Məhkəmə qərarları › İş №2(021)-1743/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1743/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1743/2021 26.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiаçı BANK "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BANK "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 04 senyabr 2019-cu il tarixli, RPF- 00896-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 07 aprel 2021-ci il tarixinə ödənilməmiş 2569.8 manat əsas, 15.43 manat faiz borcu olmaqla, cəmi 2585.23 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh1 Adil qızı arasında bağlanmış 04 sentyabr 2019-cuil tarixli, RPF- 00896-16/19A saylı kredit müqaviləsi əsasında cavabdehə 60 ay müddətinə, illik 1% ödəmək şərti ilə, 12 ay güzəşt müddəti tətbiq etməklə 2584,95 manat kredit verilmişdir. Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK-01233-17/14 U saylı, 22 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 04 sentyabr 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh1 Adil qızı arasında Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üçün vahid kredit şərtləri” barəsində 04 sentyabr 2019-cu il tarixli, RPF-00896-16/19A saylı kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh2 Nadir oğlu ilə 04 sentyabr 2019-cu il tarixli, RPF-00896-16/19A saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə Cavabdeh1 2569.8 manat əsas, 15.43 manat faiz borcu olmaqla, cəmi 2585.23 manat məbləğində borc yaranmışdır. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin heç bir fayda verməmişdir. İddiaçının nümayəndəsi Nihad Abbasov məhkəməyə teleqram göndərərək, işə onların iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Quliyev Namaz Nadir oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 04 sentyabr 2019-cu il tarixli, RPF-00896-16/19A saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh1 Eldar qızına 60 ay müddətinə, illik 1% ödəmək şərti ilə, 12 ay güzəşt müddəti tətbiq etməklə 2584,90 manat kredit vermişdir. İş materiallarına əlavə edilmiş 04 sentyabr 2019-cu il tarixli, RPF-00896-16/19A saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Nadir oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 09 aprel 2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 07 aprel 2021-ci il tarixə 2569,8 manat əsas, 15.43 manat faiz borcu olmaqla, cəmi 2585.23 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 04 sentyabr 2019-cu il tarixli, RPF-00896-16/19A saylı kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 Nadir qızının aylıq ödənişi 54.96 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 12 yanvar 2021-ci il tarixli bildirişin surətindən görünür ki, iddiaçı "xxxx" ASC cavabdeh X2 iddiaçıya olan borcunu ödəməsi üçün xəbərdar etmişdir. İş materiallarına əlavə edilmiş 14 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" ASC yuxarıda qeyd edilən kredit müqaviləsinə əsasən Qyuliyeva Pərvanə Eldar qızına kredit vermişdir. Eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Nadir oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş üzrə iddiaçı "xxxx" ASC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısmda həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımmca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısmda birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, həmçinin zamin Cavabdeh2 Nadir oğlu kredit müqaviləsi üzrə Cavabdeh1 Nadir qızı iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu hər üç cavabdeh iddiaçıya ödəməlidir. Kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Eldar qızından və Quliyev Namaz Nadir oğlundan müştərək qayadada 2569.8 manat əsas, 15.43 manat faiz borcu olmaqla, cəmi 2585.23 manat kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum da cavabdehlər Cavabdeh1 Eldar qızından və Quliyev Namaz Nadir oğlundan müştərək qaydada iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Eldar qızından və Quliyev Namaz Nadir oğlundan müştərək qayadada 2569.8 manat əsas, 15.43 manat faiz borcu olmaqla, cəmi 2585.23 manat (iki min beş yüz səksən beş manat iyirmi üç qəpik) və ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 qəpik bank xidməti haqqı iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar