Məhkəmə qərarları › İş №2(021)-1403/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-1403/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-1403/2021 18.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev Bərdə rayonu Alaçadırlı kəndində yaşayan X1 borclu Bərdə rayonu Otuzikilər kəndində yaşayan Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN E T D İ M: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, 11.05.2020-ci il tarixdə Borclu ilə 336 saylı alqı-satqı müqaviləsi bağlanmış və ona 12 ay müddətinə nisyə (kreditə) dəyəri 739 manat olan Redmi Not 8 PRO markalı mobil telefon satmışdır. Həmçinin 11.06.2020-ci il tarixdə Borclu ilə 459 saylı alqı-satqı müqaviləsi bağlanmış və ona 12 ay müddətinə nisyə (kreditə) dəyəri 499 manat olan Tekno Ce 7 markalı mobil telefon satılmışdır. Borclu aldığı mobil telefonların dəyərini hissə-hissə ödəməsini öhdəsinə götürməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Borclu 11.05.2020-ci il tarixli 336 saylı müqavilə üzrə 739 manat puldan 90 manat ödəmiş, 649 manat borcu qalmışdır. Digər 11.06.2020-ci il tarixli 459 saylı müqavilə üzrə isə heç bir ödəniş etməmiş və 499 manat borcu qalmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq Borclu aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirməmiş, nəticədə borclunun 11.05.2020-ci il tarixli, 336 saylı müqavilə üzrə 649 manat əsas borcu, 95 manat cərimə, cəmi 744 manat, 11.06.2020-ci il tarixli, 459 saylı müqavilə üzrə 499 manat əsas borcu, 105 manat cərimə, cəmi 604 manat borcu, ümumilikdə isə hər iki müqavilə üzrə 1348 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsasən borclu borc müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün kreditora olan borcu Borclu kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərlə X1 tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280- 281-ci maddələrini rəhbər tutaraq ƏMR E T D İ M: Borclu- xx xxxxxx 1991-ci ildə Bərdə rayonunda anadan olmuş, hazırda Bərdə rayonu Otuzikilər kəndində yaşayan Borclu 11.05.2020-ci il tarixli, 336 saylı müqavilə üzrə 649 manat əsas borc, 95 manat cərimə, cəmi 744 manat, 11.06.2020-ci il tarixli, 459 saylı müqavilə üzrə 499 manat əsas borc, 105 manat cərimə, cəmi 604 manat borcu, ümumilikdə isə hər iki müqavilə üzrə 1348 (bir min üç yüz qırx səkkiz) manat borc və 20(iyirmi) manat dövlət rüsumu tutularaq kreditor X1 xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar