Məhkəmə qərarları › İş №2(021)-1552/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1552/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1552/2021 04.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı X2 iştirakı ilə İddiaçı X2 cavabdeh Hüseynov Seymur Kərim oğluna qarşı nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X7 məhkəməyə vermiş olduğu iddia ərizəsində onunla Hüseynov Seymur Kərim oğlu arasında Bərdə rayon İcra Hakimiyyətinin Lənbəran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 03 sentyabr 2012-ci il tarixdə qeydə alınmış 33 nömrəli nikahın pozulması, birgə nikahdan doğulmş 08 yanvar 2014-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılması və X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 175 manat aliment alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X10 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X14 ilə 03 sentyabr 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 08 yanvar 2014cü il təvəllüdlü Hüseynova Mələk Seymur qızı doğulmuşdur. Cavabdeh X14 ilə əvvəllər mehriban yaşasalar da sonradan xasiyyətləri uyğun gəlməmiş, bir-birlrini anlamamışlar, cavabdeh özü üçün yaşamağa üstünlük vermişdir. Ona və uşağa baxmamış, tez-tez evdə narazılıqlar yaratmış, ona görə də artıq 3 ildir ki, valdeynlərinin yanında yaşayır. Bir yerdə yaşamaqları baş tutmamışdır, aralarında olan nikah əlaqələri formal xarakteri daşıyır. Nikah əlaqələri artıq uzun müddətdir ki, faktiki olaraq kəsilmişdir, bundan sonra barışıq bir yerdə yaşamaqları mümkün deyildir. Nikahın pozulmasında israrlıdır. Uşağın yaşayış yeri və aliment barəsində aralarında razılaşmamışlar, cavabdeh X14 ilə olan nikahlarının pozulması, birgə nikahlarından doğulmuş 08 yanvar 2014-cü il təvəllüdlü uşaqları X4 onun himayəsində saxlanılması, hər ay bir uşağın saxlanılması üçün 175 manat alimentin tutularaq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Hüseynova Aytən Məhəmməd qızı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Hüseynov Seymur Kərim oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE 15213154 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 05 may 1994-cü il tarixdə anadan olmuşdur. İş materillarında olan Bərdə rayonu Lənbəran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 168 nömrəli 31 mart 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X7 Bərdə rayonu, Lənbəran kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 sentyabr 2012-ci il tarixli AZ-İ 794051 saylı nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X14 ilə X3 03 sentyabr 2012-ci ildə 33 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Asan-Bərdə tərəfindən verilmiş AZE 11426293 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 08 yanvar 2014-cü il təvəllüdlü Hüseynova Mələk Seymur qızı adlı uşaqları anadan olmuşdur. 08 yanvar 2014-cü il təvəllüdlü X4 atası cavabdeh X11r. İş materillarından müəyyən olunur ki, tərəflərlə barışmaq üçün üç ay vaxt verilmiş, verilən vaxt ərzində tərəflər barışmamışlar. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı X16 qızı ilə cavabdeh X14 2012-ci il tarixdə rəsmi olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından bir uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. Ayrıldıqdan sonra uşaq anasının himayəsində qalmışdır. İddiaçı nikahın pozulmasında israrlıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1 ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Həmin Məcəllənin 60.4-cu maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Həmin Məcəllənin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə muqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların umumi otra təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil muəssisəsinin və təhsil formasını seçmək huququna malikdirlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, oz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq huququna malikdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın muddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən iddiaçı nikahın pozulmasına təkid etdiyindən, Hüseynov Seymur Kərim oğlu ilə X3 03 sentyabr 2012-ci ildə 33 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, 08 yanvar 2014-cü il təvəllüdlü Hüseynova Mələk Seymur qızının azyaşlı olması nəzərə alınmaqla anası Hüseynova Aytən Məhəmməd qızının yanında saxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yonəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların anasının yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Məhkəmə iddia tələbinin alimentin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını, iddiaçı X2 hər ay bir uşağın saxlanılması üçün konkret məbləğdə aliment tələb etməməsini nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş . 08 yanvar 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Hüseynov Seymur Kərim oğlundan hər ay bir uşağa görə 140 (yüz qırx) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüseynov Seymur Kərim oğlu ilə X7 arasında Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 sentyabr 2012-ci ildə 33 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından doğulmuş 08 yanavr 2014-cü il təvəllüdlü Hüseynova Mələk Seymur qızı anası X2 yanında saxlanılsın. Tərəflərin birgə nikahından doğulmuş 08 yanavr 2014-cü il təvəllüdlü Hüseynova Mələk Seymur qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün 06 aprel 2021-ci il tarixdən başlayaraq cavabdeh X6 hər ay bir uşağa görə 140 (yüz qırx) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh Hüseynov Seymur Kərim oğluna aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar