Məhkəmə qərarları › İş №2(021)-1176/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1176/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1176/2024 28.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 manat və tərəfindən ödənilmiş 34 manat dövlət rüsumunun, cəmi 1434 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon sakinidir. Hazırki iş üzrə Cavabdeh uzun zamandır ki, tanıyır. Hər zaman aralarında normal münasibətləri olmuşdur. Cavabdeh 2014-cü ilin iyul ayında ona müraciət edərək qızının əməliyyatı üçün müəyyən bir məbləğdə borc pula ehtiyac olduğunu, pulu tezliklə ona geri qaytaracağını bildirmişdir. Onu uzun zaman tanıdığı üçün onun vermiş olduğu sözə inanaraq Cavabdeh 800 manat məbləğində pul vermişdir. Vermiş olduğu 800 manat pulu isə tez bir zamanda, yəni iki il yarıma qaytaracağını bildirdiyi zaman ağ bir kağıza öz əl yazması ilə yazmış və imza etmişdir. Daha sonra cavabdeh əməliyyat üçün yenidən ona pul verməyini bildirirək ondan 600 manat pul istəmişdir. Vermiş olduğu 600 manat pulu isə tez bir zamanda, yəni bir il yarıma qaytaracağını bildirdiyi zaman ağ bir kağıza öz əl yazması ilə yazmış və imza etmişdir. Uzun zaman keçməsinə baxmayaraq Cavabdeh ona borclu olduğu 1400 manat pulu ödəməmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq verməkdən imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Təqdim etdiyi qəbzlərin yapışdırılmasına münasibətdə isə bildirdi ki, cavabdeh tərəfindən yazılmış qəbzlər köhnəlib cırıldığı üçün yapışdırmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki işə əlavə olunmuş Seriya AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki iddiaçı tərəfindən sübut növü kimi 2 ədəd qəbz və 1 ədəd disk təqdim olunmuşdur. Diskə baxış zamanı heç bir video-görüntü və audio-yazı aşkar edilməmişdir. Təqdim olunmuş qəbzlərin biri latın əlifbasında-“Mən X1 Cəmlədən 800 yüz manat səkis yuz manat pul aldım. iki il yarım aya” sözləri, digəri kiril əlifbasında -“X5 Əlişova Cəmildən altı yüz 600 nəğdi pul aldım. bir səkkiz aya ödəyəcəm. 2014.11.7” sözləri yazılmış və hər ikisində imza çəkilmiş hissələr sonradan skoç vasitəsilə yapışdırılmışdır. İddiaçı qəbzlərin köhnəlib cırıldığı üçün yapışdırdığını bildirsə də, həmin qəbzlərin qayçı ilə kəsildiyi aydın görsənir. Həmçinin qəbzlər bir-birindən gözlə görüləcək dərəcədə fəqli xətlərdə yazılmışdır. Odur ki, həmin qəbzlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh də məhkəmə iclasına iştirak etməmiş və iddia tələbni etiraf etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı oğlunun Cavabdeh qarşı «pul » tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar