Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-141/2025 13.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qəsdən vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qəsdən onların fərdi yaşayış evinə görə vurduğu 1190 (bir min yüz doxsan) manat, VAZ 21074 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə görə vurduğu 452 (dörd yüz əlli iki) manat olmaqla, cəmi 1642 (bir min altı yüz qırx iki) manat maddi ziyanın, ödənilmiş 37 manat dövlət rüsumunun tutulub onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2014-cü il tarixdə evlənmişlər və birgə nikahlarından 2015-ci il təvəllüdlü Leyla və 2016-cı il təvəllüdlü Ləman adlı qızları anadan olmuşdur. Lakin, ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və cavabdeh 2022ci ilin oktyabr ayından evi tərk edib valideynlərinin yaşadığı Bərdə rayonu, Qaradırnaq kəndinə gedərək orada yaşayır. Cavabdeh evi tərk edəndən sonra qızları onun yanında qalmışlar. Hazırda nikahın pozulması üçün Bərdə rayon Məhkəməsində iddia qaldırmış və iş məhkəmə baxışındadır. 10 dekabr 2023-cü il tarixdə saat 19 radələrində valideynləri Kəmalə İsgəndərova və Əmiraslan İsgəndərovla birlikdə evə olan vaxt Cavabdeh əmisi Ədalət və bibisi Afətlə qəflətən evə daxil oldular və cavabdeh onlara zor tətbiq edərək evin içərisində olan əşyaları evin pəncərəsinə ataraq pəncərənin şüşələrini sındırmış, mətbəxdə bıçaqla mətbəx mebelinə zərər vurmuş, sonra həyətyanı sahədə sanitar qovşağa girib orada olan paltaryuyan maşını və güzgünü sındırmışdır. Cavabdeh qardaşı İddiaçı2 həyətinə gedib, onun həyətində ona məxsus olan VAZ 21074 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön şüşəsini, qabaq yan şüşəsini, yan güzgüləri qırmış, daşla vurub avtomobildə batıqlar, cızıqlar yaratmış, arxa şüşəsində çatlar yaratmışdır. Beləliklə, cavabdeh evin 5 ədəd plastik pəncərə şüşəsini, 1 ədəd hamam güzgüsünü, qab-qacaqları (boşqab, stəkan, nəlbəki), 1 ədəd xrustal bakal dəstini, 1 ədəd “Hoffman” markalı paltaryuyan maşını, həmçinin VAZ 21074 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin 1 ədəd qabaq alın şüşəsini, 2 ədəd yan güzgü, 2 ədəd sağ qapının hər iki yan şüşəsini və digər hissələrini sındırıb ziyan vurmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən avtomobilə 452 manat və evə dəyən ziyan 1190 manat, cəmi 1642 manat olmuşdur. Cavabdehdən dəymiş ziyanı tələb etsə də cavabdeh ziyanı ödəməkdən imtina etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etdiyini, mübahisəli evin 4 pəncərəsinin şüşəsini sındırdığını, paltaryuyan maşına təpiklə vurduğunu, avtomaşının yan şüşəsini sındırdığını qeyd etmiş, sındırdığı qab-qacaqların özünə aid olduğunu, hamamda olan güzgünün isə köhnə və sınıq olmasını, iddia ərizəsində isə həmin əşyaların qiymətinin düzgün göstərilmədiyini qeyd etmişdir. Məhkəmə iddiaçıları dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İşdə olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı2 37 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1984-cü ildə anadan olmuşdur. İşdə olan sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. İşdə olan AC № 412388 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21074 minik markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 məxsusdur. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1992-ci ildə Bərdə rayonunda doğulmuşdur. Bərdə rayonu, Nifçi kəndində yaşayır. İşdə olan ƏƏSMN-nin X1 sistemindən verilmiş xx.xx.2024-cü il tarixli Əlillik haqqında arayışdan görünür ki, İddiaçı1 birinci dərəcəli əlil olmaqla gözdən əlildir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 2023-cü il tarixli fərdi yaşayış evinə və avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, X3 məxsus Bərdə rayonu, Nifçi kəndində yerləşən fərdi yaşayış evinə, ev əşyalarına və İddiaçı2 məxsus VAZ 21074 markalı, ** MH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2023-cü ildə baxış keçirilməklə dəymiş zərərin miqdarı 1642 manat təşkil edir və zərər vurulmuş hissələrin ayrılıqda adları və qiymətləri rəydəki cədvəldə göstərilmişdir. Bərdə rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə DİN 102 xidməti zəng mərkəzi sisteminə və Bərdə RPŞnə etdiyi müraciəti əsasında toplanmış HK-1/5057 və 5058 saylı materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərarın surəti müraciət edən şəxsə göndərilir və qərardan narazı olduğu halda məhkəməyə və prokurora şikayət etmək hüququnun olması bildirilir. İşdə olan Bərdə RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X5 01 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, təhqiqatçının icraatında olan Bərdə rayonu, Nifçi kəndində yaşayan İddiaçı1 xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək Gülanə, Ədalət və Afət adlı şəxslərin onun evinə gələrək ev əşyalarını sındırması barədə verdiyi məlumat üzrə qərarın təsviri hissələrində göstərilənlərə əsasən toplanmış HK-1/5057 və 5058 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində İXM-in 157-ci və 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraatın başlanması üçün qərarın surətinin şöbənin İTB-nə göndərilməsi, habelə X2 əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün qərarın surətinin şöbənin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh polisə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, əmisi Ədalət Sadıqov, bibisi Afət Məmmədova ilə birlikdə Bəhruzun Bərdə rayonu, Nifçi kəndində yerləşən evinə gəlmiş, evdə Bəhruz, anası Kəmalə və atası Əmiraslan olmuşdur. O övladlarını Bəhruzdan tələb etmiş, Bəhruz övladlarını ona gətirməmiş, o övladlarını evdə axtarmış, övladları Ləman və Leyla evdə olmamış, həmin vaxt qaynatası Əmiraslan əlləri ilə onun boğazından tutaraq boğmağa başlamış, boğulduğunu görən bibisi Afət onu Əmiraslanın əlindən almış, o ani olaraq əsəbiləşmiş, evin içərisində olan əşyaları, evin 4 pəncərəsini qəndqabını götürərək şüşələri sındırmışdır. O oradan çıxaraq qaynı Elşənin evinə getmiş, bu zaman darvaza bağlı olmuş, Elşənin avtomobili küçədə dayanmış, o da daşı götürərək “VAZ 21074” markalı avtomobilin şüşələrini sındırmışdır. Cavabdeh izahatında əlavə olaraq bildirmişdir ki, o, evdə olan əşyalarla evin pəncərələrini sındırmış, lakin o, əlində bıçaqla mətbəx mebelinə ziyan vurmamış, Bəhruz onu yerə yıxaraq boğmuş, bu zaman Afət Bəhruzu aralamış, evin həyətyanı sahəsində o dalaşmamış, o çölə çıxıb evi tərk edəndə evin həyətyanı sahəsində olan qovşağa daxil olaraq orada güzgünü sındırmış, hamamda isə paltaryuyan maşına təpiklə zərbələr vurmuşdur. Bərdə rayon İcra Hakimiyyəti başçısının Çələbilər kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 53 və 54 saylı arayışlardan görünür ki, İddiaçı1 və İddiaçı2 Bərdə rayonu Nifçi kəndində yaşayırlar. İşdə olan Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(021)-125/2024 saylı qərarından görünür ki, Bərdə RPŞ tərəfindən Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun İXM-in 232-1-ci maddəsi ilə olan hissəsində onu tərtib etmiş orqana geri qaytarılması, Cavabdeh İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. İşdə olan ƏN MEM-in 16 dekabr 2024-cü il tarixli məlumatından görünür ki, zəruri məlumatlar olmadığından iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilərək iş materialları icrasız məhkəməyə geri qaytarılmışdır. İşdə olan fotoşəkillərdən bəzi avadanlıq və əşyaların zədələndiyi aydın müşahidə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırki işdə ziyan dəymiş ev əşyaları və avtomobilin iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olması sübut olunur. İş materiallarındakı sübutlardakı qiymətləndirmə üzrə mütəxəssis rəyində ziyan dəymiş fərdi yaşayış evinin sahibi kimi X4 göstərilsə də fərdi yaşayış evinin onun mülkiyyətində olması ilə bağlı heç bir digər mötəbər sübutlar (çıxarış, qeydiyyat vəsiqəsi, şəhadətnamə və s.) iş materiallarına əlavə edilməmişdir. Lakin, tərəflərin həm polisə, həm də məhkəməyə verdikləri izahatlarından, habelə iş materiallarında olan yaşayış yerindən arayışdan fərdi yaşayış evinin İddiaçı1 məxsus olması və Cavabdeh 10 dekabr 2023-cü ildə iddiaçıların yaşadığı evə daxil olaraq bəzi ev və məişət əşyalarına, habelə avtomobilə ziyan vurması iş materialları ilə sübut olunur. Lakin, bu əşyalar iddia ərizəsində göstərilən bütün əşya və əmlaklar deyil, onun bəziləridir. Belə ki, Cavabdeh polisə verdiyi izahatında evin içərisində olan əşyaları, qəndqabını götürərək evin pəncərəsinin 4 ədəd şüşələrini sındırdığını, daş götürərək İddiaçı2 məxsus “VAZ 21074 minik” markalı avtomaşının şüşələrini sındırdığını, sanitar qovşaqda olan paltaryuyana təpiklə zərbələr vurduğunu, lakin mətbəx mebelinə ziyan vurmadığını bildirmişdir. Həmçinin cavabdeh məhkəmə iclasında da eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, hamamda olan güzgü köhnə və sınıq idi, sındırdığı məişət əşyaları yəni qab-qacaqlar özünə məxsusdur. Lakin, cavabdeh iş materiallarına sındırdığı məişət əşyalarının yəni qab-qacaqların özünə məxsus olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə məhkəmə sınmış qab-qacaqların da iddiaçıya məxsus olması qənaətinə gəlir. İş üzrə fotoşəkillərdən avtomaşının ön şüşəsinin (parples) və 1 ədəd yan güzgüsünün, sağ qapının 2 şüşəsinin, 4 ədəd pəncərə şüşəsinin, bəzi qabqacaqların və xrustal bakal dəstinin qırıldığı, paltaryuyanın qapısının sınıq olması və mətbəxin poluna ziyan dəymədiyi, həmçinin güzgünün qırılması ilə bağlı hər hansı fotoşəkil olmadığı görünür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçılara məxsus əşyalara (əmlaka) ziyan vurması və ziyan vurmada təqsiri iş materialları ilə sübuta yetdiyindən iddia tələbi cavabdehin etiraf etdiyi hissələr üzrə qismən təmin edilərək işdə olan qiymətləndirmə barədə mütəxəssis rəyində göstərilmiş əşyaların qiyməti üzrə Cavabdeh 1 ədəd avtomaşının ön şüşəsinin dəyəri olan 48 manat, 1 ədəd yan güzgünün dəyəri olan 7 manat, avtomaşının 2 ədəd sağ qapının şüşəsinin dəyəri olan 40 manat, usta işi olan 250 manat, 4 ədəd plastik pəncərə şüşəsinin dəyəri olan 180 manat, qab-qacağın dəyəri olan 60 manat və xrustal bakal dəstinin dəyəri olan 85 manat, “Hoffmann” markalı paltaryuyan maşının dəyəri olan 480 manat, cəmi 1150 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Məhkəmənin iddia tələbi üzrə mütəxəssis rəyində göstərilmiş usta haqqı olan 350 manatı 250 manat etməsinin səbəbi həm mütəxəssis rəyindəki qiymət cədvəlində usta işlərin ayrı-ayrılıqda qiymətlərinin göstərilməməsi, həm də iddianın qismən təmin edilməsi səbəbindən az miqdarda əşyaların təmir edilməli olması ilə əlaqələndirir. Məhkəmənin iş üzrə iddianı qismən təmin etməsinin səbəbi həm də odur ki, cavabdeh polis şöbəsinin təhqiqatçısının qəbul etdiyi 01 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da şikayət verməmişdir, belə olan halda məhkəmə hesab edir ki, cavabdeh həmin qərarla razılaşmış və qərar ləğv edilmədiyindən və hazırda qüvvədə olduğundan preyudisial əhəmiyyət kəsb edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 37 manat dövlət rüsümunun 32 manatı cavabdehdən tutularaq iddiaçılara ödənilməli, geri qalan 5 manat iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qəsdən vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh 1 ədəd avtomaşının ön şüşəsinin dəyəri olan 48 manat, 1 ədəd yan güzgünün dəyəri olan 7 manat, avtomaşının 2 ədəd sağ qapının şüşəsinin dəyəri olan 40 manat, usta işi olan 250 manat, 4 ədəd plastik pəncərə şüşəsinin dəyəri olan 180 manat, qab-qacağın dəyəri olan 60 manat və xrustal bakal dəstinin dəyəri olan 85 manat, “Hoffmann” markalı paltaryuyan maşının dəyəri olan 480 manat, cəmi 1150 (bir min bir yüz əlli) manat və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçılara aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-141/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-141/2025
13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver