Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1334/2021 28.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh oğluna qarşı “əldən çıxmış fayda” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan əldən çıxmış faydaya görə 2500 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh oğluna qarşı Bərdə rayon Məhkəməsində 2018-ci ildə 2100 manat çəkilmiş xərc, 400 manat maddi ziyan, 1000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Bərdə rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Belə ki, həmin qətnaməyə əsasən Cavabdeh oğlundan 1714. 5 manat alınaraq ona ödənilməlidir. Keçən müddət ərzində cavabdeh ona borclu oduğu pulu ödəməmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, Cavabdeh oğlu ona borclu qaldığı pulu vaxtında qaytarsaydı, həmin pulu dövr etdirməklə, yeni qazanc və gəlir əldə etməklə ən azı 2500 manat gəlir əldə edərdi. Cavabdehin hərəkəti nəticəsində həmin qazanc əldən çıxmışdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1959-cu il tarixdə Ağsu rayon Gəgəli kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş Ağsu rayon İcra Hakimiyyəti Başçısının Gəgəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.03.2021-ci il tarixli, 103 saylı arayışdan görünür ki, İddiaçı oğlu Ağsu rayon Gəgəli kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı oğlunun cavabdeh Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia tələbi qismən təmin olunaraq Cavabdeh oğlundan 1714.5 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb İddiaçı oğluna verilməsi qət olunmuşdur. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı oğlu məhkəmədə cavabdeh Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia qaldırmış, Bərdə rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh oğlundan 1714.5 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb İddiaçı oğluna verilməsi qət olunmuşdur. Lakin Cavabdeh oğlu qətnaməni icra etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində əldə çıxmış faydanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. İş materiallarında məhkəmə qətnaməsinə əsasən cavabdehdən 1714.5 manat pulun alınıb iddiaçı ödənilməli olduğu halda ödənilmədiyi təsdiq edilsə də, iddiaçı, cavabdehin göstərilən hərəkəti nəticəsində əldən çıxmış faydanın məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın sübut olunması üçün iddiaçının hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbinin rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı oğlunun Cavabdeh oğluna qarşı “əldən çıxmış fayda” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-1334/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1334/2021
28.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver