Məhkəmə qərarları › İş №2(021)-1131/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1131/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1131/2021 18.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Etibar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Kürdborakı kəndində yaşayan Cavabdeh Sahib oğlundan borclu olduğu 760 manat və dövlət rüsumuna görə 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Etibar oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 30 yanvar 2020-ci il tarixdə Bərdə şəhərində ona məxsus telefon mağazasından XİAOMİ REDMİ 8, 21 fevral 2020-ci il tarixdə isə Samsung A 20S markalı telefonları hissə-hissə ödəmək şərti ilə götürmək üçün müraciət etmişdir. Cavabdeh Sahib oğlu ümumi dəyəri 880 AZN hissə-hissə ödəmək şərti ilə XİAOMİ REDMİ 8 və Samsung A 20S markalı mobil telefonları götürmüşdür. Həmin puldan yalnız 80 manat bir dəfə, 40 manat da bir dəfə ödəmişdir, qalan pulu ödəmək üçün dəfələrlə tələb etsə də, Saqi Əliyev borcunu ödəməmiş, hər dəfə bir bəhanə ilə ödənişdən yayınmışdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Sahib oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sahib oğlu Bərdə rayonu, Kürdborakı kəndində anadan olmaqla, həmin ünvanda qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Etibr oğlu 08 may 1993-cü ildə Bərdə rayonunda anadan olmaqla, Bərdə şəhərində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1431 nömrəli, 19 fevral 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, C.Cabbarlı küçəsi 1/1-də yaşayır. Mülki işə əlavə edilmiş 30 yanvar 2020-ci il tarixli, krdit müqviləsindən görünür ki, cavabdeh Cavabdeh 1 ədəd 400 manat dəyərində Redmi 8 marakalı mobil telefonu pulunu 6 aya ödəmək şərti ilə almışdır və həmin müqavilə üzrə 40 manat ödəmişdir. Mülki işə əlavə edilmiş 21 fevral 2020-ci il tarixli, kredit müqviləsindən görünür ki, cavabdeh Cavabdeh 1 ədəd 480 manat dəyərində Samsung A 20 S marakalı mobil telefonu pulunu 5 aya ödəmək şərti ilə almışdır və həmin müqavilə üzrə 80 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-cı maddəsinə əsaən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında cavabdeh borcunu tam şəkildə etiraf etmiş, sadəcə laraq maddi imkanı yol vermədiyindən borcunu ödəyə bilməmişdir. Bu xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin də iddianı etiraf etməsi hazırki iddia tələbinin təmin edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 760 (yeddi yüz altmış) manat və dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 790 (yeddi yüz doxsan) manat alınaraq İddiaçı Etibar oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar