Məhkəmə qərarları › İş №2(021)-1584/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1584/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1584/2021 28.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Bayram oğluna, Cavabdeh2 Bayram oğluna və Rəhimova Gülnarə Surxay qızına qarşı borcun tutulması tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 Bayram oğlundan, Cavabdeh2 Bayram oğlundan və X1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 05 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8530.41 ABŞ dolları məbləğində əsas borc, 419.17 ABŞ dolları məbləğində faiz borcu və 1381.5 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10331.08 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-214/2017 saylı, 03 mart 2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC ilə cavabdeh Vəliyev Ruslan Bayram oğlu arasında bağlanmış 05 may 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 Bayram oğlundan, Cavabdeh2 Bayram oğlundan və X1 müştərək qaydada 8530.41 ABŞ dolları məbləğində əsas borc, 419.17 ABŞ dolları məbləğində faiz borcu və 1381.5 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10331.08 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ASC-yə verilməsi qət edilmişdir. Cavabdeh1 Bayram oğlu Bərdə Rayon Məhkəməsinin 2(021)-214/2017 saylı, 03 mart 2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə 22 iyul 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 011 aprel 2021-ci il tarixli, 2(021)-214/2017 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-214/2017 saylı, 03 mart 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bayram oğlu İddiaçı QSC ilə bağladığı 05 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 29% olmaqla 12500 ABŞ dolları məbləğində kredit götürmüşdür. 23 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kreditin qalıq məbləği 10331.08 ABŞ təşkil edir. Borcun təminatı olaraq Cavabdeh2 və X4 ilə 05 may 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqaviləsinin şərtlərini pozaraq borc öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. İddiaçı ASC-nin nümayəndəsi Hikmət Həsənli məhkəməyə teleqram göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Bayram oğluna, Cavabdeh2 Bayram oğluna və Rəhimova Gülnarə Surxay qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, olar, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 may 2014-cü saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh1 24 ay müddətinə illik 29 % olmaqla 12500 ABŞ dolları məbəğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 05 may 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən cavabdehlər X4 və Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən təqdim edilmiş 05 may 2014-cü il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 03 noyabr 2016-cı il tarixə 8530.41 ABŞ dolları məbləğində əsas borc, 419.17 ABŞ dolları məbləğində faiz borcu və 1381.5 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10331.08 ABŞ dolları borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021) 1584/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4087 nömrəli, 22 iyun 2021-ci il tarixli epskert rəyi ilə Cavabdeh1 Bayram oğlunun 03 noyabr 2016-cı il tarixə "xxxx"bank ASC-nə olan əsas borcu 8949,58 ABŞ dolları, faiz borcu 419,17 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 05 may 2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 oğluna 24 ay müddətinə illik 29% olmaqla 12500 ABŞ dolları məbəğində kredit verilmişdir. Həmin məbləğin ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. Lakin iş üzrə Cavabdeh1 Bayram oğlu müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göründüyü kimi, borclu Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər müqavilə ilə üzərlərinı götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehlər risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Göründüyü kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun iddiasının 1381,5 ABŞ dolları cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 81,5 ABŞ dolları məbləğində pulun tutulması ədalətlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bayram oğlundan və X1 əsas borc 8949,58 ABŞ dolları, faiz borcu 419,17 ABŞ dolları, cərimə borcu 81,5 ABŞ dolları İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Bayram oğluna, Cavabdeh2 Bayram oğluna və Rəhimova Gülnarə Surxay qızına qarşı borcun tutulması iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Bayram oğlundan, Cavabdeh2 Bayram oğlundan və X1 əsas borc 8949,58 ABŞ dolları, faiz borcu 419,17 ABŞ dolları, cərimə borcu 81,5 ABŞ dolları, cəmi 9.450,25 (doqquz min dörd yüz əlli dolları 25 sent) ABŞ dolları olmaqla kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar