Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1596/2022 24.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X7 оğlunun iclas kаtibliyi ilə, İddiаçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dаir mülki işə yazılı icraat qaydasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1068.95 manat əsas, 14.04 manat faiz borcu olmaqla, cəmi 1082.99 manat, 0,40 manat xidmət haqqının və dövlət rüsumu kimi ödənilmiş 30.83 manat pul vəsaitinin "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2020 il tarixli əsas kredit müqaviləsi üzrə ******* manat 120 ay müddətinə illik maksimum 32% olmaq şərtilə kredit xətti ayrılmış və xx.xx.2020 il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə illik 26% ödəmək şərtilə 2000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit xətti Müqaviləsinin 1.1.-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh ilə aramızda bağlanmış zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən əsasən zamin əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdeh zamin müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirlər. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. X1 xx.xx.2020-cı il tarixdə vəfat etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 349micBRD/20-EM saylı Əsas Kredit və X2 görünür ki, "xxxx" KB ASC tərəfindən cavabdeh X4 120 ay müddətinə illik 32 faiz olmaqla 100 000 (yüz min) məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 349micBRD/20 saylı Əlavə Kredit Müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən cavabdeh X4 18 ay müddətinə illik 26 faiz olmaqla 2000 (iki min) məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 349micBRD/20 saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" KB ASC ilə X5 arsında bağlanmış xx.xx.2020-ci il tarixli, 349micBRD/20 saylı Əlavə Kredit Müqaviləsi üzrə kreditor qarşısında borclunun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən X4 borcunun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 133329 saylı Ölüm haqqında şəhadətnamənin surətindən X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 349micBRD/20 saylı Kredit Müqaviləsi üzrə 12 mart 2022-ci il tarixli Proqramdan elektron qaydada çıxarılmış arayışdan görünür ki, cavabdeh X3 1068.95 manat əsas, 14.04 manat faiz borcu olmaqla, cəmi 1082.99 manat kredit borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30.83 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC ilə X1 arasında bağlanmış xx.xx.2020 il tarixli əsas kredit müqaviləsi üzrə ******* manat 120 ay müddətinə illik maksimum 32% olmaq şərtilə kredit xətti ayrılmış və xx.xx.2020 il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə illik 26% ödəmək şərtilə 2000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh ilə bağlanmış zaminlik müqaviləsinə əsasən əsasən zamin əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. X1 xx.xx.2020-cı il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir İş materiallarından göründüyü kimi, iddiaçı bank tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmişdir. Yəni, cavabdehlə kredit müqaviləsinin bağlanması, maliyyə arayışında əks olunmuş - kreditin verilmə tarixi, müddəti, faiz dərəcəsi, məbləği, əsas borcdan ödənilən məbləğ, faizdən ödənilən məbləğ, cəmi ödənilən məbləğ barədə sübutlar məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin oluna bilməz. Belə ki, borclu X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı qeyri-peşəkar formada iddia ərizəsi irəli sürərək vəfat etmiş şəxsin vərəsələrini müəyyən edib məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş, birbaşa zamin olan şəxə qarşı iddia qaldırmışdır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Məhkəmə qeyd edir ki, X4 18 ay müddətinə kredit verilmişdir. xx.xx.2020-ci il tarixli Zaminlik Müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 349micBRD/20 saylı Kredit Müqaviləsinin təminatı olaraq Cavabdeh ilə zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 477.0.4-ci madəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş tələbetmə müddətini itirmişdir. Odur ki, iddia tələbi təmin oluna bilməz. Zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Məhkəmə kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunmadığını əsas gətirərək iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli Qərarına istinad etməyi zəruri bilir. Belə ki, həmin qərarda aşağıdakı mövqeylər əks olmuşdur: Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur. Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Zaminliyin xitamı əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: - zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; - əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; - kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə xitam verilməsi hallarını nəzərdə tutan 477-ci maddəsində borclunun ölümü halının zaminlik münasibətlərinin hüquqi qüvvəsinə təsiri məsələsi tənzimlənməmişdir. Qeyd olunanlara əsaslanaraq, Konstitusiya Məhkəməsinin Plenumu zaminliyə xitam verilməsini tənzimləyən Mülki Məcəllənin 477-ci maddəsinin qanunverici tərəfindən təkmilləşdirilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30.83 manat məbləğində dövlət rüsumu iddiaçı Unibank KB ASC-yə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30.83 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1596/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1596/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver