Məhkəmə qərarları › İş №2(021)-1215/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1215/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1215/2023 16.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “reqres qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh tərəfindən götürülmüş xx.xx.2018-ci il tarixli kreditə və Z-183GTKR0257042AE saylı, xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən bank tərəfindən əmək haqqı kartından silinmiş 6849,59 manatın, hüquqi yardıma görə ödənilmiş 200 manatın və dövlət rüsumuna görə ödənilmiş 90,49 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-dən xx.xx.2018-ci il tarixdə 48 ay müddətinə götürülmüş 19130 manat kredit müqaviləsinə görə iş yoldaşı və hazırkı iş üzrə Cavabdeh zamin durmuşdur. Kreditə görə bankla aralarında Z- 183GTKR0257042AE saylı xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 1-ci yarımbəndi ilə borcalanın bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və zamin olaraq bank qarşısında borcalanla birgə məsuliyyət daşımışdır. Həmin müqavilənin 9-cu yarımbəndinə əsasən “Zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından bank tərəfindən tutula (silinə) bilər, o cümlədən hesablarındakı digər valyutada olan pul vəsaitləri bankın elan etdiyi məzənnəyə və tarif dərəcələrinə əsasən konvertasiya edilərək silinə bilər”. Qeyd edilən yarımbəndi əsas tutaraq "xxxx" ASC xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək əməkhaqqı üzrə müvəkkilinin ödəniş kartından: xx.xx.2019-cu il tarixdə 118,12 manat, xx.xx.2019-cu il tarixdə 650,98 manat, xx.xx.2019-cu il tarixdə 377,42 manat, xx.xx.2019-cu il tarixdə 754,73 manat, xx.xx.2019cu il tarixdə 616,35 manat, xx.xx.2019-cu il tarixdə 1070,62 manat, xx.xx.2020-ci il tarixdə 255,52 manat, xx.xx.2020-ci il tarixdə 710 manat, xx.xx.2020-ci il tarixdə 546,79 manat, xx.xx.2020-ci il tarixdə 590,04 manat, xx.xx.2020-ci il tarixdə 628,29 manat, xx.xx.2020-ci il tarixdə 530,73 manat tutulmaları-silinmələri etmişdir: Ümumən Cavabdeh zamin durduğuna və Z-183GTKR0257042AE saylı zaminlik müqaviləsinə əsasən İddiaçı əməkhaqqı üzrə bank kartından tutulmaların cəmi məbləği 6849,59 manat etmişdir. Hesab edirik ki, qeyd olunan zaminlik müqaviləsinə əsasən "Kapital Bank” ASC tərəfindən tutulmuş 6849,59 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat və dövlət rüsumuna görə ödənilmiş 90.49 manat məbləğ qanunvericilikdə nəzərdə tutulmuş reqres qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, bankla iddiaçı arasında bağlanmış Z- 183GTKR0257042AE saylı, xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinin 6.1-ci yarımbəndinə əsasən zamin Borcalanın Bank qarşısında öhdəliklərini icra etdikdə Borcalana qarşı reqres qaydasında tələb irəli sürmək hüququ yaranır. Qeyd edilən tutulmalarla bağlı iddiaçı tərəfindən "xxxx"a müraciət edilmişdir. Bankın 1250001/02-164 saylı, 24 yanvar 2020-ci il tarixli məktubunda tutulmaların Cavabdeh xx.xx.2018-ci il tarixli 48 ay müddətinə götürülmüş dəyəri 19130 manat olan kreditinə və zaminlik müqaviləsinə görə olduğu, istənildiyi halda isə kreditin 60 ay müddətinə restrukturizasiya aparılmasının mümkünlüyü qeyd edilmişdir. Həmçinin vurğulanmalıdır ki tutulmalar həm cavabdehin, həm iddiaçının əməkhaqqı üzrə maaş kartından aparıldığından kredit borcu cavabdehdən tutulduqdan sonra yerdə qalan məbləğ İddiaçı məvacibindən silinmişdir. İddiaçı ilə vəkil arasında bağlanmış “Hüquqi yardım göstərilməsi haqqında” müqaviləyə əsasən iddiaçı tərəfindən hüquqi yardıma görə 200 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə dövlət rüsumu olaraq 90,49 manat ödəmişdir. Qanuna əsasən hazırki məbləğ cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 09 yanvar 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 09.07.ə1994-cü ildə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuşdur, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli Y/M “D” massivi, ev 25, mənzil 10-da qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 09 yanvar 2023-cü il tarixli arayışından görünür ki, X1 xx.xx.1995-ci ildə Naxçıvan MR Şərur rayonu Şahtaxtı kəndində anadan olmuşdur, Bərdə rayonu N saylı hərbi hissədə qeydiyyatdadır. 05 sentyabr 2018-ci il tarixli Z-183GTKR0257042AE saylı zaminlik müqaviləsindən görünür ki, Zamin-İddiaçı xx.xx.2018-ci il tarixli, 183GTKR0257042AE nömrəli müqavilə üzrə bocalanın bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. -kreditin məbləği 19130,00 manat; -kreditin qaytarılma müddəti 48 ay; -illik faiz dərəcəsi 25%. 07 yanvar 2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus əmək haqqı kartından 183GTKR0257042AE saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 118,12 manat, xx.xx.2019-cu il tarixdə 650,98 manat, xx.xx.2019-cu il tarixdə 377,42 manat, xx.xx.2019-cu il tarixdə 754,73 manat, xx.xx.2019-cu il tarixdə 616,35 manat, xx.xx.2019-cu il tarixdə 1070,62 manat, xx.xx.2020-ci il tarixdə 255,52 manat, xx.xx.2020-ci il tarixdə 710 manat, xx.xx.2020-ci il tarixdə 546,79 manat, xx.xx.2020-ci il tarixdə 590,04 manat, xx.xx.2020-ci il tarixdə 628,29 manat, xx.xx.2020-ci il tarixdə 530,73 manat tutulmalar-silinmələr edilmişdir. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış 06 yanvar 2023-cü il tarixli 04 nömrəli “Hüquqi yardım göstərilməsi haqqında” müqavilədən və 06 yanvar 2023-cü il tarixli 119334 nömrəli qəbzdən görünür ki, İddiaçı zaminliyə görə tutulmuş pulun geri (reqres) qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün vəkil Nümayəndə 200 manat məbləğində ödəniş etmişdir. 14 yanvar 2023-cü il tarixli 22937 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 90,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 05 sentyabr 2018-ci il tarixdə "xxxx" ASC-dən 48 ay müddətinə 19130 manat məbləğində kredit götürmüş, öhdəliyin təminatı olaraq İddiaçı ilə bank arasında 05 sentyabr 2018-ci il tarixli Z-183GTKR0257042AE saylı zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh kredit borcunu vaxtında ödəmədiyindən İddiaçı məxsus əmək haqqı kartından 183GTKR0257042AE saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 118,12 manat, xx.xx.2019-cu il tarixdə 650,98 manat, xx.xx.2019-cu il tarixdə 377,42 manat, xx.xx.2019cu il tarixdə 754,73 manat, xx.xx.2019-cu il tarixdə 616,35 manat, xx.xx.2019-cu il tarixdə 1070,62 manat, xx.xx.2020-ci il tarixdə 255,52 manat, xx.xx.2020-ci il tarixdə 710 manat, xx.xx.2020-ci il tarixdə 546,79 manat, xx.xx.2020-ci il tarixdə 590,04 manat, xx.xx.2020-ci il tarixdə 628,29 manat, xx.xx.2020-ci il tarixdə 530,73 manat tutulmalar-silinmələr edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6849,59 manat vəsait tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 65-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 90,49 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış 06 yanvar 2023-cü il tarixli 04 nömrəli “Hüquqi yardım göstərilməsi haqqında” müqavilədən və 06 yanvar 2023-cü il tarixli 119334 nömrəli qəbzdən görünür ki, İddiaçı zaminliyə görə tutulmuş pulun geri (reqres) qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün vəkil Nümayəndə 200 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardıma görə ödədiyi 200 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. MPM-nin 121.1-ci maddəsinin tələbinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 6849,59 (altı min səkkiz yüz qırx doqquz manat 59 qəpik) manat məbləğində pul, hüquqi yardıma görə ödənilən 200 (iki yüz) manat və 90,49 (doxsan manat 49 qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 7140,08 (yeddi min bir yüz qırx manat 08 qəpik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar