Məhkəmə qərarları › İş №2(021)-1302/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1302/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1302/2022 11.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 2230 manat borcun və ödənilmiş 42 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, 2002-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Zərdab rayonu Azərbaycan küçəsində yerləşən “Aydan Telekom” mağazasında mobil nömrə satışını həyata keçirir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1230 manat məbləğində 1100 ədəd sim nömrəni ona vermişdir. Cavabdeh malın dəyərini 3 ay ərzində ödəməli idi. Lakin ödəniş cədvəli üzrə 230 manat ödəniş etmiş, qalan 2230 manatı bugünə qədər ödəməmişdir. Qeyd olunanlara əsasən, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsini o imzalamamışdır. İddiaçıya borcu yoxdur. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AZE ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Zərdab rayon Məmmədqasımlı kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Mirbəşir rayon Hacallı kəndində anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi qiyməti 1230 manat dəyərində olan azercell nömrələrini hissə-hissə ödəmək şərti ilə satılmışdır. 230 manat nağd ödəniş olunur. Mülki işə əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli İzahatından görünür ki, 1000 ədəd sim nömrənin pulunu, 1000 manatı 31 marta qədər ödəyəcəyini qeyd etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2022-ci il tarixli 4/1133 saylı Ekspert Rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci vərəqinin aşağı sağ hissəsindəki və 2-ci vərəqinin aşağısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. (Ekspertiza xərci 127 manat) Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, Alqı-Satqı müqaviləsi bağlanmış, Cavabdeh ümumi qiyməti 1230 manat dəyərində olan 1000 ədəd sim nömrələr hissə-hissə ödəmək şərtilə satılmışdır. Həmin pulun 230 manatı nağd şəkildə ödənilmişdir. Müqavilə şərtinə əsasən verilən nömrələrin hər birini aktivasiya üçün Aydan Telekom sisteminə göndərmək, əks halda satıcıya hər bir nömrənin dəyərinin 2 qatını ödəmək vəzifəsi alıcıya vəzifə olaraq müəyyən edilmişdir. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməyərək borcunu ödəməmiş və müqavilə şərtinə əsasən verilən nömrələrin hər birini aktivasiya üçün Aydan Telekom sisteminə göndərməmişdir. Cavabdeh borcunu ödəmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Cavabdeh, Cavabdeh alqı-satqı müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirmiş, məhkəmə bununla bağlı məhkəmə- xətşünaslıq ekspertizası təyin etmiş və ekspert rəyində göstərilmişdir ki, xx.xx.2020-ci il tarizli alqı-satqı müqaviləsinin 1-ci vərəqinin aşağı sağ hissəsindəki və 2-ci vərəqinin aşağısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2000 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, 230 manat pul nağd şəkildə ödənilməsi müəyyən olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 42 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ekspertiza xərci- 127 manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 2000 manat məbləğində pul və ödənilmiş 42 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ekspertiza xərci- 127 manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar