Məhkəmə qərarları › İş №2(021)-138/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-138/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-138/2022 18.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X2 оğlunun iclas kаtibliyi ilə, İddiаçı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı İddiaçı QSC-nin xeyrinə 2478.82 manat məbləğində əsas kredit borcu, 1605.54 manat məbləğində faiz borcu və 2109.55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6193.91 (altı min yüz doxsan üç manat doxsan bir qəpik) manat məbləğində borcun, məhkəmədə idda qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.12.2014-cü il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətində, aylıq faiz dərəcəsi 2.0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5400 (beş min dörd yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış , kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.12.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2921.18 manat ödəmiş, onun 2478.82 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.4–cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmalı olduğu üçün 27.01.2021-ci il tarixdə 723 gün üçün hesablanmış faiz borcu 1605.54 manat təşkil edir. Kredit razılaşmasının 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 27.01.2021-ci il tarixdə 723 gün üçün hesablanmış cərimə 2109.55 manat təşkil edir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər müqavilənin şərtlərini tamamilə icra edilməsinə görə borcalanla birlikdə cavabdehlik daşıyırlar. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə verərək, məhkəmə iclasının onun iştirkı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 30.12.2014-cü il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla 5400.00 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 29.03.2018-ci il tarixli 025G**********01 saylı saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 kredit alan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 01.11.2017-ci il tarixli 025A********** saylı Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 30.12.2014-cü il tarixli 025G**********02 saylı saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kredit alan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 30.12.2014cü il tarixli 025A********** saylı Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zaminlik müqaviləsi bağlamışlar. İş materiallarına əlavə edilmiş 29.03.2018-ci il tarixli, 025A**********SB saylı Sazişdən görünür ki, 01.11.2017-ci il tarixli 025A********** saylı Kredit müqaviləsinə və Ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən təqdim edilmiş Maliyyə arayışından görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2014-cü il tarixli 025A********** kredit müqaviləsi üzrə cavabdehin 27.01.2021-ci il tarixə 2478.82 manat məbləğində əsas kredit borcu, 1605.54 manat məbləğində faiz borcu və 2109.55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6193.91 manat məbləğində manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti borcun ödənilməsi üzrə bağlı cavabdehlərə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2021-ci il tarixli, 9\8720 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlar, 30.12.2014-cü il tarixli 025A********** saylı kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 06.05.2019-cu il tarixə 2445.38 manat əsas, 307.61 manat faiz borcu olmaqla cəmi 2752.99 manat borcu, 30.03.2021-ci il tarixə 2445.38 manat əsas, 307.61 manat faiz, illik 5%-lə 232.31 manat faiz borcu borcu olmaqla cəmi 2985.30 manat borcu təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.12.2014-cü il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətində, aylıq faiz dərəcəsi 2.0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5400 (beş min dörd yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. İş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə borca münasibətdə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən iddiaçı bank tərəfindən əsas və faiz borcun yuxarı məbləğdə hesablanması müəyyən edilmişdir. Belə ki, ekspert rəyinə əsasən cavabdehin banka əsas borc üzrə 2478.82 manat deyil, 2445.38 manat, faiz borcu üzrə 1605.54 manat deyil, 307.61 manat borcu vardır. Ekspert rəyi əsasında cavabdehin banka olan əsas və faiz borcun məbləğinin tələb olunan məbləğdən yuxarı həddə olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borc məbləği ekspert rəyinə əsasən tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı "xxxx" QSC-nin iddiasının 2109.55 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və dəbbə pulu olaraq 30 manat məbləğində tutulması ədalətlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısmda həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımmca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısmda birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 36 ay müddətinə kredit verilmişdir. 30.12.2014-cü il tarixli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2014-cü il tarixli 025G**********02 saylı Kredit Müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 29.03.2018-ci il tarixli 025G**********01 saylı saylı zaminlik müqaviləsi ilə zamin Cavabdeh3 kredit alan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 01.11.2017-cİ il tarixli 025A********** saylı Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 477.0.4-ci madəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş tələbetmə müddətini itirmişdir. Odur ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə tələb təmin oluna bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2445.38 manat əsas borc, 307.61 manat faiz borcu, 30 manat cərimə borcu olmaq cəmi 2782.99 manat kredit borcun iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsumu Cavabdeh1 iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh1 2445.38 manat əsas borc, 307.61 manat faiz borcu, 30 manat cərimə borcu olmaq cəmi 2782.99 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulаrаq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar