Məhkəmə qərarları › İş №2(021)-1134/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1134/2025

20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1134/2025 20.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(021)-2296/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X2 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün təyin edilən 170 manat aliment məbləğinin artırılaraq cavabdehdən hər ay 246 manat alimentin onun xeyrinə tutulmasına və mediasiya xidmətinə görə ödədiyi 50 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh - Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X2 adlı bir övladları olmuşdur. Aralarında olan problemlər səbəbindən Bərdə rayon məhkəməsinin xx.xx.2019-cu tarixli qətnaməsinə əsasən aralarında bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X2 adlı qızı onun yanında saxlanılmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, alimentin miqdarı dəyişdirilmiş, 130 manat sabit pul məbləği miqdarında alimentin tutulması qət edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilmiş, 150 manat sabit pul məbləği miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2296/2023 yeni qətnaməsi ilə, alimentin miqdarı dəyişdirilərək birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X4 adlı qızının saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Övladının bütün maddi və mənəvi ehtiyaclarını o, ödəyir. Övladı böyüdüyündən, onun normal yaşaması üçün maddi imkanı kifayət etmir, övladının gündəlik yeməyə, paltara, həkim xərcinə, mənzildə işıqdan, qazdan, sudan istifadə etmə və s. ödənişlərə ehtiyacı olmaqla, maddi cəhətdən çətinlik çəkir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2296/2023 saylı yeni qətnaməsinin qəbul edildiyi vaxtdan, 1 il 5 ay müddət keçmişdir. Bu müddət ərzində zəruri gündəlik tələbat mallarının, ərzaq məhsullarının və xidmətlərin qiymətində əhəmiyyətli artım, bəzilərində isə hətta 50%-dən çox bahalaşma olmuşdur. Məsələn 1 kq mal əti 11-12 manatdan 17-18 manata, 1 kq qoyun əti 13-14 manatdan 19-20 manata, 1 kq qənd 1,5 t atdan 2,6 manatadək, 500 qramlıq qara çay 4 manatdan 6-7 manata qədər bahalaşmış, 1kq kərə yağının qiyməti 15-16 manatdan artaraq təxminən 26-30 manat olmuşdur və s. Bu siyahını uzatmaqda olar. Yuxarıda şərh etdiyi arqumentlər hamıya məlum olan faktlardır və xüsusi sübut edilməsinə ehtivac yoxdur. Hesab edir ki, hazırda uşağının normal qidalanaraq sağlam böyüməsi, onun yüksək səviyyəli orta təhsil ala bilməsi, normal geyinə bilməsi mədəni və mənəvi inkişafının təmin edilməsi üçün, uşağın saxlanılması üçün aylıq 250 manat ancaq vvə ancaq kifayət edər. Cavabdeh isə uşağın saxlanması üçün heç bir əlavə yardım göstərmir, hətta uşaqla maraqlanmır. Halbuki onun imkanı yaxşı olmaqla maddi cəhətdən təminatlıdır. Cavabdeh tərəfindən onun xeyrinə ödənilə aliment pulu uşağın saxlanılmasına, onun təlabatlarının ödənilməsinə çatmır.Birgə nikahlarından olmuş övladının saxlanması üçün hər ay 170 manat aliment məbləği hazırki dövrün tələblərinə cavab vermir. Hazırki mübahisənin-uşaqlarının saxlanılması üçün aliment məbləğinin artırılma-məsələsinin məhkəmədənkənar mediasiya təşkilatı vasitəsi ilə həlli üçün onun tərəfindən təşəbbüs göstərilərək "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğu olaraq müdiasiya prosesi başlanılmışdır. Lakin Cavabdeh mediasiya sessiyasına gəlməməklə faktiki olaraq məsələnin məhkəmədən kənar həllindən imtina etdiyini nümayiş etdirmişdir. Odur ki, mediasiya xidmətinə 50 manat rüsum da onun tərəfindən bir tərəfli qaydada ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etdiyini bildirib göstərmişdir ki, cavabdehlə birgə nikahdan doğulmuş övladının saxlanılması üçün hazırki aliment məbləğinin kifayət etmədiyini, cavabdehin uşağın saxlanması üçün əlavə yardım göstərmədiyini, övladının gündəlik tələbatını ödəmək üçün aliment məbləğinin artırılmasına ehtiyacının olduğunu, həm ölkə üzrə minimum aylıq əmək haqqı, həm də uşaqlar üçün yaşayış minimumu artırıldığından bunların nəzərə alınaraq alimentin miqdarının artırılmasını istədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərdi ki, iddiaçı ilə birgə nikahdan olan övladının saxlanılması üçün hazırda məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğdə aliment ödədiyini, həmçinin başqa qadınla ailə qurduğunu, bu evlilikdən də bir övladı olduğunu, artıq aliment ödəməyə imkanı olmadığını, iddia tələbinin təmin edilməməsini, alimentin artırılmamasını xahiş etdi. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Məhkəmə iclasında iddiaçının verdiyi izahatdan görünür ki, iddiaçının tələbi, yəni alimentin artırılması ilə bağlı tələb uşaqlar üçün yaşayış minimumun artırılması ilə əlaqədardır. Qeyd olunan Plenum qərarına əsasən hazırkı iş üzrə icraata xitam verilməli və iddiaçıya məsələnin icra icraatı qaydasında həll edilməklə onun ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməli olması izah edilməlidir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A ALDİ : İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçıya məsələnin icra icraatı qaydasında həll edilməklə onun ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməli olması izah edilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar