Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1357/2024 10.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1300 (bir min üç yüz) manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və cavabdehin vəsiqəsindən arayış almaq üçün vəkilə ödənilmiş 60 manat rüsumun, cəmi 1390 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 29 oktyabr 2023-cü il tarixdə Bərdə rayonu Zümürxan kənd sakini Cavabdeh Bərdə rayonu Mal bazarı adlanan ərazidə 2800 manat dəyərində 1 baş iri buynuzlu yanı balalı inək almışdır. Cavabdeh inəyi ona satarkən inəyin tam sağlam olduğunu və günə 15 litr süd verdiyini bildirmişdir. Cavabdehə inanaraq 2800 manat məbləğində pulu verib 1 baş iri buynuzlu yanı balalı inəyi cavabdehdən almışdır. Lakin inəyi aldıqdan 7 gün sonra cavabdehin satdığı inəyin 15 litr süd vermədiyini görmüşdür. Həmin vaxt cavabdehə zəng etmiş, inəyin 15 litr süd vermədiyini və buna görə geri qaytarmaq istədiyini bildirmişdir. Cavabdeh etirazını qəbul edərək 2800 manat puldan ilkin olaraq 1500 manatını verəcəyini, daha sonra 1300 manatı qaytaracağını bildirmişdir. Cavabdehlə razılaşmış və 1500 manatı almışdır. Lakin bir müddət sonra cavabdehdən borclu qaldığı 1300 manat pulu tələb etdikdə cavabdeh verməkdən imtina etmiş və həmin pulu verməyəcəyini bildirmişdir. Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Bərdə RPŞ-də şikayət ərizəsinə baxılmamış və mülki iş üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bu vaxta qədər dəfələrlə cavabdehdən borclu olduğu 1300 manat pulun verilməsini tələb etməsinə baxmayaraq, hər səfərində cavabdeh verməkdən imtina edir. Cavabdeh ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, iddiaçı oğludur. X5 rayon Mal bazarında Cavabdeh 2800 manata yanı balalı inək almış, inəyi alarkən Cavabdeh inəyin hər gün 15 litr süd verdiyini vəd vermişdir. İnək deyilən miqdarda süd vermədiyindən oğlu Cavabdeh zəng edərək gəlib inəyi aparmasını, inəyi qaytarmaq istədiyini bildirmişdir. Sonuncu oğluna bildirmişdir ki, 1500 manat verib inəyi aparsın, qalan 1300 manatı isə inəyi satıb versin.Oğlu cavabdehlə razılaşmış, 1500 manat pulu alıb inəyi cavabdehə qaytarmışdır. İnəyi qaytararkən oğluna demişdir ki, “inəyi verməsin, cavabdeh onu aldadacaq, qalan pulunu verməyəcək”. Cavabdeh inəyi aparmaq üçün yaşadığı ünvana gəlmiş, həmin vaxt oğlu evdə olmamışdır. İnəyi cavabdehə vermək istəməmiş, sonuncu oğluna zəng edərək inəyi aparmağa gəldiyini, inəyi satıb qalan pulunu qaytaracağını, kişi sözü verdiyini bildirmiş və inəyi maşına qoyaraq aparmışdır. Bundan sonra oğlu və özü dəfələrlə cavabdehin yaşadığı evə gedərək pulu tələb etsələr də, cavabdeh pulu qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, şahidi dindirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur, Bərdə rayonu Hacallı kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Bərdə rayonu Zümürxan kəndində anadan olmuşdur, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli 221 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Hacallı kəndində yaşayır və pasport qeydiyyatındadır. 13 dekabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. 28 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün əlavə olaraq 3 manat məbləğində dövlət rüsumu ödəmişdir. 16 fevral 2024-cü il tarixli orderdən görünür ki, İddiaçı hüquqi xidmət göstərilməsinə görə Bərdə Rayon Vəkil Bürosuna 60 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı 29 oktyabr 2023-cü il tarixdə Cavabdeh 2800 manat məbləğində pul verərək 1 baş yanı balalı inək almışdır. Cavabdeh inəyin 15 litr süd verdiyini vəd etsə də, inək göstərilən miqdarda süd vermədiyindən iddiaçı inəyi cavabdehə qaytarmışdır. Cavabdeh inəyi geri alaraq 1500 manat pulu iddiaçıya qaytarmış, qalan 1300 manatı isə inəyi satdıqdan sonra qaytaracağına söz versə də, həmin məbləğdə pulu qaytarmamışdır. İddiaçının təqdim etdiyi 1 ədəd SD diskdə olan görüntülü səs yazısından da görünür ki, cavabdeh iddiaçıya 1300 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya 1300 manat məbləğində borcunun olması məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2.-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki mübahisənin gerçək hallarından görünür ki, cavabdeh iddiaçıya satdığı bir baş yanı balalı inəyi geri alsa da, inəyin dəyəri olan 2800 manat puldan 1500 manatını iddiaçıya qaytarmış, qalan 1300 manat məbləğində pulu isə qaytarmamışdır. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh 1300 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin gerçək hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 33 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 33 manat məbləğində dövlət rüsumu ödəsə də, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tələb etmişdir. Odur ki, iddia dövlət rüsumunun tutulmasına dair hissədə iddia ərizəsinə uyğun qaydada təmin edilməli, iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Bundan başqa mülki iş materiallrından görünür ki, iddiaçı hüquqi yardım almaq üçün Bərdə Rayon Vəkil Bürosuna 60 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 60 manat məbləğində hüquqi xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat pul, 60 (altmış) manat xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1390 (bir min üç yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1357/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1357/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver