Məhkəmə qərarları › İş №2(021)-1670/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1670/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1670/2021 29.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas məbləğ üzrə 16.957 ABŞ dolları əsas, 7.982 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla cəmi 25.439 ABŞ dolları məbləğində kredit borcunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(021)-3109/2017 nömrəli əmri ilə borclu xx xxxxxx 1955-ci il təvəllüdlü Cavabdeh1 Medun oğlundan, xx xxxxxx 1976-cı il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1964-cü il təvəllüdlü Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas məbləğ üzrə 16.957 ABŞ dolları əsas, 7.982 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla cəmi 25.439 ABŞ dolları cərimə olmaqla cəmi 25.439 ABŞ dolları məbləğində kredit borcunun tutulması qərara alınmışdır. Borclu Cavabdeh1 29 mart 2021-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(021)-3109/2017 nömrəli məhkəmə əmrininin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(021)-3109/2017 nömrəli qərardadı ilə 10 may 2017-ci il tarixli 2(021)-3109/2017 nömrəli məhkəmə əmri ləğv edilərək iş iddia icraatına keçirilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASCnin “Bərdə” filalı ilə Cavabdeh1 arasında 16 dekabr 2014-cü il tarixli 4662 saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz ödəmək şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASC-nin “Bərdə” filalı ilə Cavabdeh2 Məhər oğlu və Babayev Kərim Mejdun oğlu 16 dekabr 2014-cü il tarixli 4662 saylı zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun 16 dekabr 2014-cü il tarixli 4662 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Hazırda cavabdehin banka 16957 ABŞ dolları əsas borcu, 7982 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla cəmi 25439 ABŞ dolları borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Daha sonra iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cəmi 29445,65 ABŞ dolları, bundan 16957,76 ABŞ dolları əsas, 4223, 40 ABŞ dolları faiz, 5420,69 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 2843,80 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 oğlu iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini, kredit borcunun çox hissəsini ödədiyin, ödədiyi məbləğlərin borca deyil faizə çıxıldığını bildirərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 16 dekabr 2014-cü il tarixli 4662 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC məbləği 20000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 26% faiz olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının hissəsi olan ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 20000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 16 dekabr 2014-cü il tarixli 4662 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Məhər oğlu və Babayev Kərim Mejdun oğlu ilə cavabdeh Cavabdeh1 götürdüyü kreditin təminatı olaraq zaminlik müqavləsi bağlanılmışdır. İş materiallarında olan 06 mart 2017-ci il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh1 kredit borcunun ödənilməsi xəbərdarlıq edilmişdir. Bərdə Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixliŞ 2(021)-1670/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nairliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, 9/4351 rəydən müəyyən olunur ki, 16 dekabr 2014-cü il tarixli, 4662 saylı kreedit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 Mejdun oğlunun İddiaçı ASC-ə olan borcu əsas borc üzrə 16.976.69 ABŞ dolları, faiz borcu üzrə 5.174.26 ABŞ dolları, cəmi borcu 22150.95 ABŞ dolları təşkil edir. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə əsas borcu və ona hesablanmış faizləri cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsi üçün cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehlərdən iddiaçının xeyrinə 120,69 ABŞ dolları cərimə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 16 dekabr 2014-cü il tarixli, 4662 saylı kredit müqaviləsi üzrə 16957,76 ABŞ dolları əsas borcu, 5.174.26 ABŞ dolları faiz borcu, 120,69 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 2843,80 ABŞ dolları faiz borcu olmaqla cəmi 25096,51 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 16 dekabr 2014-cü il tarixli, 4662 saylı kredit müqaviləsi üzrə 16957,76 ABŞ dolları əsas borcu, 5.174.26 ABŞ dolları faiz borcu, 120,69 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 2843,80 ABŞ dolları faiz borcu olmaqla cəmi 25096,51 (iyirmi beş min doxsan altı dollar əlli bir sent) ABŞ dolları və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar