Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1132/2023 29.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 946 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kəlbəcərdən qaçqın düşdükdən sonra Tərtər rayon Xoruzlu kəndində məskunlaşmışdır. Yaşadığı həyətdə el arasında qələmə adı ilə deyilən ağaclar əkmişdir. 2021-ci ilin oktyabr ayında sonradan adını bildiyi Fizuli adlı şəxs yaşadığı ünvana gələrək ağacları almaq istədiyini bildirmişdir. O da bir dənəsini 22 manatdan olmaqla 43 ədəd ağacı kəsib verməyə razılaşmışdır. Ağacları kəsməyi, daşınması və sair bütün xərcləri Fizuli çəkməli idi. Razılaşmadan bir neçə gün sonra o, evdə olmayan vaxt Fizuli ora gələrək ağacları kəsdirib aparmışdır. Fizuli ilə aralarında olan söhbəti həyat yoldaşı da bilmiş, lakin o, evdə olmadığına görə həyat yoldaşı Fizulidən ağacların pulunu tələb etməmişdir. Həmin vaxtdan bu günə qədər Fizulidən dəfələrlə ağacların pulunu istəsə də faydası olmamışdır. Fizulinin ona olan borcu 946 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini qeyd edərək bildirdi ki, əvvəl o, 200 manat beh verdi, sonra iddiaçı həmin pulu geri qaytardı. İddiaçı 586 manat borcu var. İşdə işdə iştirak edən şəxslərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE №********saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Kəlbəcər rayon Quzeyçirkin kəndində anadan olmuşdur. Kəlbəcər rayon Quzeyçirkin kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Xoruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 255 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Xoruzlu kəndində yaşayır. Mülki işə əlavə olunmuş Tərtər rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Tərtər rayon PŞ-nə müraciət edərək Fizuli adlı şəxs ondan aldığı ağacların pulunu vermədiyini bildirmiş ve pulunun alınıb verilməsində ona köməklik göstərilməsini xahiş etmiş, material üzrə izahatı alınmış Cavabdeh İddiaçı tanıdığını, 2021-ci il ilin oktyabr ayında X1 43 ədəd qələmə ağacları aldığını, Məhiyəddin Sarıyev ağacları ona 586 manata satdığını, həmin vaxt İddiaçı 200 manat pul verdiyini, qalan 386 manat pulu isə razılaşdıqları vaxta verəcəyinə söz verdiyini, deyilən vaxta pulunu verə bilmədiyini, sonradan 386 manat pulu Məhiyəddin Sarıyevə verdiyini, lakin Məhiyəddin həmin pulu qəbul etmədiyini, ona 900 manat borclu olduğunu iddia etdiyini, buna görədə aralarında narazılıq yarandığını və bu səbəbdəndə İddiaçı Tərtər rayon polis şöbəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. İddiaçı müraciəti əsasında toplanmış materialın işə alınması məqsədə müvafiq sayılmış və və vətədaşa məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı 586 manat məbləğində borcu vardır, lakin cavabdeh borcunu bu günə kimi geri qaytarmamışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Cavabdeh tərəfindən polis şöbəsində və məhkəmə iclasında verdiyi izahat nəzərə alınmaqla, iddia tələbi qismən təmin olunaraq, Cavabdeh 586 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 586 (beş yüz səksən altı) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1132/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1132/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver