Məhkəmə qərarları › İş №2(021)-1597/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1597/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1597/2024 16.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafeyav Lalə Ruslan qızının katibliyi, İddiaçı1. Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000,00 manat pulun və ödənilmiş 40,00 manat dövlət rüsumu pulun alınaraq İddiaçı1 xeyrinə, 500,00 manat pulun və Dövlət rüsumu hesabına ödənilmiş 30,00 manat pulun isə alınaraq İddiaçı2 xeyrinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini belə əsaslandırmışdır ki, 2022-ci ildə həmkəndliləri Bərdə rayon Nazırlı kənd sakini Cavabdeh onlara bildirmişdir ki, istifadəsində olan 0,26 ha. həyətyanı torpaq sahəsini 4500 manata satır. Belə qərara almışlar ki, 0,26 ha. torpaq sahəsini alaraq 1⁄2 hissəyə bölərək, hər birinə 0,13 ha. olmaqla alıb mülkiyyətlərinə keçirsinlər. Beləliklə, İddiaçı1 2022-ci ildə hissə-hissə 2000 manat, İddiaçı2 500 manat pulu Cavabdeh vermişdir. Pulu verəndən sonra məlum olmuşdur ki, Cavabdeh istifadəsində olan 0,26 ha. torpaq sahəsi onun mülkiyyətində deyildir. Belə olan halda verdiyi pulun qaytarılmasını tələb etmiş, ancaq hər dəfə bir bəhanə etmiş, pullarını qaytarmamışdır. Bununla bağlı polis şöbəsinə müraciət etsələr də bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, o, cavabdehə 4 ay ərzində 500 manat verməklə cəmi, 2000 manat pul vermişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, satmaq istədiyi toraq sahəsində kiçik bir ev var. O, 10 ilə yaxın həmin evdə yaşamışdır. O, Cavanşir və Qarakişi ilə həmin torpaq sahəsini onlara 4500 manata satmağa razılaşmışdırlar. Ümulikdə Cavanşirdən 2000 manat, Qarakişidən 500 manat almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı2 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən məhkəməyə müraciət etmək üçün 40 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı2 tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş diskə baxış zamani müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı2 500 manat, İddiaçı1 2000 manat aldığını etiraf etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı1, İddiaçı2 ilə Cavabdeh arasında torpaq sahəsi almaq üçün şifahi razılaşma olmuşdur. Cavabdeh İddiaçı1 2000 manat, İddiaçı2 isə 500 manat pul vermişdir. Lakin həmin torpaq sahəsinin sənədi olmamış və alqı-satqı baş tutmamışdır. Cavabdeh məhkəmə iclasında işirak etmiş, iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə və cavabdehin etirafına əsasən Cavabdeh 2000 (iki min) manat alınaraq İddiaçı1, 500 (beş yüz) manat isə alınaraq İddiaçı2 verilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən ödənilmiş 40 manat dövlət rüsumu alınaraq İddiaçı1, 30 manat isə İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat alınaraq İddiaçı1 verilsin. Cavabdeh 500 (beş yüz) manat alınaraq İddiaçı2 verilsin. İş üzrə ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 verilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh İddiaçı2 alınaraq İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar