Məhkəmə qərarları › İş №2(021)-143/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-143/2021

27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-143/2021 27.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh, X5 oğlunun və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona vurmuş olduqları ziyanın əvəzi cəmi 6405 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi və cavabdehlərin qanunsuz hərəkətinə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o Bərdə rayon Kərimbəyli kəndində yaşayır. Cavabdehlər ona məxsus 2.80 ha torpaq sahəsində mal-heyyvanlarını otarıb ona 3885 manat ziyan vurmuşdular. Həmçinin otardıqları malın camış buğası (kəlini) qəsdən ona məxsus heyvanların yanına boşlamış və camış kəli bir baş yanı balalı inəyini və bir baş qoyun heyvanının qarnını cırmışdır. Bununla da 2520 manat ziyan vurmuşdur. Yuxarıda qeyd etdiklərinə görə ona vurulan ziyan aşağıdakı formadadır: Yeni Əyricə kəndində yerləşən 2 ha 76 sot olan münbit torpaq sahəsində təbii ot ildə 3 dəfə biçilir və hər biçində 370 kip alınır ki, bu da 3 dəfə biçində 1100 ədəd ot kipi edir. Hal-hazırda bazar qiyməti ilə cəmi ( bir ot kipi 3.50 manat ) 3885 manat edir. İri buynuzlu mal qara və qoyun: yanı balalı bir baş inək -2300 manat, yanı balalı 1 baş qoyun-220 manat olmaqla, cəmi 2520 manat. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 oğlu iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsini otarmamışdır. Oğlu 1 dəfə mal-qaranı otaran zaman az vaxtda mal-qarası iddiaçınının torpaq sahəsinə girmişdir. Buna görə aralarında mübahisə olmuş və iddiaçı onun oğlunu vurmuş, o da polisə şikayət etdiyindən qəsdən ona qarşı məhkəmədə əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 oğlunun və nümayəndəsi və vəkili Vəkil məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o həmin ərazidə mal qara fermasında işləyir, mal –qaranı otarmamış, həmin fermada Fəxri adlı şəxs çoban işləyir, fermanın sahibi isə tam başqa şəxsdir. Həmin əraziyə kənd camaatının malları da daxil olur, heyvana vurulan zərəri isə kimin malı tərəfindən vurulması bəlli deyil. Odur ki, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İş üzrə tərəflərini izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 03227763 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 23.07.1954-cü il tarixdə Kəlbəcər rayon Lev kəndində anadan olmuşdur. Bərdə rayon Kərimbəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 448 nömrəli 01.06.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Kərimbəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********54 olan № 001078 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Yeni Əyrivə kəndində yerləşən torpaq sahəsinin hüquq subyekti İddiaçıdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsi tərəfindən verilmiş № 316007 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 1.3894 ha torpaq sahəsinin hüquq subyekti İddiaçıdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 1.3894 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 1.389 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Bərdə şəhər X6 tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı iddia ərizəsində göstərdiyi ziyan cəmi 6405 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus sahə həiqətən otarılmış və iddiaçıya məxsus bir baş yanı balalı inəyə və bir baş qoyuna xəsarət yetirilmişdir. Azərbaycan respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, nəzarətsiz və ya otlamağa buraxılmış mal-qaranı və ya digər nəzarətsiz heyvanları tutan şəxs onları mülkiyyətçisinə qaytarmalıdır, heyvanların mülkiyyətçisi və ya onun olduğu yer bilinmədikdə isə, onları tutduğu andan ən geci üç gün keçənədək aşkar etdiyi heyvanlar barədə polisə xəbər verməlidir; polis mülkiyyətçinin axtarılması üçün tədbirlər görməlidir. Göründüyü kimi, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı özünə məxsus torpaq sahəsinə və mal-qarasına vurulan ziyanı sübut edə bilsə də, həmin hadəsinin cavabdehlər tərəfindən törədilməsini sübut edə bilmədi. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı torpaq sahəsinin otarılması nəticəsində iddia etdiyi ziyan məbləğini yenə də sübut edə bilmədi. Belə ki, iddiaçı iddia etdiyi məbləği öz mühakiməsi əsasında əsaslandırmışdır. Lakin həmin hallar sübut olunmadı ki, il ərizində məhz cavabdehlər tərəfindən həmin otlaq sahəsinə ziyan vurulmuş, həmin əraziyə həmçinin kənd camaatının malları da daxil olduğu qaçılmaz haldır. Eyni zamanda cavabdehlərdən İ.Quliyev bildirmişdir ki, ona məxsus mal-qara yoxdur. Oğlu fermada işlədiyindən və iddiaçı onun oğlunu döydüyündən polisə şikayət etməsi ilə əlaqədar olaraq ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, qara mal və qoyuna vurulan ziyanla bağlı müəyyən olundu ki, ziyan vurulsa da vurulan ziyan nəticəsində həmin qara mal və qoyu tələf olmamışdır. İddiaçının isə tələb etdiyi məbləğ qara mal və qoyunun real bazar dəyərinin istəməsidir ki, bu da yolverilməz haldır. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və X5 oğluna qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar