Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1392/2025 05.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “Pul” tələbinə dair mülki işə 05 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1150(min yüz əlli) manat pulun və ona vurduğu ziyana görə 960 (doqquz yüz altmış manat) pulun, ümumilikdə 2110 (iki min yüz on) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İ qrup müharibə əlilidir. Cavabdeh dostu X1 vasitəsilə tanıyıb. 2023-cü ildə Sadiqlə birlikdə Goran Ticarət Mərkəzindən 2 komplekt "Omax" markalı rotest (yuma) aparatı alıblar. Lakin icarə haqları yüksək olduğu üçün avtoyuma məntəqəsi işlədə bilməyiblər. 2024-cü ilin aprel ayında Zabutay Sadiqə bildirib ki, rotest aparatını almaq istəyir. Onlar cavabdehlǝ rotestin qiymətini 2200 (iki min iki yüz) manata razılaşıblar. Rostei götürən zaman Zabutay ona 1100 (min yüz) manat pul verdi. Söz verdi ki, pulun qalan hissəsini 1-2 həftəyə ödəyəcək. Təxminən 1 həftə sonra Zabutay ikinci rotesti də istədi. Həmin rotest işlənmiş olduğu üçün onun qiymətini 1150 (min yüz əlli) manata razılaşıblar. Zabutay həmin vaxt Bakı şəhərində olduğu üçün Sadiq rotest aparatını Bakı şəhərinə aparıb orada Zabutaya verib. Həmin vaxt Zabutay ikinci rotesti aldığına görə heç bir ödəniş etməyib. Belə ki, pulu karta ötürmək istədiyini, lakin telefonu format olduğu üçün açılmadığını bəhanə gətirib. Bundan sonra Zabutay hər dəfə müxtəlif bəhanələr gətirərək pulun qalanını ödəmədi. Buna görə 2024-cü ilin oktyabr ayında o Gəncə şəhəri 3-cü X2 şikayət edib, şikayət etdiyi üçün Zabutayın anası Səfuzər 1100 (min yüz) manat pulu gətirib sahə müvəkkili Xəyyam Qurbanova verib. O, həmin pulu götürmək istəməyib. Ancaq Səfuzər xanım söz vermişdi ki, tez bir vaxtda pulun qalan hissəsini də ödəyəcək. Buna görə 1100 (min yüz) manatı götürüb. Beləliklə, Zabutayın ona 1150 (bir min yüz əlli) manat borcu qalıb. Qalan borcunu Zabutay hal-hazıradək ödəməmişdir. O, maddi imkanı olmadığından rotest aparatlarını almaq üçün lombarddan pul götürüb. Hər ay lombarda müəyyən məbləğdə pul ödəyir. Rotest aparatlarını Zabutaya ona görə satıb ki, Zabutaydan pulu alıb lombardı bağlayar. Lakin Zabutay pulu vaxtında ödəmədiyi üçün 2024-cü ilin avqust ayında məcbur olub "Unibank" in Gəncə şəhər Nizami filialından 2500 (iki min beş yüz) manat kredit götürüb və həmin məbləğlə lombardı bağlayıb. Həmin vaxtdan hal-hazıradək banka hər ay 160 (yüz altmış) manat ödəyir. Beləliklə, Zabutayın onun pulunu geçikdirməsi nəticəsində ona həm də hər ay 160 manat banka ödəniş etdiyinə görə, 6 ay ərzində 960 (doqquz yüz altmış) manat ziyan dəymişdir. Həmin məbləği də cavabdehdən tələb edir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin İddiaçı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh 2250 manat pulun tələbi ilə bağlı məhəməyə müraciət edə bilər. xx.xx.2024-cü tarixli 130nkGNDJ/24 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 17 ay müddətinə qaytarmaq şərti ilə 2500 manat məbləğində krediti hər ay 160 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuşdur, Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə massivi 55 ünvanında qeydiyyatdadır. 0380 saylı Azərbaycan Respublikası “X4” İctimai Birliyinin vəsiqəsindən görünür ki İddiaçı İ qrup müharibə əlilidir. DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin 017490 nömrəli vəsiqəindən görünür ki, İddiaçı müddətsiz İ qrup əlildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı Cavabdeh nisyə əsaslarla 2 ədəd yuma aparatı satdığını bildirsə də, bu barədə iddia ərizəsinə mötəbər sübut əlavə edə bilməmişdir. İddia ərizəsinə əlavə etmiş olduğu kredit müqaviləsi isə öz adına götürmüş olduğu öhdəlik olaraq müəyyən olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
İddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev