Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1166/2024 28.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi), maraqlı şəxslər Maraqlı şəxs3 (bundan sonra maraqlı şəxs və ya Maraqlı şəxs3), Maraqlı şəxs2 (bundan sonra maraqlı şəxs və ya Maraqlı şəxs2), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (bundan sonra maraqlı şəxs və ya Sosial Xidmətlər Agentliyi) olmaqla “Övladlığa götürmə” tələbinə dair ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 24 fevral 2021-ci il təvəllüdlü X5 onun övladlığına verilməsinə və doğum haqqında şəhadətnamədə uşağın ana adının dəyişdirilərək müvafiq olaraq “ata” qrafasında Maraqlı şəxs3, “ana” qrafasında Ərizəçi kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X10 ilə xx.xx.1991-ci ildə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahlarından 2(iki) övladları anadan olmuşdur. Elmir Qəribov ilə ailə münasibətləri yaxşı getmədiyindən aralarında bağlanmış nikahları 2007-ci il tarixdə pozulmuşdur. X1 xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. Elmir Qəribov ilə birgə nikah dövründən anadan olmuş 13 mart 1997-ci il təvəllüdlü Maraqlı şəxs2 və yeznəsi Maraqlı şəxs3 ilə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründən 4 (dörd) övladları anadan olmuşdur. Hazırda övladlığa götürmək istədiyi 21 fevral 2021-ci il təvəllüdlü X9 övladı Maraqlı şəxs2 sonuncu övladıdır. O, nəvəsinə şəhid övladının adını qoymuşdur. Fəxri Qəribzadə anadan olandan bu vaxta qədər onun evində onunla birlikdə yaşamışdır və onun hər cür zəruri tələbatlarını ödəmişdir. Nəvəsi Fəxriyə göstərdiyi qayğıdan və nəvazişdən yorulmur, əksinə bundan qürur duyur. Fəxri Qəribzadənin saxlanılması üçün hər bir şəraiti var, o cümlədən, yaşadıqları ev təmirli və rahat şəraitlidir. Fəxri onu öz valideyni kimi qəbul edir və anası kimi görür. Hazırda o, 24 fevral 2021-cü il təvəllüdlü X5 övladlığa götürülməsini rəsmiləşdirmək istəyir. Buna Fəxrinin valideynləri də razıdırlar. Dost Agentliyi tərəfindən keçirilmiş baxış zamanı evinin tam şəraitli olduğu, nəvəsinə yaxşı baxdığını canlı şəkildə görmüşlər. X5 övladlığa götürülməsinin onların mənafelərinə uyğun hesab edilməsi ilə bağlı müvafiq rəy də verilmişdir. Fəxrinin doğum haqqında şəhadətnaməsində atası kimi Maraqlı şəxs3, anası kimi isə Ərizəçi qeyd edilməsini istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Maraqlı şəxs2 göstərdi ki, ərizəçi doğma anasıdır. Maraqlı şəxs3 ilə birgə nikahlarından 4 uşaqları doğulmuşdur. 24 fevral 2021-ci ildə anadan olmuş övladı Fəxri doğulan gündən anasının yanında yaşamış, uşağın qayğıları ilə anası məşğul olmuşdur. O, oğlu Fəxrinin anasının övladlığına verilməsinə razıdır. Ona görə də xx.xx.2021-ci il təvəllüdlü oğlu Fəxrinin Ərizəçi övladlığına verilməsinə etiraz etmir. Məhkəmə iclasında dindirilmiş Maraqlı şəxs3 göstərdi ki, ərizəçi qayınanasıdır. Maraqlı şəxs2 ilə birgə nikahlarından 4 uşaqları doğulmuşdur. 24 fevral 2021-ci ildə anadan olmuş övladı Fəxri doğulan gündən qayınanasının yanında yaşamış, uşağın qayğıları ilə anası məşğul olmuşdur. O, oğlu Fəxrinin qayınanasının övladlığına verilməsinə razıdır. Ona görə də xx.xx.2021-ci il təvəllüdlü oğlu Fəxrinin Ərizəçi övladlığına verilməsinə etiraz etmir. Məhkəmə iclasında dindirilmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X8 göstərdi ki, ərizəçi DOST mərkəzinə övladlığa götürmə ilə bağlı müraciət etmiş, sonuncunun müraciəti DOST xidmətində qeydə alınmışdır. Müvafiq sənədlər təqdim edildikdən sonra ərizəçiyə rəy verilmiş, bunun əsasında ərizəçi məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə ərizəçinin, maraqlı şəxslərin və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Bərdə rayonunda anadan olmuşdur, Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1992-ci ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur, Bərdə rayonu Güloğlular kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1987-ci ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur, Bərdə şəhəri Babək küçəsi 18-də qeydiyyatdadır. Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 avqust 2016-cı il tarixli, AZ-İİ 126283 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs3 ilə Maraqlı şəxs2 03 avqust 2016-cı ildə Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 675 nömrə ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 avqust 2016-cı il tarixli, AZ-İİİ 798640 saylı, 02 avqust 2016-cı il tarixli AZ-İİİ 798639 saylı, 08 fevral 2019-cu il tarixli, AZ-İV 241768 saylı və 08 aprel 2021-ci il tarixli, AZ-İV 585282 saylı Doğum haqqında şəhadətnamələrdən görünür ki, Maraqlı şəxs3 ilə Maraqlı şəxs2 birgə nikahlarından xx.xx.2013-cü ildə Yusifcan, xx.xx.2015-ci ildə Süleyman, xx.xx.2018ci ildə Mehri və xx.xx.2021-ci ildə Fəxri adlı uşaqları anadan olmuşdur. xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 “ata” qrafasında atası kimi Maraqlı şəxs3, “ana” qrafasında anası kimi Maraqlı şəxs2 qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli Tələbnamədən görünür ki, Ərizəçi əvvəllər məhkum olunmamışdır. “Valideyin-namizədin maddi-məişət şəraitinin müayinəsinə dair” 19 dekabr 2023-cü il tarixli 177/2023 nömrəli aktdan görünür ki, valideyin-namizəd Ərizəçi mənzil şəraiti öyrənilərək qiymətləndirilmiş və evin uşağın övladlığa götürülməsindən sonra normal saxlanması və inkişafına uyğunluğu baxımından uşağın mənafeyinə uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 06 mart 2020-ci il tarixli **********1 nömrəli əmri ilə təsdiq edilmiş “Övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğuna dair” 30 yanvar 2024-cü il tarixli Rəydən görünür ki, valideyin-namizəd Ərizəçi tərəfindən X5 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM) 122.1-ci maddəsində qeyd olunur ki, valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında təsdiq olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 24 fevral 2021ci ildə anadan olmuş övladları X5 ərizəçinin övladlığına verilməsinə razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikasının AM-nin: 117.1-ci maddəsinə görə, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. 124.1-ci maddəsinə görə, qəyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi üçün bu Məcəllənin 124.3-cü maddəsi istisna olmaqla qəyyumlarının (himayəçilərin) notariat qaydasında təsdiq olunmuş yazılı razılığı olmalıdır. 124.4-cü maddəsinə görə, məhkəmə uşağın mənafeyini nəzərə alaraq bu Məcəllənin 124.1-124.3-cü maddələrində göstərilən şəxslərin razılığı olmadan və ya fikri nəzərə alınmadan da müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında uşağın övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 30 yanvar 2024-cü il tarixli rəyində göstərilmişdir ki, “Qanunvericiliyin tələbinə müvafiq olaraq, valideyn-namizədin uçot məlumatları təhlil edilmiş, eləcə də övladlığagötürmənin məqsədləri, uşağın övladlığa götürülməsinin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğunun qiymətləndirilməsi, həyat şəraitini öyrənmək məqsədilə valideyn-namizədlə müsahibə keçirilmiş, habelə onun yaşadığı ünvanın maddi-məişət şəraitinin müayinəsi aparılmışdır. Uşaqla valideyn-namizədin arasında olan münasibət nənə və nəvə münasibətindən irəli gəlir. Ailə Məcəlləsinin 49.2-ci maddəsinin tələbinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 117.1ci maddəsinin tələbinə əsasən, övladlığagötürməyə yetkinlik yaşına çatmayanlar barəsində yalnız onların mənafeyi naminə yol verilir. Övladlığa götürülmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. -Yuxarıda qeyd olunan məlumatlara və övladlığagötürmə ilə bağlı mərhələlərin nəticələrinə əsasən valideyn-namizəd Ərizəçi tərəfindən X5 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilir. -Məhkəmə tərəfindən yekun qərar qəbul edilən zaman uşaqla valideyn-namizəd arasında olan münasibətin nənə və nəvə münasibətindən irəli gəldiyini və valideynnamizədin pensiya almasını nəzərə alaraq “Övladlığagötürmə və övladlığagötürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli qərarının 24-cü maddəsinin tələblərinin nəzərə alınmasını məqsədəuyğun hesab edirik.“ İşin gerçək hallarından görünür ki, qanunvericiliyin tələbinə müvafiq olaraq, valideynnamizədlərin uçot məlumatları təhlil edilmiş, eləcə də, övladlığa götürmənin məqsədləri, uşağın övladlığa götürülməsinin onun mənafeyinə uyğunluğunun qiymətləndirilməsi, həyat şəraitini öyrənmək məqsədilə valideyn-namizədlərlə müsahibə keçirilmiş, habelə yaşadığı ünvanın maddi-məişət şəraitinin müayinəsi aparılmışdır. Uşaqla valideyn-namizədlər arasında olan ünsiyyət və bağlılıq qohumluq münasibətindən irəli gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən yekun qərar qəbul edilən zaman “Övladlığagötürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli qərarının 24-cü bəndinin tələblərinin nəzərə alınması məqsədəuyğundur. Qeyd olunan Qərarın 24-cü bəndində qeyd edilmişdir ki, “Ailə Məcəlləsinə müvafiq olaraq övladlığa götürməyə yalnız uşağın mənafeyi üçün yol verilir. Övladlığa götürülmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. Övladlığa götürülən uşağın mənafeyinin daha tam təmini özündə mühüm sosial problemi ifadə edir. Övladlığa götürənin, uşağın verildiyi ailənin düzgün seçilməsi uşağın gələcək taleyində mühüm rol oynayır. Övladlığa götürmə zamanı yol verilən səhvlər övladlığa verilən uşaqların, onların valideynlərinin və övladlığa götürənlərin hüquqlarının pozulmasına səbəb ola bilər. -Hər bir uşaq təkrarolunmaz varlıqdır. Vəzifə ondan ibarət olmalıdır ki, uşaq üçün onun maraqlarını maksimum təmin edən ailə seçilsin; onun xarakterinin, psixoloji yönümünün səciyyəvi cəhətləri nəzərə alınsın; uşağın ailədə yerləşdirilməsinin məqsədəmüvafiqliyi müəyyən edilsin. Məhz bu amillərdən çıxış edərək övladlığa götürmənin yolverilənlik məsələsi həll olunmalıdır. Uşağın maraqlarını (mənafeyini) dar mənada, məsələn, maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisi, qayğısı, nəvazişini hiss etməsi, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. -Valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsil məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Təqaüd yaşına çatmış və ya sağlamlıq vəziyyəti azyaşlı uşağın qayğısına qalmağı qeyri-mümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması ) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. -Məhkəmələr nəzərə almalıdırlar ki, hər zaman uşağın etnik mənşəyi, onun müəyyən dinə, mədəniyyətə, dilə mənsubluğu nəzərə alınmalı, tərbiyə və təhsilinin varisliyinin təmin olunması imkanlarına, həmçinin uşaqların fiziki, psixi, mənəvi və əxlaqi inkişafı imkanlarının təmininə diqqət yetirilməlidir. -Övladlığa götürmənin mümkünlüyü haqqında məsələnin həlli zamanı hər bir konkret halda övladlığa götürənin (götürənlərin) mənəvi və digər şəxsi keyfiyyətləri (övladlığa götürənin işdə, məişətdə davranışını xarakterizə edən hallar), şəxsiyyət, tamah və digər qəsdən törədilən cinayətlərə görə məhkumluğu özünün və onunla birlikdə yaşayan ailə üzvlərinin ailədə qərarlaşmış qarşılıqlı münasibətləri, həmin şəxslərlə övladlığa götürülən şəxslər arasında yaranan münasibətlər yoxlanılmalı və nəzərə alınmalıdır. -Hər bir halda məhkəmənin uşağın övladlığa götürülməsi ilə bağlı qərarı onun övladlığa götürmənin uşağın mənafeyinə uyğun olub-olmamasına dair işin faktiki hallarına əsaslanan daxili inamı formalaşdıqdan sonra verilməlidir.” Məhkəmə istinad edilən qanunvericilik normalarına, Ali Məhkəmənin Plenumunun qərarı ilə formalaşmış hüquqi mövqeyə, yuxarıda qeyd olunan məlumatlara və övladlığa götürmə ilə bağlı mərhələlərin nəticələrinə əsasən valideyn-namizəd Ərizəçi tərəfindən X5 övladlığa götürülməsini onun mənafeyinə uyğun hesab edir. Beləliklə, işin gerçək halları ilə müəyyən edilir ki, 24 fevral 2021-ci il təvəllüdlü X5 iş üzrə Ərizəçi tərəfindən övladlığa götürülməsi əsaslı olmaqla Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 117, 118, 120, 121, 122-125, 127-ci maddələrinə, o cümlədən, övladlığa götürülən uşağın mənafeyinə uyğundur. Ona görə də ərizə təmin olunmalıdır. AM-nin: 125.1-ci maddəsinə görə, övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır. 125.2-ci maddəsinə görə, övladlığa götürən ər-arvadın soyadları müxtəlif olduqda, onların razılığı ilə övladlığa götürülən uşağa ərin və ya arvadın soyadı verilir. 125.4-cü maddəsinə əsasən, övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Azərbaycan Respublikasının AM-nin 125.1-ci maddəsinin tələbinə uyğun olaraq, övladlığa götürənlərin xahişi ilə övladlığa götürülənin doğum haqqında akt qeydində atası Maraqlı şəxs3, anası Ərizəçi kimi qeyd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 345-ci maddəsinə görə, uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. 350.1-ci maddəsinə görə, məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs) tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamənin nəticə hissəsində övladlığa götürmənin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda qeyd edilməsi üçün zəruri olan övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir. Qətnamə yalnız qapalı məhkəmə iclası iştirakçıları üçün elan edilir. 350.2-ci maddəsinə görə, məhkəmə övladlığa götürənlərin (götürənin) uşağın doğulması haqqında akt qeydində valideynlər (valideyn) kimi yazılmasına, eləcə də uşağın doğulduğu tarix və yerin dəyişdirilməsinə dair onların xahişlərini rədd edərək, uşağı övladlığa götürmələri haqqında xahişlərini təmin edə bilər. 350.3-cü maddəsinə əsasən, xahiş təmin edildikdə, övladlığa götürənlərin (götürənin) və övladlığa götürülən uşağın qarşılıqlı hüquq və vəzifələri uşağın övladlığa götürülməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən müəyyən olunur. 350.4-cü maddəsinə əsasən, uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Məhkəmə hesab edir ki, 24 fevral 2021-ci il təvəllüdlü X9 Ərizəçi tərəfindən övladlığa götürülmüş hesab edilməli, övladlığa götürülən 24 fevral 2021-ci il təvəllüdlü X5 doğum haqqında akt qeydində atası Maraqlı şəxs3, anası Ərizəçi kimi qeyd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü ərizəçilərin üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 345-351-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 24 fevral 2021-ci il təvəllüdlü X9 Ərizəçi tərəfindən övladlığa götürülmüş hesab edilsin. Övladlığa götürülən 24 fevral 2021-ci il təvəllüdlü X5 doğum haqqında akt qeydində atası Maraqlı şəxs3, anası Ərizəçi kimi qeyd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1166/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1166/2024
28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver