Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1639/2024 27.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh FORD TRANZİT markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobilinə vurduğu maddi zərərin, yəni 7340 manat məbləğində pulun, 30 manat və hüquqi yardım üçün ödənilmiş 90 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sürücülük fəaliyyəti ilə məşğul olur. Ona məxsus FORD TRANZİT markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıma xidməti fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin sentyabr ayında ona məxsus avtomobildə nasazlıq (startyor) olduğu üçün Bərdə rayon Avtovağzalında yerləşən təmir sexinə getmişdir. Avtovağzalda yerləşən təmir sexində Kənan adlı elektrik işləyən ustaya yaxınlaşaraq maşınının nasaz olduğunu bildirmiş, həmin nasazlıq Kənan adlı usta tərəfindən götürülmüşdür. Ona məxsus avtomobil işləsə də, müəyyən müddətdən sonra avtomobil dayanmışdır. Bundan sonra Kənan adlı ustanın sexi ilə qonşuluqda yerləşən sexdə işləyən Tacir adlı usta ilə tanış olmuş, maşınının nasazlığını aradan qaldırmaq üçün həmin ustaya müraciət etmişdir. Tacirin işi çox olduğu üçün səhəri gün avtomobili təmir edəcəyini bildirmiş, avtomobilini usta Tacirin sexində qoyub getmiş, həmin günün səhərisi Tacirin işlədiyi sexə getmişdir. Sexə getdiyi vaxtda ona məxsus avtomobilin ehtiyat hissələrini sökülmüş vəziyyətdə görmüş, avtomobil sökülsə də təmir olunmamışdır. Ustaya sual vermişdir ki, nə üçün ona məxsus avtomobilin ehtiyat hissələrini sökmüşdür. O isə bildirmişdir ki, təmir işləri çətin olduğu üçün Bakı şəhərində işləyən usta çağırmışdır. Usta Tacirlə razılaşmış, Bakıdan Elvin adlı ustanın gəlməsinə razı olmuş, usta Tacir ona bildirmişdir ki, Elvin adlı usta ilə 300 manata razılaşmışlar. Onunla razılaşıb 300 manat pulu Tacirə vermişdir. Elvin adlı usta avtomobili təmir etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin avtomobil Tacir adlı şəxsin sexində olarkən ona məlumat vermədən avtomobilin ehtiyat hissələrini (zamok açarını, mufta qazını, nasos hissəsini, motor kitabını yandırdığı üçün motor nasaz olmuş, elektrik naqillərini, tormuzun ABS-ni beynini) sökmüş və əvəzinə digər nasaz ehtiyat hissələrini onların yerinə bağlamışdır. Bu hərəkəti ilə Tacir adlı usta ona 4500-5000 manat məbləğində ziyan vurmuşdur. Bu hadisə ilə bağlı polisə müraciət etmiş, Cavabdeh öz günahını polisdə etiraf etmişdir. 700 manat dəyərində ona məxsus avtomobilin işlək vəziyyətdə olan nasosunu çıxarıb işləməyən nasos qoymuşdur. Bundan əlavə avtomobilə, ehtiyat hissələri almaq üçün 350 manat pul vermişdir. 250 manat pul kartına ödəmə etmiş, 100 manat isə əl ilə vermişdir. Onun avtomobili usta Tacirin səhlənkarlığından 4 aydan artıq müddətdə təmir sexində qalmışdır. Həmin FORD TRANZİT markalı avtomobillə sərnişin daşıma ilə hər ay 600 manatdan çox pul qazanmışdır . Bu isə o deməkdir ki, avtomobilinin cavabdehin təqsiri ucbatından təmir sexində 4 ay müddətində qalması səbəbindən işləmədiyinə görə ona 2400 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, onun avtomobili usta Kənanın sexində bir gün qalmış, lakn cavabdehin sexində isə iki ay qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, özünə məxsus olan təmir sexində usta kimi avtomobil təmiri ilə məşğul olur. İddiaçı avtomobilini işlədiyi ərazidə olan qonşu sexə gətirmişdir. Avtomobil həmin sexdə 10 gün qalmış, lakin avtomobili işə sala bilməmişlər. O, iddiaçının avtomobilini işə salıb özünə vermiş, dəfələrlə avtomobili sürüb yoxlamışlar. İddiaçı sonradan bildirmişdir ki, maşının idarəetmə qutusu, yəni beyni (ABS sistemi), yanacaq nasosu dəyişdirilib, xarabı qoyulub. Bunlar hamısı yalandır. Sonradan məlum olmuşdur ki, avtomobilin mühərrikində problem var. Mühərrikdə problem olduğundan avtomobili başqa ustanın yanına göndərmişlər. Həmin usta avtomobilə baxmış və mühərrikdə nasazlıq olduğunu ona bildirmişdir. İddiaçı maşının düzəldilməsində ona köməklik edilməsini xahiş etmişdir. Sonradan isə iddiaçı onlara maşının detallarının oğurlandığını bildirmişdir. Avtomobil qonşu sexdə olarkən yoxlanılmış və məlum olmuşdur ki, avtomobilin yanacaq nasosunda problem var. İddiaçıya nasosun dəyişməli olduğunu bildirmişlər. Sonuncu isə pulunun olmadığını, pulu olanda gələcəyini demişdir. İddiaçı pulu olanda gəlmiş, sonuncunun avtomobilini işə salıb özünə vermişlər. İddiaçının avtomobilinə heç bir ziyan vurmadığından iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, iddiaçını və cavabdehi tanıyır. İddiaçı Yusf oğlu daimi müştərisi, Cavabdeh isə iş yoldaşıdır. Onun işlədiyi maşın təmiri sexi ilə cavabdehin işlədiyi maşın təmiri sexi qonşudur. Özü avtomobilin elektrik işlərinin təmiri ustası işləyir. İddiaçı özünə məxsus FORD TRANZİT markalı avtomobildə nasazlıq olduğundan yanına gətirmiş, nasazlığın avtomobilin “starter” deyilən hissəsindən olduğunu müəyyən etmiş, həmin hissəni sökərək təmir edib yerinə bağlamış, buna baxmayaraq avtomobil işə düşməmişdir. Sonradan müəyyən edilmişdir ki, avtomobilin yanacaq nasosunun beynində nasazlıq var. İddiaçı Gəncə şəhərində tanış ustası olduğunu bildirərək avtomobilin hissələrini götürüb aparmış, düzəltdirib gətirdikdən sonra hissələri öz yerinə bağlamış, lakin maşın yenə də işə düşməmişdir. İddiaçı ondan soruşmuşdur ki, “incimərsən ki, mən maşını verim usta Tacirə, o mənim maşınımı düzəltsin”. O da etiraz etmədiyini bildirmişdir. İddiaçının avtomobili onun təmir sexində təqribən 3 gün qalmışdır. Belə ki, bir günə hissələri sökmüş, iddiaçı sabahı gün aparıb öz deməsinə görə Gəncə şəhərində hissələri düzəltdirmiş, o biri günü isə avtomobilin hissəsini yerinə bağlamışdır. İddiaçının avtomobilinin Cavabdeh təmir sexində düzəlibdüzəlməməsindən xəbəri olmamış, o cümlədən, iddiaçının avtomobilinin Tacirin sexində neçə gün qalmasından xəbəri olmamışdır. Lakin iddiaçının avtomobili bir xeyli müddət Tacirin sexində qalmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidi dindirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Bərdə rayonu Piyadalar kəndində anadan olmuşdur, Bərdə rayonu Piyadalar kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.2002-ci ildə Bərdə rayonu Uğurbəyli kəndində anadan olmuşdur, Bərdə rayonu Uğurbəyli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli, 73 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Piyadalar kəndində yaşayır. AC 587901 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “FORD TRANSİT” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. 13 mart 2024-cü il tarixli, ƏN-İX 253735 nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” Etibarnamədən görünür ki, etibar edən X4 mülkiyyətində olan “FORD TRANSİT” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili-sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata almaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün İddiaçı etibarnamə vermişdir. Etibarnamə 1 il müddətinə verilmişdir və xx.xx.2025-ci il saat 2359-dək qüvvədədir. Bərdə Rayon Polis X2 müstəntiqi X1 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 03 dekabr 2023-cü il tarixli İlkin qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus olan “FORD TRANSİT” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilmiş hissələrinin qiyməti cəmi olaraq 3240 (üç min iki yüz qırx) manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli 360407 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı qiymətləndirmə rəyi almaq üçün 50 (əlli) manat məbləğində ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 90 (doxsan) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki mübahisənin gerçək hallarından görünür ki, iddiaçı istifadəsində olan “Ford Transit” yük markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilində nasazlıq olduğundan təmir etmək üçün maşın ustası kimi fəaliyyət göstərən cavabdehə vermiş, sonuncu isə sözügedən avtomobilin istismara yararlı olan ehtiyat hissələrini yararsız hissələr ilə dəyişdirmiş və nəticədə avtomobilə maddi ziyan vurulmuşdur. Qeyd edilənlər həm də 03 dekabr 2023-cü il tarixli İlkin qiymətləndirmə aktı ilə müəyyən olunur. Cavabdeh məhkəmə iclasında iddiaçıya məxsus avtomobili təmir etdiyini etiraf etsə də, onun ehtiyat hissələrini dəyişmədiyini bildirmiş, lakin bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ümumilikdə 7340 manat məbləğində ziyan vurulduğunu göstərsə də, 03 dekabr 2023-cü il tarixli İlkin qiymətləndirmə aktından müəyyən olunur ki, “FORD TRANSİT” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilmiş hissələrinin qiyməti 3240 (üç min iki yüz qırx) manat təşkil edir. İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ümumiyyətlə 7340 manat məbləğində ziyan dəyməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, o cümlədən həmin FORD TRANZİT markalı avtomobillə sərnişin daşıma ilə hər ay 600 manatdan çox pul qazanması, avtomobilinin cavabdehin təqsiri ucbatından təmir sexində 4 ay müddətində qalması səbəbindən işləmədiyinə görə ona 2400 manat məbləğində maddi ziyan vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə 3240 manat dəyərində maddi zərər dəyməsi sübuta yetirildiyindən iddia həmin hissədə təmin edilməlidir. İddiaçının 30 manat pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 30 manat məbləğində pulu hansı məqsədlə cavabdehdən tələb etməsini əsaslandıra bilmədiyinə görə, iddia tələbi həmin hissədə qeyri-müəyyəndir. Ona görə də iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 90 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddianın təmin olunuş hissəsinə mütənasib olaraq 52,40 (əlli iki manat 40 qəpik) mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Ford Transit” yük markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 3240 (üç min iki yüz qırx) manat məbləğində pul və 52,4 (əlli iki manat 40 qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 3292 (üç min iki yüz doxsan iki manat 40 qəpik) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1639/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1639/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver