Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1305/2025 04.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş olduğu maddi ziyana görə 2500 manat pulun, verilməsinə görə ödənilmiş 45 manat hüquqi yardıma cəmi 2545 manat məbləğində zərərin əvəzinin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 595.1-ci maddəsinə əsasən alıcı alğısatqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Həmin Məcəllənin 595.2-ci maddəsinə əsasən bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 612.1-ci maddəsinə əsasən heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. Həmin Məcəllənin 612.1.1-ci maddəsinə əsasən bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir. Həmin Məcəllənin 612.1.2-ci maddəsinə əsasən əgər müqavilə ləğv edilənədək alıcının cavabdeh olduğu hallar nəticəsində heyvanın, quşun və ya balığın vəziyyəti əhəmiyyətsiz dərəcədə pisləşmişdirsə, alıcı onun dəyərinin azalmasını kompensasiya etməlidir. Heyvandan, quşdan və ya balıqdan istifadə nəticəsində hər hansı faydanın əvəzini alıcı yalnız bu cür faydanı əldə etmiş olduğu halda ödəyir. Həmin Məcəllənin 613.1-ci maddəsinə əsasən alıcı hər hansı başlıca qüsur əsasında ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan sonra üç gündən gec olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən sonra satıcıya bu qüsur barəsində məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir və ya qüsur əsasında ona qarşı iddia irəli sürmür. Əgər satıcı bu qüsur barəsində qəsdən susmuşdursa, hüquq itmir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehdən aldığı bir baş iri buynuzlu heyvanın qüsurlu olması barədə cavabdehə məlumat (bildiriş) verməli olduğu və pretenziya qaydasına riayət etməli olduğu halda bu qaydaya riayət etməyərək birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, yalnız pretenziya qaydasına riayət edildikdən, yəni malın qüsurlu olması barədə və onun dəyişdirilməsi barədə müddət verilməsi, həmin müddətdə tələb yerinə yetirilmədiyi təqdirdə vurulmuş zərərin ödənilməsi və malın geri qaytarılması, yəni müqavilənin ləğvinə dair bildirişi cavabdehə göndərməsi və həmin bildirişin çatmasına dair sənədi məhkəməyə təqdim etdikdən sonra hazırki məsələyə baxıla bilər. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş materiallar İddiaçı geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1305/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1305/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver