı Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 öhdıilkərin vaxtında və lazımınca yerinə yetirilməsinıə təminat verdiyi müvafiq kredit müqaviləsinin müddətinin uzadılmasına və Ödəniş Cədvəlinin dəyişdirilməsinə razılaşmışdır. İş materiallarına əlavə edilmiş 21.06.2017-ci il tarixli BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış 27.02.2014-cü il tarixli L-BR-0022554-F saylı zaminlik müqaviləsinə Devalvasiya ilə əlaqədar verilən Güzəştlərə dair Əlavədən (razılaşma protokolu) görünür ki, 27.02.2014-cü il tarixli, L-BR-0022554-F saylı Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 öhdıilkərin vaxtında və lazımınca yerinə yetirilməsinıə təminat verdiyi müvafiq kredit müqaviləsinin müddətinin uzadılmasına və Ödəniş Cədvəlinin dəyişdirilməsinə razılaşmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh4 tərəfindən imzalanmış 21.06.2017-ci il tarixli BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış kredit müqaviləsinə Əlavədən (razılaşma protokolu) görünür ki, bu razılaşma ilə Cavabdeh1 27.02.2014-cü il tarixli, L-BR-0022554-F saylı Kredit müqaviləsi üzrə 21.06.2017-ci il tarixinə olan cəmi qalıq 1170.53 manat təşkil etmiş, 27.02.2014-cü il tarixli, L-BR-0022554-F saylı Kredit müqaviləsinin 6.1 maddəsində qeyd olunan faiz dərəcəsi 21.06.2017-ci il tarixindən etibarən 3 faiz aşağı salınaraq 27 faiz müəyyən edilərək, 34 ay müddətinə uzadılmışdır. İş materiallarına əlavə edilmiş 17.08.2020-ci il tarixli arayışdan görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 688.51 manat əsas, 106.77 manat faiz, cəmi 795.28 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 27.02.2014-cü il tarixli, L-BR- 0022554-F saylı Kredit Müqaviləsinə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 illik 30 faiz olmaq şərtilə 24 ay müddətinə 4200 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Binnət qızı 27.02.2014-cü il tarixli zaminlik müqaviləsi bağlamışlar. Digər cavabdehlər Cavabdeh4 və Cavabdeh5 ilə birgə borcluluq müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 21.06.2017-ci il tarixli razılaşmaya əsasən Cavabdeh1 27.02.2014-cü il tarixli, L-BR-0022554-F saylı Kredit müqaviləsi üzrə 21.06.2017-ci il tarixinə olan cəmi qalıq borcu 1170.53 manat, 27.02.2014-cü il tarixli, L- BR-0022554-F saylı Kredit müqaviləsinin 6.1 maddəsində qeyd olunan faiz dərəcəsi 21.06.2017-ci il tarixindən etibarən 3 faiz aşağı salınaraq 27 faiz müəyyən edilərək, 34 ay müddətinə uzadılmışdır. Həmin üzadılmaya zaminlərlə də müqavilə bağlanılmışdır. İş üzrə iddiaçı BOKT "xxxx" MMC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə qeyd edir ki, tələb hüququ həmçinin Cavabdeh4 və Cavabdeh5 oğluna qarşı irəli sürülmüş və bu tələb haqlı tələb olmuşdur. Belə ki, MM-nin 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsnə əsasən, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Məhkəmə qeyd edir ki, tələb hüququ həmçinin Cavabdeh2 və Cavabdeh3 Binnət qızına qarşı irəli sürülməsi yolverilməzdir. Belə ki, MM-nin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi artıq iddiaçının Cavabdeh2 və Cavabdeh3 Binnət qızına qarşı tələb hüququ üzrə müddəti itirmiş olmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 oğlundan müştərək qaydada 688.51 manat əsas borc, 6.77 faiz borcu olmaqla, cəmi 695.28 (altı yüz doxsan beş manat iyirmi səkkiz qəpik) manat məbləğində borc iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 oğlundan müştərək qaydada iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 oğlundan müştərək qaydada 688.51 manat əsas borc, 6.77 faiz borcu olmaqla, cəmi 695.28 (altı yüz doxsan beş manat iyirmi səkkiz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar