Məhkəmə qərarları › İş №2(021)-146/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-146/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-146/2024 20.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı ““Maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona vurduğu 7420 manat miqdarında maddi ziyanın və ödənilmiş 95 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 22 avqust 1994-cü ildə Astara rayonu Siyəkəran kəndində anadan olmuşdur, həmin kənddə yaşayır. “KİA” markalı **-ED- *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın idarə edir. 10 may 2023-cü il tarixdə saat 15 radələrində idarə eldiyi “KİA" markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Mingəçevir-Bəhrəmtəpə yolunun 76-cı km-də, yəni Bərdə rayonu Bəcirəvan kəndi ərazisindən keçən hissəsində hərəkət edərkən əks istiqamətdə hərəkət edən Bərdə rayonu Bəcirəvan kənd sakini Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla hərəkət zolağına çıxmış və idarə etdiyi avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, onun maşını əzilərək ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə barədə dövlət yol polis əməkdaşları gələrək araşdırma aparılmış, yol-nəqliyyat hadisəsinin sxemini çəkmişlər və hadisənin Cavabdeh təqsiri nəticəsində baş verdiyini müəyyən etmişlər. Yol polis əməkdaşları bu barədə inzibati xəta haqqında protokol tərtib etmiş və məhkəməyə göndərmişlər. Cavabdeh məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hadisə nəticəsində onun idarə etdiyi avtomaşına dəymiş maddi ziyanı müəyyən etmək üçün onu "xxxx" MMC-yə göndərmişlər. “Kamran" MMC-də onun idarə etdiyi avtomaşına baxış keçirilmiş və avtomaşına dəymiş ümumi ziyanın məbləği 7420 manat olduğu müəyyən olunmuşdur. Əvvəlcə Cavabdeh dəymiş ziyanı ödəyəcəyini bildirsə də, sonradan cavabdeh ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Maddi ziyanla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, sonuncu ona vurduğu maddi ziyanı könüllü olaraq ödəməkdən yayınmışdır. Odur ki, Cavabdeh ona vurduğu ziyanı məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat verdi və iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, 10 may 2023-cü il tarixdə saat 15 radələrində idarə eldiyi “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bərdə rayonu Bəcirəvan kəndi ərazisində hərəkətdə olarkən İddiaçı idarə etdiyi “KİA" markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə “KİA" markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. İddiaçı ilə dəymiş ziyanı 4000 manat məbləğində razılaşsalar da, sonradan iddiaçı məhkəmədə 7420 manat maddi ziyanın ödənilməsi barədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə razı deyil, rəydə dəymiş ziyanın məbləği şişirdilmişdir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə Astara rayonu Şiyəkəran kəndində anadan olmuşdur, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatdadır. AZE seriyalı ******** şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx xxx 1991-ci ildə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuşdur, Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatdadır. Bərdə Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 3(021)-902/2023 saylı qərarına əsasən Cavabdeh İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 13 may 2023-cü il tarixli rəydən görünür ki, “KİA" markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ümumilikdə 7420 manat məbləğində ziyan dəymişdir. Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbi tələbinə dair 2(021)-2618/23 nömrəli mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6313 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2011-ci il buraxılışlı “Kia” markalı, CEED model, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7410 manat müəyyən edilir-dəyişilməli hissələrin qiyməti 6250 manat; -təmir-bərpa işlərinin qiyməti-1160 manat. Mülki mübahisənin gerçək hallarından görünür ki, İddiaçı 10 may 2023- cü il tarixdə saat 15 radələrində idarə eldiyi “KİA" markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Mingəçevir-Bəhrəmtəpə yolunun 76-cı km-də, yəni Bərdə rayonu Bəcirəvan kəndi ərazisindən keçən hissəsində hərəkət edərkən əks istiqamətdə hərəkət edən Bərdə rayonu Bəcirəvan kənd sakini Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Bərdə Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən 7420 manat məbləğində maddi ziyan tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6313 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə 7410 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçıya məxsus avtomobilə 7410 manat dəyərində maddi zərər dəyməsi sübuta yetirildiyindən iddia tələbi qismən, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6313 nömrəli rəyinə uyğun qaydada təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə əsasən iddia qismən təmin edildiyindən Cavabdeh 95 (doxsan beş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 29 sentyabr 2023-cü il tarixli 9/6313 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 7410 (yeddi min dörd yüz on) manat məbləğində maddi ziyan və 95 (doxsan beş) manat məbləğində dövlət rüsumu, cəmi 7505 (yeddi min beş yüz beş) manat məbləğində vəsait alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar