Məhkəmə qərarları › İş №2(021)-1567/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1567/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1567/2023 04.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 fevral 2021ci il tarixli, BNK5949625 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1232 (min iki yüz otuz iki) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat faiz borcu, 15 mart 2021-ci il tarixli BNK5949755 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 195 (yüz doxsan beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu, 09 aprel 2021-ci il tarixli BNK5949947 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1503 (min beş yüz üç) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat faiz borcu və 56 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3586 (üç min beş yüz səksən altı) manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında müddəti 15 ay olmaqla 26 fevral 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1358 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1232 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 3326 (üç min üç yüz iyirmi altı) manat faiz borcu yaranmışdır (1232 manat x 270 gün x 1%=3326 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 (iki yüz ) manat məbləğində tələb edir. Bundan başqa, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında müddəti 15 ay olmaqla 15 mart 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 209 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 195 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 468 (dörd yüz altımış səkkiz) manat faiz borcu yaranmışdır (195 manat x 240 gün x 1%-468 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 (yüz) manat məbləğində tələb edir. Bundan başqa, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında müddəti 12 ay olmaqla 09 aprel 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2509 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1503 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 4509 (dörd min beş yüz doqquz) manat faiz borcu yaranmışdır (1503 manat x 300 gün x 1%-4509 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 (üç yüz) manat məbləğində tələb edir. Qeyd olunanlara əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq, nümayəndəsini iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli №BNK5949625 saylı Borc Müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 1358 manat məbləğində məişət avadanlığı satılmış, Cavabdeh 38 manat ilkin ödəniş etmiş, qalan 1230 manatı 15 ay müddətinə hər ay 88 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli №BNK5949755 saylı Borc Müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 209 manat məbləğində məişət avadanlığı satılmış, Cavabdeh 14 manat ilkin ödəniş etmiş, qalan 195 manatı 15 ay müddətinə hər ay 13 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli №BNK5949947 saylı Borc Müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 2509 manat məbləğində məişət avadanlığı satılmış, Cavabdeh 505 manat ilkin ödəniş etmiş, qalan 2004 manatı 12 ay müddətinə hər ay 167 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində bağlanmış BNK5949625 saylı müqavilə üzrə ödənilməmiş 1232,00 AZN, xx.xx.2021-ci il tarixində bağlanmış BNK5949755 saylı müqavilə üzrə ödənilməmiş 195,00 AZN, xx.xx.2021-ci il tarixində bağlanmış BNK5949947 saylı müqavilə üzrə ödənilməmiş 1503,00 AZN, olmaqla ümumilikdə 2930,00 AZN əsas (qalıq) borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 56 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Soliton LTD” MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli №BNK5949625 saylı Borc Müqaviləsinə əsasən “1358 manat məbləğində məişət avadanlığı satılmış, Cavabdeh 38 manat ilkin ödəniş etmiş, qalan 1230 manatı 15 ay müddətinə hər ay 88 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixli №BNK5949755 saylı Borc Müqaviləsinə əsasən 209 manat məbləğində məişət avadanlığı satılmış, Cavabdeh 14 manat ilkin ödəniş etmiş, qalan 195 manatı 15 ay müddətinə hər ay 13 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixli №BNK5949947 saylı Borc Müqaviləsinə əsasən 2509 manat məbləğində məişət avadanlığı satılmış, Cavabdeh 505 manat ilkin ödəniş etmiş, qalan 2004 manatı 12 ay müddətinə hər ay 167 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə iddiaçı Soliton LTD MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdeh icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alqı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən əmlakı borcluya vermişdir. Borclu isə, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi qanuni və əsaslı olduğundan iddia təmin edilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 26 fevral 2021-ci il tarixli, BNK5949625 saylı nisyə Borc müqaviləsinə əsasən 1232 (min iki yüz otuz iki) manat əsas borc, 200 (iki yüz) manat faiz borcu, 15 mart 2021-ci il tarixli BNK5949755 saylı Borc müqaviləsinə əsasən 195 (yüz doxsan beş) manat əsas borc, 100 (yüz) manat faiz borcu, 09 aprel 2021-ci il tarixli BNK5949947 saylı Borc müqaviləsinə əsasən 1503 (min beş yüz üç) manat əsas borc, 300 (üç yüz) manat faiz borcu olmaqla, cəmi 3530 (üç min beş yüz otuz) manat alınaraq İddiaçı MMC -nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi tam təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 56 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 26 fevral 2021-ci il tarixli, BNK5949625 saylı nisyə Borc müqaviləsinə əsasən 1232 (min iki yüz otuz iki) manat əsas borc, 200 (iki yüz) manat faiz borcu, 15 mart 2021-ci il tarixli BNK5949755 saylı Borc müqaviləsinə əsasən 195 (yüz doxsan beş) manat əsas borc, 100 (yüz) manat faiz borcu, 09 aprel 2021-ci il tarixli BNK5949947 saylı Borc müqaviləsinə əsasən 1503 (min beş yüz üç) manat əsas borc, 300 (üç yüz) manat faiz borcu olmaqla, cəmi 3530 (üç min beş yüz otuz) manat alınaraq İddiaçı MMC -nin xeyrinə tutulsun. Cavabdeh iş üzrə ödənilmiş 56 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC -nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar