Məhkəmə qərarları › İş №2(021)-1572/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1572/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1572/2022 30.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh3 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli 2021-0056-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 Calal qızından və Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 3900,00 manat əsas borc, 1444,00 manat faiz borcu, 790,00 manat cərimə borcu, cəmi 6134,00 manat, eləcə də iddia qaldırılması üçün ödənilmiş 82 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 08 sentyabr 2021-cı il tarixdə Cavabdeh3 ərizə ilə İttifaqa müraciət etmiş, kredit verilməsi üçün xahiş etmişdir. 08 sentyabr 2021-ci il tarixdə 2021-0056-01 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 32 % kreditdən isdifadəyə görə haqq ödəmək şərti ilə 4000,00 manat məbləğində istehlak üçün kredit verilmişdir. Kreditin müqaviləsinin şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini kreditora hissə-hissə ödəməli,həm kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Borclu Cavabdeh3 09 mart 2022-ci il tarixə "xxxx" MMC-yə 4000,00 manat əsas kredit borcu, 1610,00 manat əsas məbləğə hesablanmış faiz borcu, 990,00 manat hər gecikdirilmiş günə görə hesablanmış cərimə borcu mövcuddur. Cavabdehin itifaqa ödənilmiş 466,00 manat məbləğində ödəniş ilk olaraq cərimə məbləğindən, daha sonra faiz və əsas məbləğindən çıxılır. Kredit müqaviləsi üzrə öhdəliklərini İttifaq qarşısında icra etməyən Cavabdeh3 09 mart 2022-cu il tarixə iddiaçıya 3900,00 manat əsas kredit borcu, 1444,00 manat əsas məbləğə hesablanmış faiz borcu, 790,00 manat hər gecikdirilmiş günə görə hesablanmış cərimə borcu cəmi 6134,00 manat borcu qalmaqdadır. Ona dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmişlər. Ona görə də müqavilənin şərtlərinə əməl etmədiyi üçün cavabdehə qarşı qaldırılan iddianın ümumi məbləği: 3900,00 manat əsas borc, 1444,00 manat faiz borcu, 790,00 manat cərimə borcu cəmi 6134,00 manat təşkil edir. 08 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 Calal qızı və Cavabdeh2 ilə bağlanmış 2021-0056-01 saylı zaminlik müqaviləsinin 3.1 maddəsinə əsasən borcalan İttifaq qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini lazimi qaydada və vaxtında icra etmədikdə İttifaq mülahizəsinə əsasən həmin öhdəliyin icrasını borcludan və ya zaminlərdən, yaxud onların üçündən birlikdə tələb edə bilər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli 2021-0056-01 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh3 istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 32% ödəmək şərti ilə 4000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli 2021-0056-01 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi zamin durmuşlar. İş materiallarında olan 03 mart 2022-ci il tarixli bildiriş surətindən müəyyən olunur ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 10 gün müddətində borclarını ödəmələrini, əks halda tərəflər arasında bağlanmış 2021-0056-01 saylı kredit müqaviləsinin ödəniş cədvəli üzrə ödənilməməsini nəzərə alaraq sənədlər kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Bərdə Rayon Məhkəməsinə təqdim olunacağı barədə xəbərdar edilmişlər. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, cavabdeh 08 sentyabr 2021-ci il tarixli 2021-0056-01 nömrəli kredit müqaviləsinə əsasən kredit borcunu vaxtında icra etmədiyindən, hazırda cavabdehin 3900,00 manat əsas kredit borcu, 1444,00 manat faiz borcu, 790,00 manat cərimə borcu olmaqla ümumilikdə 6134,00 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, cavabdeh borcu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh3 4000 manat məbləğində kredit alması və həmin kredit üzrə 3900,00 manat əsas kredit borcu, 1444,00 manat faiz borcu, 790,00 manat cərimə borcu olmaqla ümumilikdə 6134,00 manat məbləğində borcu yaranması sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh3 08 sentyabr 2021-ci il tarixli 2021-0056-01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3900,00 manat əsas kredit borcu, 1444,00 manat faiz borcu, 790,00 manat cərimə borcu olmaqla ümumilikdə 6134,00 manat məbləğində borcunu tam olaraq ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zaminlər Cavabdeh2 və Cavabdeh1 kreditor "xxxx" MMC-nin qarşısında borc öhdəliyinin icrasına görə borclu Cavabdeh3 ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 3900,00 manat məbləğinə mütənasib olmadığından 790,00 manat məbləğində cərimə pulunun 90,00 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh3 4000 manat məbləğində kredit alması və həmin kredit üzrə 3900,00 manat əsas kredit borcu, 1444,00 manat faiz borcu, 790,00 manat cərimə borcu olmaqla ümumilikdə 6134,00 manat məbləğində borcu yaranması sübuta yetirildiyindən iddia tələbi 3900,00 manat əsas kredit borcu, 1444,00 manat faiz borcu və 90,00 manat cərimə borcu olmaqla ümumilikdə 5434,00 manat məbləğində kredit borcunun tutulmasına dair hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh3 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli 2021-0056-01 saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 82 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin və faizlərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh3 ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli 2021-0056-01 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 3900,00 (üç min doqquz yüz) manat əsas kredit borcu, 1444,00 (bir min dörd yüz qırx dörd) manat faiz borcu, 90,00 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 5434,00 (beş min dörd yüz otuz dörd) manat məbləğində kredit borcu və 82 (səksən iki) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar