Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1424/2025 08.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən borclu olduqları 7.470 (yeddi min dörd yüz yetmiş) manat məbləğində pulun və 95 (doxsan beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehləri təxminən 2022-ci ildən tanıyır və aralarında müxtəlif vaxtlarda iribuynuzlu mal-qara alqı-satqısı olmuşdur. Lakin 2023-cü ilin noyabr ayında aralarında olan iri buynuzlu mal-qaranın alqı-satqısı zamanı cavabdehlərdən ona verməli olduqları 5090- (beş min doxsan) manat pulu verməyərək, borclu qalmışlar və Cavabdeh1 oglu 5090-(beş min doxsan) manat pul borcunu qısa zamanda ona verəcəkləri öhdəliyini öz üzərinə götürmüşdür. Bundan sonra cavabdehlərlə təxminən 2024-cü ilin mart ayında görüşərək ona borclu olduqları 5090 (beş min doxsan) manat pulla bağlı razılığa gələrək borcun yenidən cavabdehlərlə edəcəyi alqısatqı əsnasında tezliklə ona ödəyəcəyinə dair Cavabdeh1la sadə yazılı qaydada müqavilə bağlayıb, borcun 3-4 ay ərzində ödəyəcəklərinə dair Qəbz yazaraq, Qəbzi ona təqdim etmişlər. (Qəbzin surəti əlavə edilmişdir, əslin məhkəmə zalında təqdim edəcəm). Bundan sonra cavabdehlər ondan əlavə aldıqları mal-qaraların dəyərinin bir hissəsin yenə ödəməyərək, ona əlavə 5380(beş min üç yüz cəksən) manat pul borcları yaranmışdır. Cavabdehlərin bundan sonra ona ümumilikdə aralarında razılaşdırılmış 10.470 (on min dörd yüz yetmiş) manat borcları yaranmışdır. O, xx.xx.2024-cü il tarixində cavabdehlərdən 10.470 (on min dürd yüz yetmiş) manat pulun alınıb ona verilməsi ilə bağlı Ağdam rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Cavabdehlər Ağdam rayon polis şöbəsində ona borclu olduqları 10.470 manat pulun olduğunu etiraf edərək, borcu tezliklə ödəyəcəklərinə dair öhdəlik götürərək yazılı izzahat vermişlər. Lakin bundan sonra cavabdehlər ona ümumilikdə borclu olduqları pulun 3000 (üç min) manat hissəsini qaytararaq, pulun qalan 7.470 (yeddi min dörd yüz yetmiş) manat hissəsini qaytarmamışlar. Cavabdehlər artıq uzun müddətdir ki, ona borclu olduqları 7.470 (yeddi min dörd yüz yetmiş) manat pul borcunun ödənilməsindən müxtəlif bəhanələrlə yayınaraq borcu qaytarmırlar. Ona görədə yuxanda Göstərilənlər səbəbindən ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də cavabdehlərdən borclu olduqları 7.470 (yeddi min dörd yüz yetmiş)manat pul məhkəmə qaydasında alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, cavabdehlərə iri-buynuzlu mal-qara satmışdır, hal-hazırda da iri buynuzu mal qarası var, cavabdehlərə heyvan satan zaman 30-35 baş malı olmuşdur, bu gün isə 15 baş mal qarası var. Malın bir başını neçəyə satdığı yadında deyildir. Cavabdehlər də mal heyvan satışı ilə məşğul olmuşdur. VÖENİ var, malı qazanc əldə etmək üçün satmış, cavabdehlər iri buynuzlu mal- qaranın satışı ilə məşğul olmuş, cavabdehlər ona olan borcunu ödəməmiş, bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmişdir. Cavabdehlər və Cavabdeh1 nümayəndəsi və vəkili X1 məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin və vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron Məhkəmə İnformasiya Sisteminə keçirilən baxış zamanı müəyyən olunur ki, tərəflərin hər ikisi vergi ödəyicisi olmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs qismində vergi orqanlarında qeydiyyata alınmış və vergi ödəyiciləri kimi statusları aktivdir. Göründüyü kimi tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri arasında qarşılıqlı bağlılıq olduğundan mübahisəyə kommerisiya məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26-cı maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 nömrəli Qərarının: 11-ci hissəsində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci hissəsində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü hissəsində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 15-ci hissəsinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci hissəsinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmənin qənaətinə görə həmin məsələyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 97-98, 255-256, 258 və 263-264-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1424/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1424/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver