Məhkəmə qərarları › İş №2(021)-1383/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1383/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1383/2024 04.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və cavabdeh X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4000 (dörd min) manat məbləğində borcun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Birinci Qarabağ müharibəsinin qazisidir. Cavabdehi uzun illərdi tanıyır, onunla qonşu kənddə yaşamaqla yaxşı münasibətləri olmuşdur. Cavabdehə 2018-ci ildə 5000 manat məbləğində pul vermişdir. 2023-cü ilin oktyabr ayına kimi borcunun bir hissəsini ödənilmiş, hazırda cavabdehin ona 4000 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə yazılı qəbz verərək borclu olduğu pulu ödəyəcəyini bildirmişdir. Ona borcun qaytarılması üçün müəyyən vaxt qoymur. Mütəmadi olaraq müxtəlif bəhanələr edərək borcunu ödəməkdən yayınır. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdehə 5000 manat məbləğində pulu Bərdə şəhərində “Saray” adlanan yerdə arvadının və kürəkəninin yanında vermiş, cavabdehin qardaşı Əlövsət Verdiyevdə qardaşının ondan 5000 manat borc pul aldığını bilmişdir. Cavabdeh cinayət törətdiyinə görə həbs olunmuş, ona görə də pulunu tələb edə bilməmişdir. Sonuncu həbsdən çıxdıqdan sonra 2023-cü ildə pulunu tələb etmiş, cavabdeh ona borclu olması barədə qəbz yazıb verərək, torpaq sahəsini ona vermişdir. Lakin bir müddət sonra cavabdehin ailə üzvləri torpağı ondan almışlar. Cavabdeh borcundan 1000 manat ödəmiş, hazırda sonuncunun ona 4000 manat məbləğində borcu qalmışdır. İddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, iddiaçıdan 6 il əvvəl pul götürərək başqa bir şəxsə vermişdir. Pulu verdiyi şəxs isə ölmüşdür. 2024-cü ilin yanvar ayında borc aldığı puldan 100 manat iddiaçıya qaytarmış, fevral ayında isə imkanı olmadığından 50 manat vermiş, lakin iddiaçı pulu qəbul etməmişdir. İddiaçıda olan borc sənədini özü yazmışdır. Lakin onun iddiaçıya 4000 manat deyil, 3200 manat məbləğində borcu var. İddiaçıya borclu olduğunu etiraf edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, İddiaçı əridir. Əri 6 il əvvəl kreditə pul götürərək Cavabdeh vermişdir. Pulu verdikdən bir müddət sonra Cavabdeh cinayət hadisəsi törətdiyinə görə həbs edilmişdir. Sonuncu həbsdən çıxdıqdan sonra pullarını tələb etsələr də qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, İddiaçı qayınatasıdır. Qayınatası ilə cavabdehin əvvəllər yaxşı münasibətləri olmuşdur. Həmin dövrdə cavabdehin Bərdə rayon köhnə Təhsil Şöbəsinin yanında ofisi olmuş, orada işləmişdir. İddiaçı onun yanında cavabdehə 4000 manat borc pul vermiş, cavabdeh isə borc olaraq aldığı pulu geri qaytarmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidləri dindirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuşdur, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi surətindən surətindən görünür ki, Cavabdeh xx.xx.1959-cu ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli 147 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır və yaşayır. 085345 nömrəli vəsiqə surətindən görünür ki, X2 İİ qrup müharibə əlilidir. Cavabdeh xx.xx.2023-cü il tarixli əlyazmasından görünür ki, Cavabdeh 2018-ci ilin sentyabr ayında Bərdə rayonu Kətəlparaq kənd sakini İddiaçı borc olaraq 4000 (dörd min) manat pul almışdır. Aldığı pulun əvəzinə torpaq sahəsini vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh 2018-ci ildə iddiaçıdan 4000 (dörd min) manat məbləğində borc pul almış, borcunu qaytaracağına söz versə də qaytarmamışdır. Cavabdeh iddiaçıdan 4000 manat məbləğində borc pul alması barədə xx.xx.2023-cü il tarixdə iddiaçıya qəbz yazıb vermişdir. Cavabdeh iddiaçıya borclu olduğu pulun bir hissəsini qaytardığını, hazırda iddiaçıya 3200 manat məbləğində borcunun qaldığını bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, əksinə, iddiaçının təqdim etdiyi və cavabdehin özü tərəfindən yazıldığını etiraf etdiyi xx.xx.2023-cü il tarixli əlyazma qəbz ilə onun iddiaçıdan 4000 (dörd min) manat məbləğində borc pul alması sübut olunur. İddiaçı isə məhkəmə iclasında verdiyi izahatında cavabdehin ondan 5000 manat borc pul aldığını, borcundan 1000 manat ödədiyini, 4000 manat borcunu isə hazırkı vaxtadək ödəmədiyini, ona görə də 4000 manat pulun ödənilməsini tələb etdiyini bildirmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya 4000 manat məbləğində borcunun olması məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2.-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki mübahisənin gerçək hallarından görünür ki, cavabdeh iddiaçıdan 5000 manat məbləğində borc pul almış, borclu olduğu pulu qaytaracağına söz versə də, cəmi 1000 manat qaytarmış, qalan 4000 (dörd min) manat məbləğində borcunu isə qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. MM-nin 529.3-cü maddəsinə görə, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, cavabdeh 4000 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, bundan başqa cavabdehin verdiyi borc sənədi iddiaçıda olduğundan cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçının qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməkdən azad edilmişdir. MPM-nin: 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı İİ qrup müharibə əlili olduğundan dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 60 (altmış) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar