Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1129/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat ödədiyi icarə haqqının və 11 ha torpağa pambıq əkini üçün çəkilmiş 2696 manat xərcin, cəmi 5196 manat pulun və ödənilmiş 130 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 20 yanvar 2021-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən cavabdehin istifadəsində olan 19 ha torpaq sahəsini pambıq əkilməsi üçün 7600 manat məbləğində pul ödəməklə icarəyə götürmüşdür. Həmin torpaq sahəsinin icarə haqqı olaraq ilk gündən 5000 manat ödəniş etmişdir. Qalan 2600 manat pulu isə aralarında olan razılaşmaya əsasən məhsul yığımı vaxtı ödəmli idi. O, həmin 19 ha torpaq sahəsini şumlamış və həmin yerə pambıq əkmişdir. Lakin o, pambıq əkəndən sonra cavabdeh həmin torpaq sahəsinin 11 ha hissəsini heç bir razılaşma olmadan onun xəbəri olmadan şumlayıb yerinə başqa məhsul əkmişdir. O, həmin torpaq sahəsini pambıq zavodu ilə müqavilə bağlayaraq əkin-səpin işləri aparmışdır. Həmin torpaq sahəsinin cavabdeh tərəfindən əkilən hissəsinə şum üçün 440 manat, çöp qırmaq üçün 166 manat, mala üçün 220 manat, tirə verilməsi üçün 275 manat, çiyid toxumu üçün 250 kq olmaqla hər kilosunun qiyməti 5.5 manat olmaqla 1375 manat, səpin üçün isə 220 manat pul ödəməli olmuşdur. Bütün bu işlər zavodla bağlanmış müqavilə əsasında xərcləri çəkmiş, məhsul vaxtı isə zavod çəkilmiş xərcləri çıxmalı idi. Cavabdeh ona ödədiyi 5000 manat pulun 2500 manatın, yəni 11 hektarının pulunu qaytarmalı idi. Cavabdeh ziyanla və icarə haqqı ilə birlikdə ona ümumilikdə 5196 manat pul ödəməli idi. Dəfələrlə borcu və dəymiş ziyanı tələb etməyinə baxmayaraq borcunu ödəmir, bildirir ki, maddi imkanı yoxdur. Mütamadi olaraq müxtəlif bəhanələr edərək borcunu ödəməkdən yayınır, ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Bundan əlavə izahatında bildirmişdir ki, əkdiyi torpaqa sahəsi icarə müqaviləsi əsasında icarəyə götürdüyü torpaq sahəsi olmamış, kənarda cavabdehə məxsus olan başqa 11 ha ərazi olmuşdur. Lakin onun şifahi razılığını almışdır. Məhkəmə iclasında Cavabdeh oğu iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddaçının tələb etdiyi 11 ha torpaq sahəsini iddiaçıya icarəyə verməmişdir. Həmin torpaq sahəsi mübahisəli olmuş və bu barədə də iddiaçıya məlumat verilmişdir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Azərpambıq ASC-də aqronom işləyir. Təxminən 11 ha torpaq sahəsində pambıq əkini üçün vəsait ayrılıb. Pambıq səpilmiş, sonradan onlara məlumat verilmişdir ki, həmin icarəyə verilmiş torpaq sahəsində əkilmiş pambıq şumlanıb. Gedib əraziyə baxılmış, ərazi şumlanmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, təxminən 11 ha torpaq sahəsində əkilmiş pambıq sahəsi İftixarın göstərişi ilə şumlanmışdır, o, da buna şahid olmuşdur. Məhkəmə hazırlıq iclasında şahid qismndə dindirilmiş X4 izahatında göstərdi ki, pambıq əkilmiş 11 ha torpaq sahəsi İftixar tərəfindən şumladılmışdır. Məhkəmə hazırlıq iclasında şahd qismində dindirilmiş X4 izahatında göstərdi ki, pambıq əkilmiş 11 ha torpaq sahəsi İftixar tərəfindən şumladılmışdır. Həmin ərazinin satılmasını, icarəyə verilməsini bilmir. İş üzrə tərəflərin və şahidlərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işə əlavə olunmuş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1969-cu ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZE 08093905 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən oluunur ki, X2 01 dekabr 1957-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Mollalgüllər kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE 08562283 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 20 sentyabr 1957-ci ildə Bərdə şəhərində doğulmuuş, Bərdə şəhəri, H.Cavid küçəsi ev 1 A da qeydiyyatdadır. Mülki işə əlavə edilmiş qəbzdə yazılmışdır: “ Mən İddiaçı Cavabdeh icarəyə götürdüyüm 19 hektar torpağa icarə haqqı olaraq 4000 manat nəğd pul verdim. xx.xx.2021. Mən İddiaçı icarə haqqı olaraq Cavabdeh nəğd olaraq 1000 manat verdim. 08.02. 2021”. Mülki işə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsi tərəfindən 25 yanvar 2022-ci il tarixli, 138- 2399-1222 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh 04 sentyabr 1996-cı ildə doğulmuş, Bərdə rayonu, Bala Ərəblər kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş ərizənin surətindən müəyyən olunur ki, X3 2021-ci il mövsüm ilində 19 ha sahədə pambıq əkilməsi üçün müraciət etmişdir. Müki işə əlavə edilmiş 18 yanvar 2021-ci il tarixli aktın surətindən müəyyən olunur ki, pambıq əkilməsi üçün torpaq sahəsinin faktiki olaraq 19 ha təşkil etməsi aktlaşdırılmışdır. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən oluunur ki, Cavabdeh 04 sentyabr 1996-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş 20 yanvar 2021-ci il tarixli torpaq icarə müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə Cavabdeh və İddiaçı arasında bağlanılmış və Cavabdeh mülkiyyətində olan, Bərdə rayonu Mollagüllər kəndində yerləşən 19 ha torpaq sahəsini İddiaçı icarəyə vermişdir. Mülki işə əlavə edilmiş Seriya RX ******* nömrəli Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, “X5 Təsərrüfatı” MMC-nin mülkiyyətinə Bərdə rayonu Mollagülllər kəndində 19 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 nömrəli, 10 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. Hazırki işin materialları ilə iddiaçının iddia tələbi təsdiq olunmur və iddia tələblərinin dəlillərini təsdiq edə biləcək heç bir sübut iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı aralarında bağlanmış 20 yanvar 2021-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan 19 ha torpaq sahəsini pambıq əkilməsi üçün 7600 manat məbləğində pul ödəməklə icarəyə götürmüşdür. Həmin torpaq sahəsinin icarə haqqı olaraq ilk gündən 5000 manat ödəniş etmişdir. Qalan 2600 manat pulu isə aralarında olan razılaşmaya əsasən məhsul yığımı vaxtı ödəməli idi. Lakin iddiaçı özü də məhkəmə iclası zamanı etiraf etmişdir ki, icarə müqaviləsi əsasında ona verilmiş torpaq sahəsini deyil, şifahi razılıq əsasında cavabdehə məxsus olan və icarə müqaviləsində qeyd edilməyən kənar torpaq sahəsini əkmiş və nəticədə həmin torpaq sahəsi şumlanmışdır. Lakin iddiaçının 11 ha torpaq sahəsini əkmək üçün cavabdehlə şifahi razılığa gəlməsi faktı məhkəmə iclasında, eləcə də iş materialları ilə təsdiqini tapmamışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, verilmiş iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1129/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1129/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver