Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-113/2024 02.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə 02 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 000 manat pul, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 200 manat, 100 manat əlavə xərclədiyi pulun, cəmi 15 300 manat məbləğində pulun alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə yaxın münasibətdə olmuşlar. Bir gün onunla rastlaşanda torpaq almaq istədiyini bildirmiş, sonuncu onda 0.17 ha torpaq sahəsi olduğunu, pul lazım olduğundan təcili satmaq istədiyi bildirmişdir. Cavabdeh ilə razılaşmış, torpaq sahəsini 2600 manata alaraq rəsmi qaydada adına rəsmiləşdirmişdir. Bu alqı-satqıdan sonra Cavabdeh ona bildirmişdir ki, həmin aldığı torpaqda ona ev tikdirmək istəyir. O da bununla razılaşıb ona 15.000 manat pul vermişdir ki, yaxın müddətə evi tikdirib ona versin. Lakin vaxt gəlib çatanda Cavabdeh verdiyi sözə əməl etməmişdir. Dəfələrlə Vitaliyə müraciət edərək pulu geri istəmiş, Cavabdeh ona “get hara şikayət edirsən et, mən sənə pul verməyəcəm” demişdir. Bərdə Rayon Polis Şöbəsinə şikayət etmiş və qəbulda olmuşdur. Polislər ondan və qarşı tərəfdən izahat almışlar. Onun əlində maddi sübutları var. Təkrar olaraq qarşı tərəfə müraciət etsə belə onun borcunu qaytarmaq istəmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz göndərərək etirazında göstərmişdir ki, İddiaçı tanıyır. İddia ərizəsində göstərdiyi kimi yaxın münasibətdə yox, sadəcə torpaq sahəsini alan şəxs kimi münasibətdə olmuşlar. O, qonşu kənd Qaradırnaq kəndində yaşayır. Onun özünə məxsus Bərdə rayonu, Arabaçılar kəndində 0,47 hektar topraq sahəsi var və torpaq sahəsininin bir hissəni satmaq qərarına gəlmişdir. Ona görə də, bir topraq alıcısı kimi İddiaçı ilə razılaşmışdır və ona 0,47 hektar topraq sahəsinindən 0,17 ha topraq sahəsini cəmi 10000 manat məbləğində satmaq qərarına gəlmişdir. Bunun üçün Bərdə rayon ASAN xidmət mərkəzinin notariat ofisinə yaxınlaşmışlar. Notariat ofisində xx.xx.2022-ci il tarixdə ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı zamanı 10000 (on min) manat məbləğində pulu Bank Vasitəsi ilə Cavidin yanında gələn və onun yaxını Elman adlı şəxs Bankdan Götürmüşdür və Elman demişdir ki, o, 10000 (on min) manat pulu kənddə telefona çəkərək ona verəcək. ASAN xidmətdə 10000 (on min) manat məbləğində pulu məhz Cavidin yanında gələn və onun yaxını Elman Bank əməkdaşınadan almışdır. Bundan sonra onlar Bərdə rayonu, Arabaçılar kəndinə getmiş və Cavid 10000 (on min) manat pulu telefon çəkiliş vasitəsi ilə ona vermişdir. Torpaq Cavidin istifadəsinə keçmiş və hal-hazırdada onun istifadəsindədir. Ona görə də, onun iddia ərizəsində dedikləri tamamilə yalandır. İddiaçı ev tikmək adı ilə pul almamış, aldığı məbləğ isə rəsmi qaydada alqı-satqı əsasında 0,17 ha topraq sahəsinin puldur. İddiaçının iddia ərizəsindəki sübutların qeyri-mötəbərliyi, ziddiyyətli olması və işin halına aid olmaması ilə əlaqədar mülki prosessual qanunvericiliyin müddəalarına əsasən iddianın tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, İddiaçı sinif yoldaşıdır. Sonuncu ona özünə ev almaq istədiyini bildirmişdir. İddiaçı cavabdehə ev üçün 17600 manat pul vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Bərdə rayonu Qaradırnaq kəndində anadan olmuşdur, Bərdə rayonu Qaradırnaq kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli 28 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qaradırnaq kəndində yaşayır. Bərdə Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X3 “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 14 dekabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/5104 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı müraciətində göstərdiyi xüsusatlarla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququnun olması ona izah edilmişdir. 10 avqust 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bərdə rayonu Arabaçılar kəndində yerləşən ümumi sahəsi 0,47 ha olan torpaq sahəsinin 0,17 ha hissəsini Bərdə rayonu Qaradırnaq kənd sakini İddiaçı 10 000 manata satmışdır. 23 yanvar 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 120 manat mçəbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı 10 avqust 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdehdən 0,17 ha torpaq sahəsini 10 000 manata almışdır. İddiaçı iddia ərizəsində cavabdehdən aldığı torpaq sahəsində ev inşa edilməsi üçün üçün cavabdehə 15 000 manat məbləğində pul verdiyini, lakin cavabdehin 0,17 ha torpaq sahəsində ev tikmədiyini bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, cavabdeh isə iddianı etiraf etməyərək iddiaçıya torpaq satdığını, lakin torpaq sahəsində ev tikilməsi üçün iddiaçıdan 15 000 manat məbləğində pul almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadə ilə bağlı məhkəmə qeyd edir ki, həmin şahid iddiaçının sinif yoldaşı olmaqla onunla yaxın münasibətdə olan şəxsdir və məhz iddiaçı tərəfindən məhkəməyə şahid kimi təqdim edilmişdir. Belə olan halda, həmin şahid iddiaçı ilə əvvəlcədən razılaşaraq düşünülmüş şəkildə iddiaçının mənafeyinə uyğun olan ifadə verə bilərdi. Ona görə də, məhkəmə şahid X4 ifadəsini mötəbər sübut kimi qəbul etmir. Göründüyü kimi, iddiaçı cavabdehdən aldığı 0,17 ha torpaq sahəsində ev inşa edilməsi üçün cavabdehə 15000 manat məbləğində pul verməsini heç bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 15000 manat pul tələbinə dair hissədə təmin edilmədiyindən digər hissələrdə də təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-113/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-113/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver