Məhkəmə qərarları › İş №2(021)-1291/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1291/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1291/2022 18.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 2833 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2020-ci ilin dekabr ayında onlardan 2833 manat pul alaraq Bərdə rayon Qazaxlar kəndində 0.45 ha torpaq sahəsini onlara alıb verəcəyini bildirmişdir. Bərdə rayon Qazaxlar kəndində yerləşən ümumi sahəsi 3.15 ha torpaq sahəsini 3 nəfər şərikli almışlar. Həmin şərik olan şəxslər X8 Vüqarın 2.14 ha adına payına düşən torpağı keçirib, yerdə qalan 1 ha torpağı Gəncəliyev Bəxtiyar öz adına keçirmişdir. Onların payına düşən 0.45 ha torpaq sahəsini onlara verməkdən boyun qaçırmışlar. Cavabdeh olan Turaldan pulunu tələb etsə də, pulu Fazilə verdiyini və pulu ondan ala bilmədiyini ona demişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, 2833 manat pulu Turalın vasitəsi ilə Fazilə vermiş, sonra bir yerdə Qaranın yanına getmişlər və Fazil də pulu Qaraya vermişdir. Qara da həmin pulu Zabilə vermişdir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, İddiaçı arvadı ilə birlikdə onun yanına gəlmiş və onlar birlikdə gedərək pulu Qaraya vermişdirlər. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 112 saylı Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Qazaxlar kəndində yaşayır. Mülki işə əlavə olunmuş № 0789 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup müharibə əlilidir. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)1624/2021 saylı 24.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 2833 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş, lakin iddia tələbi təmin olunmamışdır. Həmçinin həmin qətnamədən müəyyən olunur ki: Bərdə rayon Məhkəməsinin 2(021)-147/21 saylı 02 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 cavabdeh Əvəzov Namiq Abış oğluna qarşı “torpaqdan çıxarılma ” tələbinə dair iddia təmin olunmamış, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əvəzov Namiq Abış oğlunun cavabdehlər X3 və X4 qarşı “pul” tələbinə qarşılıqlı iddia ərizəsi qismən təmin edilməklə, qarşılıqlı iddia üzrə cavabdeh X1 1950 manat alınaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əvəzov Namiq Abış oğluna ödənilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)969/2022 saylı 24.02.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)1624/2021 saylı 24.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bərdə rayon Məhkəməsinin 2(021)1624/2021 saylı 24.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, İddiaçı bundan əvvəl də eyni tələblə X5 qarşı iddia qaldırmış, lakin ona pul verməsinə dair hər hansı bir hal sübut olunmadığından iddia tələbi təmin olunmamışdır. Hazırda eyni tələblə Cavabdeh qarşı iddia qaldırmış, həmçinin məhkəmə iclasında cavabdeh və iddiaçının özü də bildirmişdir ki, pulu Qara adlı şəxsə vermişdir. Beləliklə İddiaçı Cavabdeh pul verməsinə dair hər hansı bir hal sübut olunmur. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzrəinə düşür” prinsipi rəhbər tutulur. Odur ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçının Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar