Məhkəmə qərarları › İş №2(021)-1259/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1259/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1259/2023 27.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlu, İddiаçı Bank Olmayan kredit təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi tələbinə” dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Bank Olmayan kredit təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 516.80 manat əsas, 151.21 manat faiz borcu, eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.3cü bəndinə əsasən gecikdirilmiş məbləğə görə hesablanmış 224.35 manat cərimənin, cəmi 892.36 manat və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 30.00 manat dövlət rüsumunun cavabdehdən alınıb BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Hazırkı iddia ərizəsi isə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsi BOKT "xxxx" MMC-nin Tərtər Filialının X1 tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, iş materiallarından Elçin Səfərovun iddia ərizəsini imzalamaq hüququ müəyyən edilmir. Çünki, ərizəyə iddiaçı cəmiyyətin nizamnaməsi və filialın əsasnaməsi, habelə filialın rəhbərinin hüquqi şəxs tərəfindən təyin edilməsi barədə qərar əlavə edilməmişdir. Bütün bu sənədlər iş materiallarına əlavə edilmədən və səlahiyyətlər müəyyən edilmədən filial müdiri iddia ərizəsini imzalayaraq məhkəməyə təqdim etmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, dövlət rüsumunun X4 tərəfindən ödənildiyi göstərilmişdir. MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş etibarnamədən görünür ki, həmin etibarnamə üzrə nümayəndəyə “iddia ərizəsinin imzalanması” səlahiyyətinin verildiyi göstərilməmişdir. Bundan başqa X2 iddiaçı tərəfindən hər hansı səlahiyyət verilməsinə dair etibarnamə iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddiaçı Bank Olmayan kredit təşkilatı "xxxx" MMC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiаçı Bank Olmayan kredit təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar