Məhkəmə qərarları › İş №2(021)-1398/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1398/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1398/2023 30.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllər tanımış, onunla normal münasibətləri olmuşdur. Cavabdeh 2022-ci ilin may ayında ondan 1500 manat, daha sonra 500 manat borc pul almış və bu barədə öz xətti ilə qəbz yazıb vermişdir. Cavabdeh borcunu qaytarmamış xx.xx.2022-ci il tairxdə Cavabdeh ondan əlavə 5000 manat borc pul istəmiş, etibar etdiyindən cavabdehə 5000 manat borc pul vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh yenidən ona yaxınlaşaraq 2000 manat borc pul istəmiş və bildirmişdir ki, yaxın günlərdə ona borclu olduğu ümumi 9000 manat pulu tez bir zamanda qaytaracaq. Cavabdehlə yaxşı münasibəti olduğundan və ona inandığından həmin məbləği də cavabdehə vermişdir. Cavabdeh ondan borc alarkən hər dəfə öz xətti ilə qəbz yazıb vermişdir. Bir müddət sonra pulunu qaytarmasını tələb etsə də, Cavabdeh mobil telefonlarına dəfələrlə zəng vuraraq pulunu geri istəsə də heç bır nəticəsi olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək Cavabdeh 6000 manat pul vəsaitinin alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, habelə göstərdi ki, cavabdeh borclu olduğu puldan 3000 manatını qaytarmışdır. Cavabdeh özünə məxsus təqaüd kartını ona vermiş, cavabdehin təqaüd kartı bir müddət onda olmuş, lakin həmin kartdan cavabdehin bildirdiyi kimi hər dəfə 400 manat deyil, az miqdarda pul çıxarmışdır. Bundan başqa kart onda olduğu müddətdə kartı oğlu Fəridə də vermiş, sonuncu da bir neçə dəfə həmin kartdan pul çıxarmışdır. Daha sonra isə cavabdeh kartı blokladığından pul çıxarmaq mümkün olmamışdır. Hazırda cavabdehin ona borclu olduğu 6000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, o, müharibə veteranı və qazidir, yəni müharibə əlilidir. İddiaçı müxtəlif vaxtlarda ona cəmi 9000 manat məbləğində pul vermiş, lakin həmin pulu borc kimi deyil, sələm olaraq vermişdir. Pulu alarkən iddiaçıya öz xətti ilə qəbz yazıb vermişdir. 9000 manat puldan 3700 manatını əvvəllər ödəmişdir. 280 manat məbləğində pensiya, 400 manat məbləğində isə Prezident təqaüdü alır. 400 manat məbləğində Prezident təqaüdü alması barədə bank kartı 2020-ci ilin iyun ayından 2022-ci ilin dekabr ayına kimi iddiaçıda olmuş, sonuncu bu müddət ərzində kartından hər ay 400 manat pul çıxararaq aldığı pulun faizi kimi özünə götürmüşdür. Nəğd şəkildə qaytardığı 3700 manat və 2020-ci ilin iyun ayından 2022-ci ilin dekabr ayınadək onun Prezident təqaüdü aldığı kartın iddiaçıda olduğu vaxt o, iddiaçıya olan bütün borcunu ödəmişdir. Sadəcə iddiaçıdan pul götürməsi barədə yazdığı qəbz iddiaçıda olduğundan sonuncu 9000 manat pulu ondan tələb edir. Onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçının tələb etdiyi pul sələmə görə hesabladığı faizdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 göstərdi ki, iddiaçını və cavabdehi tanıyır, onlarla yaxşı münasibəti var. Cavabdehin iddiaçıdan borca pul aldığını bilmiş, lakin hansı məbləğdə borc almasını bilməmişdir. Cavabdeh iddiaçıdan pulu onun yanında almamışdır. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X1 göstərdi ki, iddiaçının cavabdehə bir neçə dəfə borca pul verməsini bilmiş, lakin hansı məbləğdə pul verməsini bilməmişdir. Özü də iddiaçıdan borca pul almış, lakin heç vaxt faiz ödəməmişdir. İddiaçı heç vaxt faizə pul verməyib. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Bərdə rayonu Türkmən kəndində anadan olmuşdur, Bərdə şəhəri Q.B.Zakir küçəsi ev 54-də qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli 625 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Q.B.Zakir küçəsi 54-də yaşayır. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X6 Birliyi tərəfindən 10 sentyabr 2006-cı il tarixdə verilmiş Ə006517 nömrəli vəsiqədən görünür ki, İddiaçı İİ qrup müharibə əlilidir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1974-cü ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Vaqif küçəsi ev 137də qeydiyyatdadır. Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin surətinin arxasında olan əlyazmadan görünür ki, Cavabdeh İsaq Cəfərovdan 2000 manat pul almışdır. Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin surətinin arxasında olan əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İsaq Cəfərovdan 5000 manat borc pul almışdır. 07 avqust 2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İsaq Cəfərovdan ehtiyacı olduğu üçün 2000 manat borc pul almışdır. Bərdə Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair 2(021)-1398/2023 saylı mülki iş üzrə Cavabdeh məxsus **********413307 nömrəli təqaüd kartından 2020-ci ilin iyul ayından 2022-ci ilin dekabr ayınadək olan müddət ərzində çıxarılan pul məbləğlərinin kim tərəfindən çıxarılması, ümumilikdə hansı məbləğlərdə pul vəsaitlərinin hesabdan çıxarılmasına dair maliyyə əməliyyatları, eləcə də həmin bank hesabı üzrə bankomatlarda pul əməliyyatları həyata keçirən zaman qeydə alınmış foto və video görüntülərin "xxxx" ASC-dən götürülməsi, qərardadın icrasının "xxxx" ASC-nə həvalə edilməsi qərara alınmışdır. "xxxx" ASC-dən götürülmüş diskə və ödəniş kartı üzrə çıxarışa baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus **********413307 nömrəli təqaüd kartından xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 5 manat və 795 manat olmaqla, cəmi 800 manat, xx.xx.2022-ci ildə 294 manat, xx.xx.2022-ci ildə 400 manat məbləğlərdə pul İddiaçı tərəfindən şəxsən çıxarılmışdır. Cavabdeh məxsus **********413307 nömrəli təqaüd kartından xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 400 manat məbləğlərdə pul isə İddiaçı oğlu Fərid tərəfindən çıxarılmışdır. İddiaçı həmin görüntülərdə olan şəxsin oğlu Fərid olduğunu təsdiq etdi və cavabdehə məxsus olan pensiya kartını oğluna pul çıxarılması məqsədi ilə özünün verdiyini bildirdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən cavabdehin etirafı ilə müəyyən olundu ki, Cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan 9000 manat məbləğində borc pul almış və bu barədə sonuncuya yazılı qəbz vermişdir. İddiaçı məhkəmə iclasında cavabdehin ondan 9000 manat məbləğində borc pul aldığını, lakin cavabdehin həmin borcunu qaytarmadığını bildirsə də, sonradan iddia tələbinin azaldılmasına dair məhkəməyə ərizə verərək cavabdehin ona 6000 manat borcunun qaldığını bildirmişdir. Cavabdehə məxsus təqaüd kartının uzun müddət ərzində iddiaçıda olmasını həm iddiaçı, həm də cavabdeh təsdiq edirlər. İddiaçı cavabdehin kartından müxtəlif vaxtlarda şəxsən özü, bəzi hallarda isə oğlu Fəridin pul çxardığını, lakin çıxarılan 400 manat təqaüd məbləğinin bir hissəsini cavabdehə qaytardıqlarını, habelə kartdan çıxarılan pul məbləğinin borc məbləğini tam olaraq əhatə etmədiyini bildirsə də, onun bu barədə söylədikləri işin gerçək halları ilə təsdiq olunmur. Belə ki, məhkəmə qərarı əsasında "xxxx" ASC-dən götürülmüş diskdən və ödəniş kartı üzrə çıxarışdan görünür ki, cavabdehə məxsus təqaüd kartından iddiaçı və onun ailə üzvləri tərəfindən ilk dəfə xx.xx.2021-ci ildə, sonuncu dəfə isə xx.xx.2022-ci ildə istifadə edilərək pul vəsaiti çıxarılmışdır. Göründüyü kimi, qeyd edilən dövr 20 ayı əhatə etməklə çox uzun bir müddətdir. Yəni, qeyd edildiyi kimi çox uzun bir müddət ərzində cavabdehə məxsus təqaüd kartı iddiaçının səərəncamında olmuş, iddiaçı şəxsən və ya ailə üzvləri vasitəsi ilə həmin kartdan istifadə edərək cavabdehin pul vəsaitləri üzərində sərbəst, heç bir maneə olmadan istədiyi kimi sərəncam vermişdir. Diskdən görünür ki, qeyd edilən dövrün bəzi aylarında pul iddiaçı və onun oğlu tərəfindən deyil, digər şəxslər tərəfindən çıxarılmışdır. Lakin görüntüdən göründüyü kimi həmin şəxslərdə Cavabdeh deyildir. Cavabdeh həmin şəxslərində iddiaçıya yaxın adamlar olduğunu bildirdi, iddiaçı isə bunu təkzib etdi. Həmin hal ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan xx.xx.2021 - xx.xx.2022-ci il aralığında sözügedən bank kartı iddiaçının sərəncamında və istifadəsində olduğundan həmin dövrün bəzi aylarında kartdan pul çıxaran digər şəxslərində məhz iddiaçıya yaxın olan şəxslər olması və iddiaçının razılığı ilə kartdan istifadə etməsi daha ağlabatan və inandırıcıdır. İddiaçı cavabdehin kartından çıxardıqları 400 manat təqaüd məbləğinin bir hissəsini cavabdehə qaytardıqlarını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim edə bilmədi, cavabdeh isə həmin halı təkzib etdi. Ona görə də məhkəmə bununla bağlı iddiaçının bildirdiyini gerçəkliyə uyğun olmayan hesab edir və qəbul etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2.-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan 9000 manat məbləğində borc pul almış, bu barədə iddiaçıya qəbzlər yazıb vermişdir. İş materiallarında olan sübutlardan görünür ki, cavabdehin yazdığı qəbzlər iddiaçıda qalsa da, cavabdeh iddiaçıya olan borcunu ödəmişdir. İddiaçı bu halı təkzib etsə də, məhkəmə qərarı əsasında "xxxx" ASC-dən götürülmüş disk və ödəniş kartı üzrə çıxarış ilə onun bildirdikləri təkzib olunur. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən yazılmış qəbzlərdə öhdəliyin icrası müddəti göstərilməmiş, tərəflərin öz aralarında olan razılaşmaya görə cavabdeh borclu olduğu məbləği hissə-hissə təqaüd kartı vasitəsilə iddiaçıya ödəmişdir. Qeyd edilməlidir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmənin qənaətinə görə, mülki mübahisə üzrə araşdırılmış sübutlarla iddiaçının bildirkləri təkzib edildiyindən iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı İİ qrup Qarabağ müharibəsi əlili olduğundan dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən cavabdeh dövlət rüsumu ödəməkdən azad edilməlidr. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar