Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1586/2021 26.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun iştirakı ilə, İddiaçı, Maraqlı şəxs Elşən oğlunun iştirakları ilə, İddiaçı İddiaçı Səməndər qızının Cavabdeh Baxşeyiş oğluna və maraqlı şəxs Aslanov Əmir Elşən oğluna qarşı cinayət əməli nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı İddiaçı Səməndər qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Baxşeyiş oğluna qarşı cinayət əməli nəticəsində vurulmuş 10.000 manat maddi, 5000 manat mənəvi və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbini onunla əsasladırmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Vağırovun icraatında olan cavabdeh Əsədov Yunis Baxşeyiş oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə başlanılmış cinayət işi vardır. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən ona 10.000 manat maddi ziyan vurulmuşdur. Belə ki, təqsirləndirilən şəxs Əsədov Yunis Baxşeyiş oğlu cinayət işinin materiallarından göründüyü kimi onun övladına ağır xəsarət yetirmişdir. İşin halları ondan ibarətdir ki, Cavabdeh Baxşeyiş oğlu ilə onun övladı X6 arasında münaqişə baş vermişdir. Həmin vaxt da Maraqlı şəxs onun oğlunun Əsədov Yunis Baxşeyiş oğlu tərəfindən bıçaqla vurmasını bildirmişdir. Cavabdeh övladına ağır zərbə vurmuşdur. Bununla bağlı övladını Gəncə beynləxalq Xəstəxanasında əməliyyat etmişdilər. Əməliyyat 27 iyun 2020-ci il tarixdə olmuşdur. Hal-hazırda oğlunu müalicə və müayinə etdirir, hətta onu qeyd edir ki, övladını xəstəxanaya güclə çatdırmışdır, buna görə o və atası ağır sterslər keçirmişdirlər. Çünki övladı əllərində ölümcül vəziyyətdə idi. Hesab edir ki, cavabdeh onlara vurduğu maddi və mənəvi ziyanı ödəməsi məqsədəuyğundur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs iddianı qəbul etməyərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Baxşeyiş oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmişdir. Lakin heç bir üzürlü səbəb olmadan Cavabdeh Baxşeyiş oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlər apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə tərəflərin izahatını dinləyib, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Bərdə rayonu İcra hakimiyyəti Başçısının Şirvanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Dəmyədağıldı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-57/2021 saylı, 05 fevral 2021-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Cavabdeh Baxşeyiş oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 27 iyun 2020-ci il tarixdən hesablanmışdır. Mülki işə əlavə olunmuş Gəncə Apelyasiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(104)-194/2021 nömrəli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh Baxşeyiş oğlunun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 1(100)-57/2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə olunmuş Epikrizin surətindən müəyyən olunur ki, X5 boynunun ön səthinin soyuq silah bıçaq yaralanması, traxeyanın kəsilmiş deşilmiş yaralanması diaqnozu ilə əməliyyat edilmiş, əməliyyat zamanı yara cərrahi işlənmiş, üzüyə bənzər qığırdaq tikilmişdir. Mülki işə əlavə olunmuş qəbzlərin surətindən müəyyən olunur ki, X5 tərəfindən Gəncə Beynəlxalq xəstəxanasına 630,00 və 1280.00 manat ödənilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişlər. Beləliklə, iş materiallarından göründüyü ki, Cavabdeh Baxşeyiş oğlu tərəfindən zərərçəkmiş şəxs X4 ziyan vurulması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ona dəymiş mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmədə tələb irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Hazırki işdən isə görünür ki, iddiaçı bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etmişdir. Ümumiyyətlə iddiaçı iddia etdiyi hadisənin onun şüuruna təsir göstərməklə hansı mənfi psixoloji reaksiyaya səbəb olması, ona hansı formada mənəvi və fiziki iztirablar yaşatması barədə də məhkəmədə gətirdiyi dəlillər inandırcı və təkzibolunmaz faktlardır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş bəzi sübutlarla qismən təsdiq edildiyindən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Baxşeyiş oğlundan 2000 (iki min) manat maddi, 2000( iki min) manat mənəvi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 4.030 (dörd min otuz) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1586/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1586/2021
26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver