Məhkəmə qərarları › İş №2(021)-1186/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1186/2023

03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1186/2023 03.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 170 ədəd ot kipinin yanması nəticəsində vurmuş olduğu ziyana görə olan 986 manat maddi ziyanın alınıb ona verilməsinə dair qanuni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Bərdə rayonu Qarağacı kəndində məskunlaşıb yaşayır. Qarağacı kəndində məskunlaşıb yaşadığı zamandan mal-qara saxlayaraq ailəsinin dolanışığını təmin edir. Hazırki iş üzrə Cavabdeh uzun zamandır ki tanıyır. 2022-ci ilin sentyabr ayında mal-qara üçün 500 ədəd ot kipi almaq üçün hazırki iş üzrə cavabdehǝ pul verib və ona ot kipi alıb gətirəcəkdi. Təxminən 10 gündən sonra Cavabdeh ilə ot kipinin alınıb alınmaması ilə bağlı zəng etdiyi zaman, ot kiplərini aldığını lakin yolda gələn zaman 500 ədəd ot kipindən 170 ədədinin yandığını dedi. Maşında olan ot kiplərinin 170 ədədinin anidən yandığını bildirərək, hadisənin necə baş verdiyini bilmədiyini dedi. Hazırda Cavabdeh ona dəymiş olan ziyanın onun maşınında gətirdiyi zaman baş verdiyindən ona dəymiş olan ziyanın verməsini tələb etdikdə verməkdən imtina edir. 170 ədəd ot kipinin hazırki bazar qiyməti 986 manat edir. 986 manat pulun Cavabdeh tələb etdiyi zaman verməkdən imtina edərək onu yubatmağa başlayır. Bununla bağlı Bərdə rayon Polis Şöbəsinə müraciət etdiyi zaman mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini məsləhət gördülər. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bərdə Rayon Bölməsinin 17 yanvar 2023-cü il tarixli, 184 nömrəli arayışından görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş İddiaçı həqiqətən Bərdə rayonu Qarağacı kəndində müvəqqəti məskunlaşmışdır. İddiaçının sifarişi əsasında 28 dekabr 2022-ci il tarixli, ƏQ-0018/2022 nömrəli "xxxx" MMC tərəfindən verilmiş Yol-Nəqliyyat hadisəsi zamanı Avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, araşdırmalar və təhlillərə əsasən İddiaçı təqdim etdiyi siyahıya əsasən daşınma anında 170 (bir yüz yetmiş) ədəd yonca bağının yanması zamanı dəymiş zərərin ümumilikdə 28 dekabr 2022-ci il tarixinə REAL BAZAR DƏYƏRİ: 986 (doqquz yüz səksən altı) manat təşkil edir. Bərdə rayonu Qarağacı kəndində yaşayan İddiaçı DİN-nin 102 zəng mərkəzi xidmətinə ünvanladığı HK/2-6075 nömrəli müraciətinin icrasına dair arayışdan görünür ki, Bərdə rayonu Qarağacı kəndində yaşayan İddiaçı DİN-nin 102 zəng mərkəzi xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciəti icraata daxil olmuşdur. Vət. İddiaçı müraciətində 1 ay əvvəl ot kipi sifariş verməsi, Əlamət adlı şəxsə pul verməsi, sonuncunun 500 ədəd ot kipi gətirməsi, onlardan 170 ədədinin yandığını öyrənilməsi, dəymiş ziyanın isə Əlamət tərəfindən ödənilmədiyini göstərmişdir. Araşdırma zamanı İddiaçı müraciətində göstərmiş olduğu xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etmək hüququ olması barədə rəsmi cavab məktubu göndərilmişdir. İş materiallarında olan HK-r c.b.N.Naruzanın 14 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, O, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:44 radələrində Azərbaycan Respublikasının DİN-nin 102 xidmətindən verilən məlumatda bildirilir ki, Bərdə rayonu Qarağacı kəndində yaşayan İddiaçı 077 *** ** ** saylı nömrədən zəng edərək, 1 ay əvvəl ot kipi sifariş verməsi, Əlamət adlı şəxsə pul verməsi, sonuncunun 500 ədəd ot kipi gətirməsi, onlardan 170 ədədinin yandığının öyrənilməsi, dəymiş ziyanın Əlamət tərəfindən ödənilməməsi barədə məlumat vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 170 ədəd ot kipinin yanması nəticəsində vurmuş olduğu ziayan görə olan 986 manat maddi ziyanın alınıb ona verilməsinə dair qanuni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın təmin olunması sübutetmə yükü ilə əlaqədardır. İddiaçı iddia ərizəsində göstərilən halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında iddiaçı ilə cavabdehin 500 ədəd ot kipini almaqla bağlı razılığa gəlməsi və iddiaçının 500 ədəd ot kipi alması ilə bağlı cavabdehə pul verməsi (500 ədəd ot kipinə görə ödənilmiş pulun miqdarı da iddia ərizəsində qeyd edilməyib) və həmin ot kipinin 170 ədədinin yanması barədə mötəbər sübutlar (yazılı razılaşma, qəbz, müqavilə, yanğın hadisəsinə dair yanğın aktı və s.) təqdim edilməmişdir hansı ki, bura yazılı və maddi sübutlar da daxildir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən onun da mövqeyini öyrənmək mümkün olmamışdır. Buna görə məhkəmə hesab edir ki, hazırki iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı oğuna 986 manat ziyan vurması sübut olunmur. Ona görə də iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia təmin edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbinə əsasən dövlət büdcəsinə ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar