Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1257/2023 04.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Bəbk Vaqif oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" MMC -nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT "xxxx" MMC -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 2676,45 (iki min altı yüz yetmiş altı,45) manat əsas kredit, 723,33 (yeddi yüz iyirmi üç,33) manat faiz, 600,13 (altı yüz,13) manat cərimə borcu olmaqla, cəmi 3999,91 (üç min doqquz yüz doxsan doqquz,91) manatın və ödənilmiş 60 manat dövlət rusumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli KF/22594/22595/ZB saylı birgə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehlərə 18 ay müddətində illik 38 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3000 (üç min) manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini birgə borclular hissə-hissə geri qaytarmalı, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidirlər. Hal-hazırda iddiaçıya 2676,45 (iki min altı yüz yetmiş altı,45) manat əsas kredit borcları, gecikdirilmiş məbləğə göra hər gün 723,33 (yeddi yüz iyirmi üç,33) manat faiz borcları, eyni zamanda tərəflərlə aralarında bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən gecikdirilmiş məblığə görə hər gün üçün hesablanmış 600,13 (altı yüz,13) manat cərimə borcları, cəmi 3999,91 (üç min doqquz yüz doxsan doqquz,91) manat borclu qalmaqdadır. Cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn şərtləri icra etməmişlər. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 maddi inkansızlıqdan ödəniş edə bilmədiyini bildirdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxalərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli KF/22594 saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 qızına 18 ay müddətinə, illik 38 faiz olmaq şərti ilə 1500 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli KF/22594/G saylı Girov müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli KF/22594 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 verilmiş 18 ay müddətinə, illik 38 faiz olmaq şərti ilə 1500 manat kreditin təminatı olaraq “Giroqoyan” (Cavabdeh1) özünə məxsus 1 ədəd mebell dəstini “Girovsaxlayan” qarşısında girov qoymuşdur. Girov predmetinin ümumi dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 1600 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli KF/22595 saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh2 18 ay müddətinə, illik 38 faiz olmaq şərti ilə 1500 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli KF\22595\G saylı Girov müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli KF/22595 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 verilmiş 18 ay müddətinə, illik 38 faiz olmaq şərti ilə 1500 manat kreditin təminatı olaraq “Giroqoyan” (Cavabdeh2) özünə məxsus 1 ədəd mebell dəstini “Girovsaxlayan” qarşısında girov qoymuşdur. Girov predmetinin ümumi dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 2000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli KF\22594\22595\ZB saylı Zaminlik və Borclu Müqaviləsindən görünür Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli KF/22594 saylı və xx.xx.2019-cu il tarixli KF/22595 saylı kredit müqavilələri üzə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli KF/22595 Saylı kredit müqaviləsinə əlavə olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 (1500 manat krediti 18 ay müddətinə illik 38% olmaq şərtilə) aylıq ödənişi 110.61 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli KF/22595 Saylı kredit müqaviləsinə əlavə olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 (1500 manat krediti 18 ay müddətinə illik 38% olmaq şərtilə) aylıq ödənişi 110.61 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Maliyyə Arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli KF/22594/22595/ZB saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə kimi əsas məbləğ üzrə 2676.45 manat, faiz borcu üzrə 723.33 manat, cərimə borcu üzrə 600.13 manat, 60 manat məhkəmə rüsumu olmaqla cəmi 4059.91 manat borcu vardır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, BOKT "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli KF/22594 saylı və xx.xx.2019-cu il tarixli KF/22595 kredit müqavilələrinə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 hər birinə ayrı-ayrılıqda 18 ay müddətinə, illik 38 faiz olmaq şərti ilə 1500 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli KF\22594\22595\ZB saylı Zaminlik və Borclu Müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli KF/22594 saylı və xx.xx.2019-cu il tarixli KF/22595 saylı kredit müqavilələri üzrə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Mülki Məcəllənin 500.2-ci maddəsinə əsasən,birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısmda həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımmca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısnda birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli KF/22594 saylı və xx.xx.2019-cu il tarixli KF/22595 kredit müqavilələrinə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 hər birinə ayrı-ayrılıqda 18 ay müddətinə, illik 38 faiz olmaq şərti ilə 1500 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli KF\22594\22595\ZB saylı Zaminlik və Borclu Müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli KF/22594 saylı və xx.xx.2019-cu il tarixli KF/22595 saylı kredit müqavilələri üzrə zamin və birgə borclu olaraq kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.4-ci madəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zamin olaraq qanunvericiliklə müəyyən olunmuş tələbetmə müddətini itirmişdir. Odur ki, iddia tələbi zamin olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə tələb təmin oluna bilməz. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1 qızının və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı BOKT "xxxx" MMC-nin iddiasının 600.13 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 50 manat məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qayadada 2676.45 manat əsas borc, 723.33 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 3449.78 (üç min dörd yüz qırx doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc iddiaçı BOKT "xxxx" MMC -nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 60 manat məbləğində rüsumu cavabdehlərdən birgə qaydada iddiaçı BOKT "xxxx" MMC -nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qayadada 2676.45 manat əsas borc, 723.33 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 3449.78 (üç min dörd yüz qırx doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. İş üzrə ödənilmiş 60 (altmış) manat dövlət rüsumu iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1257/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1257/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver