Məhkəmə qərarları › İş №2(021)-1112/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1112/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1112/2025 21.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı, Cavabdeh iştrakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 55000 (əlli beş min) AZN manat borcun, 1800 manat xərclədiyi pulun və ödədiyi 260 (iki yüz altmış) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh 4 ildir tanıyır. Təxminən 2022ci il tarixdən 2023-cü il sentyabr ayına kimi dəfələrlə borca Timura pul vermişdir və Timur onu aldadaraq ondan sui-istifadə edərək, yalandan vədlər vermiş, hətta ondan aldığı puldan Murad adlı şəxsə verərək bazarlara çıxaraq alver edib gələn gəlirin bir qismini ona verəcəyini vəd etmişdir. Ondan görəcəyi işlər üçün başqa şəxsdən pul alaraq Timura ümumilikdə 55000 (əlli beş min) manat pulu almışdır. Bu pullardan özü üçün biznes quracağını və gələn gəlirinin bir qismində ona ödəyəcəyini bildirmiş, bu minvalla onu aldadaraq pulu əlindən almışdır. Hətta BOKT İnternetion QSC-yə onun qızıl qol saatını girov qoyaraq özünə kredit pul götürmüşdür. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Bunun üçündə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək onun barəsində şikayətçi olmuşdur. Buna baxmayaraq cavabdeh ona borc pul məbləğini qaytarmamışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Cavabdeh ondan 10000 manatı ilkin olaraq almış, əlavə 2500 manat yaxşı qazanc əldə etmək üçün götürmüş, BOKT İnternetion QSC-də 11130 məbləğində olan Cartie qızılını girov qoyaraq pul əldə etmişdir. Onun qızıl saatını dəyişdirərək qiymətini 10000 manata endirmişlər, əlavə olaraq 2000 manatlıq bilərziyi BOKT İnternetion QSC-də girovda olmuşdur. Bundan savayı cavabdehdə 200 manat və 600 manat olmaqla az məbləğdə pullar vermiş, bundan əlavə Bank Respublikadan 26.000 manatdan çox pul götürərək vermişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehdən ayrı-ayrı vaxtlarda hər birində 10.000 manat olmaqla, 20.000 manat məbləğində borc pul almışdır. Qeyd edir ki, birinci 10.000 manat məbləğində pul onun tərəfindən cavabdehin yaşadığı mənzildə qəbul edilmiş, ikinci 10.000 manat məbləğində pul isə iddiaçının adına götürülmüş kredit pul məbləğindən borc qismində Memar Əcəmi metrostansiyasının yaxınlığnda yerləşən Bank Respublikanın qarşısında onun tərəfindən qəbul edilmişdir. Verilən suallara cavab olaraq bildirir ki, o, cavabdehin sahibliyində olan qızılları mənimsəməmiş, onu aldatmamışdır. Biznes fəaliyyəti uğurlu olmadığından aldığı borc pulları geri qaytara bilməmişdir. Əksinə, özünə məxsus qızıllar da hal-hazırda lazımi ödənişləri apara bilmədiyindən lombardın girovunda qalmışdır. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/137 nömrəli material üzrə cinayət işinin başlanmasını rədd edilməsi, qərarın surəti maraqlı tərəflərə göndərilməsi və onlara qərardan şikayət etmək hüquqlarının olması və qaydasının izah edilməsi qərara alınmışdır. Mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, iddiaçı və cavabdeh arasında borcun qaytarılması barədə yazışmalar olmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli Rahat Kredit Evi mədaxil qəbzindən görünür ki, İddiaçı 748.30 AZN, 35 AZN, 2234.76 AZN, 37415 AZN ödənilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, girov qoyulan qızıl əşyalarıqızıl saat və qolbağ olmuşdur. xx.xx.2024-cü il tarixli kredit müqaviəsindən görünür ki, İddiaçı hər ay kredit müqaviləsi üzrə 1800.04 manat məbləğində ödəniş etməlidir. xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, 1 ədəd qolbaq 1 ədəd klon, 2əd üzük, 1 ədəd sep,1 cüt sırğa 1 ədəd üzük 1 ədəd saat, 1 ədəd sep, 1 ədəd qolbağ, 1 ədəd üzük ,3 ədəd sep,1 ədəd klon, 1 ədəd qolbağ,1 ədəd üzük, 1 ədəd klon beşlik, 4 cüt sırğa, 7 əd üzük,1 ədəd klon, 1 ədəd qolbaq,1 ədəd komplek, 1 ədəd sep,1 ədəd klon, 2 ədəd komplekt 4 cüt sırğa, 2 ədəd klon, 2 ədəd üzük, 3 ədəd qolbağ, 3 ədəd sep olmaqla, əşyaların yekun dəyər 37426.20 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri N.Nərimanov küçəsi 5 nömrəli evdə yaşayır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzədən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 260 AZN məbləğində dövlət rüsumunu X1 ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, cavabdehin audio və video yazı olmaqla həyata keçirilən məhkəmə iclasında iddiaçıya 20.000 manat məbləğində borcu olmasını etiraf etməsi cinayət işin başlanmasının rədd edilməsi haqqında 02 avqust 2024-cü il tarixli qərarın ikinci vərəqəsinin ikinci abzasında Cavabdeh vermiş olduğu izahata əsasən təsdiqini tapır. MM-nin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, təmin olunan hissəyə münasibətdə 150 manat dövlət rüsumu cavabdehdən tutlaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul və ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar