Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1145/2025 08.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 26000 (iyirmi altı min) manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 168 (bir yüz altmış səkkiz) manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 4 ildən artıqdır ki, ünvan 1 ünvanda yerləşən “Dark Vin” qadın geyimləri mağazasını icarəyə götürüb işlədir. Sosial şəbəkələrdə reklam etmək üçün mağazanı müğənni Cəmilə Elstara tanıtmışdır. Bundan başqa Cəmilə mağazada özü üçün paltar da almışdır. Cəmilə ilə söhbət zamanı ona bildirmişdir ki, Esmira adlı qonşusu var, o, paltarları satmaqda və digər məsələlərdə ona kömək edə bilər. Onun razılığı əsasında Esmiranı onun yanına göndərmiş, Esmira mağazadan ona məxsus paltarları götürərək satmış, əldə etdiyi pulların müəyyən hissəsini qaytarmışdır. Esmira onun etibarını qazandıqdan sonra qızılları da satmağı ona təklif etmiş, o da bu təklifə öz razılığını bildirmişdir. Beləliklə, Esmiraya və sonuncunun tanışı Sadəgülə ümumilikdə 30000 manat dəyərində qızıl-zinyət əşyalarını hissə-hissə vermişdir. Qızılların pulundan 3700 manatı qaytarılmış, ancaq 26300 manatını qaytarmamışdır. Esmiradan qalan pulunu istədikdə ona bildirmişdir ki, öz bədən üzvlərinin hansısa orqanını satıb qaytaracaq. Bundan sonra məcbur olub Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə şikayət etmiş, şöbədə araşdırmalar aparılmış, Esmira izahatında ona 14000 manat borcu olduğunu təsdiq etmişdir. Xətai RPİ-nin İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən “Cinayət işi başlanmasının rədd edilməsi barəsində’’ qərar qəbul edilmişdir. Həmin qərarda ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, qızıl alveri ilə məşğul olmamış, uşağı xərçəng xəstəsi olduğundan qohumları qızıl-zinyət əşyaları vermişlər ki, qızılları satıb uşağı müalicə etdirsin. Həmin qızılları da cavabdeh ondan almışdır ki, satıb pulunu verəcək. Qızıllar 30000 manat dəyərində zəncirlərdən, sırğalardan, üzüklərdən ibarət olmuşdur. Cavabdeh götürdüyü qızıllardan və paltarlardan 4000 manat dəyərində hissəsini qaytarmış, 26000 manat borclu qalmışdır. Cavabdeh ona borclu olması barədə qəbz yazıb vermişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, İddiaçı tanıyır, birlikdə bir mağazada işləmişlər. Sonradan icarədar mağazanın icarə haqqını qaldırdığından İddiaçı onun işlədiyi yerdən bir neçə metr aralıda mağaza götürərək işləməyə başlamışdır. Buna baxmayaraq onlar mütəmadi olaraq görüşmüşlər. İddiaçı bir nəfər şəxsin ona pul verəcəyini bildirərək onun da pulun verilməsində iştirak etməsini xahiş etmiş, o da razılaşaraq İddiaçı işlədiyi mağazaya getmişdir. Mağazada bir nəfər xanım görmüş, xanımın adı Esmira olmuşdur. Sonuncunu əvvəllər İddiaçı işlətdiyi mağazada bir neçə dəfə görmüşdür. Esmira İddiaçı mal götürüb aparıb, satıb pulunu gətirib verdiyini görmüşdür. Sonuncu dəfə pulun verilməsində iştirak edəndə, Esmira 50-55 yaşında sarışın başqa bir xanımla gəlmişdir. O, bir kənarda oturmuş, İddiaçı, Esmira adlı xanımla öz aralarında pul haqq-hesabı aparmağa başlamışdır. Həmin xanım özü ilə gümüş, qızıl, paltar gətirmişdir. Öz aralarında hesabat apardıqdan sonra söhbət əsnasında bilmişdir ki, Esmiranın və həmin sarışın xanımın İddiaçı borcu var. Esmira xanım sarışın xanımın da borcunun onluq olduğunu bildirmiş, bildiyi qədər söhbət ümumilkdə 26000 manat pul borcundan getmişdir. Esmira xanım İddiaçı bir həftəyə-on günə pulunu qaytaracağına söz vermiş və bununla bağlı öz aralarında nəsə yazmışlar. Esmira Mehribandan qızıl, paltar və bu kimi mallar götürmüşdür. İddiaçı qızıl da satmışdır. Aralarında olan haqq hesab ilin hansı vaxtı olub, tarixini dəqiqi deyə bilmir, lakin bilir ki, payız ayları olmuşdur. Esmira xanımın Mehribana pul qaytardığını da görmüşdür. Sonuncu aparıb satdığı malların pulunu hissə-hissə qaytarıb yenidən mal götürmüşdür. Esmira xanımın özü Mehribana 18000 manat borcu olduğunu, yanında olan sarışın xanımın isə 8000 manat borcu olduğunu bildirmişdir. Esmira xanım yanında gələn xanımla işinin olmamasını, onun borcunu da özü ödəyəcəyini, bir aya kimi bütün borcunu, yəni öz borcunu və o xanımın borcunu bağlayacağını demişdir. Bilir ki, bu günə kimi Esmira xanım İddiaçı olan borcunu qaytarmamışdır. Esmira xanımın özünün mağazası olmamış, götürdüyü malları əlində aparıb rayonlarda satmış, orda-burda əl alveri etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, şahidi dindirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Xudat şəhərində anadan olmuşdur, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 9-cu Əhmədli küçəsi 30-da qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1983-cü ildə Yevlax şəhəri 28 Aprel qəsəbəsində anadan olmuşdur, Bərdə şəhəri M.F.Axundov küçəsi 3-də qeydiyyatdadır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 13 iyun 2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı 12 yanvar 2024-cü il tarixdən Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 9-cu Əhmədli küçəsi ev 30-da qeydiyyatdadır. Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin baş təhqiqatçısı Asiman İmaməliyə verdiyi izahatında göstərilmişdir ki, Cəmilə adlı qonşusu onu İddiaçı ilə tanış edərək, onun paltar mağazasında yaxşı paltarlar olduğunu bildirərək, satmaqda köməklik göstərə biləcəyini demişdir. O, Mehriban adlı xanımın Əhmədli qəsəbəsində yerləşən paltar mağazasına getmiş və orada olan paltarlardan müəyyən hissəsini götürüb satmış və ilk olaraq xeyir kimi 6000 (altı min) manat pul vermişdir. Mehriban isə onun tanışlarının çox olduğunu görüb, ona qızıl-zinyət əşyalarını satmaqda köməklik edə biləcəyini xahiş etmişdir. O və tanışı Sadəgül hissə-hissə olmaqla Mehribandan ümumilikdə 30000 (otuz min) manatlıq qızıl-zinyət əşyalarını almışlar və həmin qızıllardan 4000 (dörd min) manatını ona çatan paydan Mehribana qaytarmışdır. O ümumilikdə Mehribandan 18000 (on səkkiz min) manatlıq qızıl-zinyət əşyası götürmüş, həmin qızılları sataraq 4000 manatını qaytarmışdır. Mehribana 14000 manat pul borclu qalmışdır. Qalan pulu isə onun tanışı Sadəgül borclu qalmışdır. Həmin borclu qaldığı pulu isə qısa müddətə qaytaracağına dair söz verir. 13 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 168 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında paltarların nisyə alqı-satqısı ilə bağlı razılaşma olmuşdur. İddiaçı uşağı xəstə olduğundan özünə məxsus qızıl-zinyət əşyalarını da satmaq üçün cavabdehə vermiş, sonuncu qızılları sataraq pulunu verəcəyinə söz versə də, qızılların pulunu verməmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən 26000 manat pul tələb etsə də, cavabdeh iddiaçının şikayəti əsasında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatında iddiaçıya 14000 manat məbləğində borcunun qaldığını etiraf etmişdir. İddiaçı ilə cavabdehin arasında geyim əşyalarının nisyə alqı-satqısının baş verməsi, o cümlədən, iddiaçıya məxsus qızıl-zinyət əşyalarının cavabdeh tərəfindən satılmaq üçün götürülməsi tamamilə sübut olunmuşdur. Qeyd olunan hallar iddiaçının izahatı, o cümlədən, şahidin ifadəsi və Bərdə Rayon Polis Şöbəsinin təhqiqatçısının “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 dekabr 2023-cü il tarixli qərarı ilə müəyyən edilir. İddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş borc barədə əlyazma kserosurət olduğundan məhkəmə həmin sənədləri sübut kimi qəbul etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2.-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə görə, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. İstinad olunan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddianı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Baxılan mülki iş üzrə iddiaçı iddia tələbinin tam təmin olunması üçün məhkəməyə mötəbər sübut təqdim etməsə də, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə verilmiş izahatında cavabdeh iddiaçıdan nisyə qızıl-zinyət əşyaları aldığını etiraf etmiş, lakin iddiaçıya 26000 manat deyil, 18000 manat borcunun qaldığını, həmin puldan 4000 manat dəyərində qızıl-zinyət əşyaları və paltar qaytardığını, iddiaçıya 14000 manat borcunun qaldığını bildirmiş, iddiaçı isə cavabdehin ona 4000 manat ödədiyini qeyd etmişdir. Cavabdeh iddiaçıya olan borcunu tam olaraq qaytarması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan nisyə qızıl-zinyət əşyaları və paltarlar almış, aldığı əşyaların pulundan bir hissəsini qaytarsa da, 14000 manat məbləğində borcunu qaytarmamışdır. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh nisyə aldığı paltarların və qızıl-zinyət əşyalarının dəyərinə görə borclu olduğu 14000 (on dörd) manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh həmin məbləğdə pulun iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda istinad olunan hüquq normalarının göstərişlərinə əsasən hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçının qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 132 (bir yüz otuz iki) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası qismən təmin edilsin. Cavabdeh 14000 (on dörd) manat məbləğində pul və 132 (bir yüz otuz iki) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14132 (on dörd min bir yüz otuz iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1145/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1145/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver