Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1758/2023 16.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, İddiaçı Cavabdeh qarşı 10.000 manat mənəvi ziyan tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vəzifə zəlahiyyətindən iztifadə edərək, onun mülki hüquqlartını pozaraq onda yaratdığı əsəb və təziq xəstəliyinə görə 10.000 manat mənəvi ziyanın cavabdehdən alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 127-ci maddəsinin İ və İİİ hissələrinə əsasən, hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır (Konstitusiyanın 8-ci maddəsinin İV hissəsi). “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8-ci maddəsinə görə, ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Hakimlərin müstəqilliyi prinsipi bütövlükdə məhkəmə sisteminin müstəqilliyinin vacib elementi olmaqla, hakimiyyət bölgüsü, qanunun aliliyi, ədalət, insan hüquqlarının təmin edilməsi prinsiplərinin realizəsinə yönəlmiş mühüm təminatlardan biridir. Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin müstəqilliyinin təsbit və təmin edilməsində dövlətin xüsusi publik marağı mövcud olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmənin hakimiyyətin digər qollarından, həmçinin tərəflərdən müstəqil olmasını tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Campbell və X1rşı iş üzrə 1984-cü il 28 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin “müstəqil” olub-olmamasının müəyyən edilməsi üçün aşağıdakı meyarlar nəzərdən keçirilməlidir: - hakimlərin təyin edilməsi qaydası və hakimlərin səlahiyyət müddəti; - hakimlərə təzyiqlərin yolverilməzliyinə dair təminatların mövcudluğu; - məhkəmənin zahiri müstəqilliyi. “Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri”nin “Müstəqillik” adlanan bölməsinin preambulasına əsasən, məhkəmə orqanlarının müstəqilliyi qanunçuluğun və işin məhkəmədə ədalətli həll edilməsinin əsasını təşkil edir. Bu baxımdan, hakim məhkəmə orqanlarının müstəqilliyi prinsipini şəxsi və institusional aspektlərdə həyata keçirməlidir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq, hakimlərin müstəqilliyi onların səlahiyyətli dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. Ədalət mühakiməsinin publik hüquqi məqsədlərinin hakimlər tərəfindən realizə edilməsini nəzərə alaraq qanunverici onlara münasibətdə xüsusi təminatlar müəyyən edir. Digər şəxslərlə müqayisədə hakimə daha yüksək təminatları müəyyənləşdirməklə dövlət nəticə etibarilə hakimin fəaliyyətini xüsusi dəyərləndirir, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir. Beləliklə, məhkəmənin müstəqilliyinin müstəsna publik əhəmiyyətinə xüsusi önəm verərək, qanunverici onun təmin olunmasının siyasi, iqtisadi və hüquqi mexanizmlərini müəyyən etmişdir. Siyasi təminatlara hakimlərin heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməməsi, siyasi fəaliyyətlə məşğul və siyasi partiyalara üzv ola bilməməsi kimi qadağalar aiddir. Bununla məhkəmə qərarlarının hakimlərin siyasi baxışlarından və siyasi məqsədəmüvafiqlikdən müstəqilliyi təmin olunur. İqtisadi təminatlara dövlət tərəfindən hakimlərin maddi və sosial təminatı məsələlərinin hakimin yüksək statusuna uyğun səviyyədə həll edilməsi aiddir. Hüquqi təminatlara hakimlərin dəyişilməzliyi, təyin edilməsi, vəzifədən kənarlaşdırılması və səlahiyyətinə xitam verilməsinin xüsusi qaydaları, təhlükəsizliyi, intizam məsuliyyətinə cəlb edilməsinin qaydaları, toxunulmazlığı və s. aiddir. Sorğuda qaldırılan məsələ məhkəmənin müstəqilliyinin hüquqi təminatı olan hakimlərin toxunulmazlığı ilə bağlı olduğundan, Konstitusiya Məhkəməsinin Plenumu bu təminatın bəzi xüsusiyyətlərini qeyd etməyi vacib hesab edir. Qeyd olunduğu kimi, Konstitusiyanın 128-ci maddəsi ilə təsbit edilmiş hakimlərin toxunulmazlığı onların hüquqi statusunun və fəaliyyətlərinin vacib təminatlarından olmaqla, onları hər hansı təsir, təzyiq və təqiblərdən qorumaq məqsədini daşıyır. Avropa Şurasının Nazirlər Komitəsinin “Hakimlər haqqında: müstəqillik, səmərəlilik və məsuliyyət” adlanan Tövsiyəsində qeyd edilmişdir ki, hakimlərin toxunulmazlığı onların maraqlarına xidmət edən bir üstünlük və ya imtiyaz deyil, qanunun aliliyinin təmin edilməsi, müstəqil və qərəzsiz ədalət mühakiməsini arzulayan şəxslərin maraqları naminə mövcud olan bir mexanizmdir. Hakimlərin toxunulmazlığı müxtəlif hüquq münasibətləri sahəsində realizə olunur ki, burada üç əsas istiqaməti qeyd etmək olar:
1. maddi-hüquqi toxunulmazlıq - hakimlərin mülki-hüquqi məsuliyyətinin hədlərinin müəyyən edilməsini;
2. funksional toxunulmazlıq - hakimlərin səlahiyyətləri çərçivəsində həyata keçirdikləri fəaliyyətə görə hüquqi məsuliyyətə cəlb edilməsinin yolverilməzliyini;
3. prosessual toxunulmazlıq - hakimin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinin, qətimkan tədbirlərinin seçilməsinin, habelə hakimlər barəsində istintaq hərəkətlərinin aparılmasının xüsusi qaydalarını ehtiva edir. Maddi-hüquqi toxunulmazlıq ilə əlaqədar qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 101-ci maddəsinin on birinci hissəsinə görə, məhkəmə səhvləri nəticəsində proses iştirakçısına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə hakimlər öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir. Birləşmiş Millətlər Təşkilatının 29 noyabr 1985-ci il tarixli 40/32 saylı Qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsiplərinin” 16-cı maddəsinə uyğun olaraq, daxili qanunvericilikdə hər hansı intizam qaydaları, şikayət etmək hüququ və ya dövlət tərəfindən kompensasiyanın ödənilməsi nəzərdə tutulmaqla, hakimlər öz vəzifə səlahiyyətlərini həyata keçirərkən yol verdikləri səhvlər nəticəsində yaranan maddi ziyana münasibətdə immunitetə malik olmalıdırlar. Avropa Məhkəməsinin bir sıra qərarlarında ifadə edilən hüquqi mövqeyə əsasən, hakimlərin toxunulmazlığı ədalət mühakiməsinin lazımi səviyyədə həyata keçirilməsi kimi qanuni məqsəd daşıyır... Bu, imkan verir ki, hakimlər öz səlahiyyətlərini tam müstəqil, qərarların çıxarılması zamanı diskresiyaları ziyanın dəyməsi ilə nəticələnərsə məsuliyyətin yaranmasından qorxmayaraq həyata keçirsin. Nəhayət, bu, hakimlərə diqqətlərinin qərardan narazı qalan tərəflərin davamlı iddialarına yayındırmadan, vəzifələrinin icra edilməsinə yönəldilməsinə imkan verir (Gryaznov Rusiyaya qarşı iş üzrə 2012-ci il 12 iyun tarixli Qərar və s.) Funksional toxunulmazlığa gəlincə, bu institut hakimin diskresiyasına görə, yəni işə baxılması nəticəsində gəldiyi nəticəyə və ifadə etdiyi mövqeyinə görə hüquqi məsuliyyətə cəlb edilməsini qadağan edir. “Məhkəmələr və hakimlər haqqında” Qanunda hakimlərin funksional toxunulmazlığı ilə bağlı müddəa nəzərdə tutulmasa da, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) 16.10-cu maddəsinə görə, Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsindəki fəaliyyətinə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin maddələrin tələblərinə əsasən İddiaçı Cavabdeh qarşı 10.000 manat mənəvi ziyan tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Cavabdeh qarşı 10.000 manat mənəvi ziyan tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Hakim Elsun Əhmədov